Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
İclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.
Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.
İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.
Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.