23 Dekabr 2024, Bazar ertəsi

 

Lay-lay dedim yatasan,

Qızıl gülə batasan,

Qızılgülün içində

Şirin yuxu tapasan.

İlahi, nə gözəldir sevgidir ananın məhəbbətlə övladına laylay söyləməsi. Hər an ali sevgi ilə ana öz körpəsini əzizləyir, ona vaxt ayırır, onun nə qədər sevimli varlıq olduğunu bildirir.O gecə də eyni qayğıyla ana öz körpəsini yatırmışdı. Olanlardan, olacaqlardan xəbərsiz idi həm ana, həm də körpəsi...

 

Öz dəhşəti ilə tarixin qara ləkəsi olan həmin gün,  ana və atalar övladlarını, övladlar gələcəklərini, bir şəhər hər şeyini itirdi. Həyat onlar üçün bir daha əvvəlki kimi olmadı.

Bəli. Ölüm haqqdır! Onun bizi harda gözlədiyini bilmirik, elə həmin səssiz gecədə şəhərdəki insanlar da bilmirdi...

Saat 01:00. Artıq fevral ayı təqviminə bir gecə daha əlavə edir. Sıradan günlərdən fərqlənməyən 25 fevral çərşənbə axşamı, o qanlı gecəylə əvəzlənir. Birazdan dünya səssiz, lakin addım-addım gələn tarixin ən böyük qətliamlarından birinə şahidlik edəcəkdi. Acının, işgəncənin, ölümün ən dəhşətlisini Dağlıq Qarabağ bölgəsində yerləşən balaca bir şəhər yaşayacaqdı. Adı Xocalı olan şəhər...

Bu dəhşəti düşünün.. Qulağı ana oxşamasına alışan körpələr tankların, silahların vahiməli səsi ilə oyanır. Ermənilər bir insanlıq utancı olan Xocalı faicəsini törədirlər həmin gecə.

Orda, Xocalıda  bir bacı və qardaş vardı. Ailəsi vaxtsız köçən bacı və qardaş ikinci zərbəni də elə o qanlı gecə aldılar. Qardaşın əli, qolu bağlı əsir, bacı isə azğın düşmən əlində. Çətindir ifadə etmək, düşüncəsi mümkünsüz....

Dürdanə və Elşadın başına gələnlər bir ata ilə oğlunu da gözləyirdi. Deyirlər ata-yaslandığın dağdır. Hələ bir ata vardı orda. Övladının qarşısında təpiklənən, işgəncə edilən, qüruru tapdalanan ata. İndi ata gücsüz qalıb namərd əlində ...

Mehriban Bəkirova fəryad edir. Mehriban meşədə qaçarkən qucağından 3 yaşlı körpəsini düşürüb. Xəbəri olmayıb. İlahi, dəhşətdir. Fevral soyuğunda ayaqyalın, soyuqdan əlləri donan ana deyir ki, yanımda olan digər 2 övladım ağlayırdı. Həm qaçır, həm də onları susdurmağa çalışırdım. Həmin vaxt körpəm qucağımdan düşüb. Canımdan can ayrılıb...

Orada bir Xocalı cəngavəri də var idi Əlif adında. Xocalı hava limanının komendantı Əlif Hacıyev. Həmin gecə o da digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılmışdı. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif geri çəkilmədi. Çəkilə bilməzdi. Xalqın çətin, ağır, taleyüklü günündə kənarda dayanmaq onun xislətində yox idi. Təslim olmaq Əlif Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak oldu.

Xocalı şəhər sakini Zənurə Səlimova deyir: “Sağ qalmağımızda şəhid Milli Qəhrəmanımız Əlif Hacıyevin müstəsna rolu olub. Onun sayəsində biz sağ-salamat Ağdama çatdıq. Buna görə də ömrümün sonunacan ona minnətdar qalacam...”

Həmin gecə qəlbi vətən eşqi ilə döyünən oğullarımızdan biri də igidliyinə və mərdliyinə görə “Mixaylo” ləqəbi qazanmış Tofiq Hüseynov idi.

Tofiqin vuruşması haqqında silahdaşlarından biri belə deyirdi: “Xocalı balası, yerli müdafiə dəstəsinin komandiri Tofiq Hüseynovu fevralın 26-da 366-cı alayın köməyi ilə Xocalını viran qoyan ermənilər Kətik kəndi yaxınlığında Tofiqi üç gün mühasirədə saxladılar. Üç gün ermənilərin “təslim ol” əmrini vecinə almadı. Son gülləsinə qədər vuruşub, axırda qumbara ilə özünü partlatdı. Tofiqin meyitini alarkən ermənilərdən biri deyirdi: “Mən onu tanıyırdım. Bilirdim o necə oğlandır. Onu tutmağa çalışırdıq ki, 10-15 erməniyə dəyişək. Amma o kişi kimi vuruşurdu, kişi kimi də öldü”.

Qəlbi VƏTƏN eşqi ilə yanan hər bir Xocalı sakini  o gecənin canlı şahidinə çevrildi. Üzərindən 28 il keçməsinə baxmayaraq unudulması mümkünsüzdür.

Deyirlər torpaq qan ilə qarışanda vətən olur. Aprel zəfərinin, Günnüt qələbəsinin Xocalıda yaşanması, Lələtəpədə ucalan şanlı Azərbaycan bayrağının Xocalıda sancılması arzusu ilə...

Arif Bayramov

Dövlət Miqrasiya Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR