Şahbuz rayonunda bədən tərbiyəsi və idmanın inkişafına dair müşavirə keçirilib.
Müşavirədə rayon İcra Hakimiyyətinin başcısı Rəfael Babayev çıxış edərək bildirib ki, muxtar respublikada bədən tərbiyəsi və idman siyasəti uğurla həyata keçirilir. Məhz idmana göstərilən bu qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələrdə verilən tapşırıqların icrası yeniyetmə və gənclərin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələrinə hərtərəfli şərait yaradır. 2020-ci il 1 fevral tarixdə keçirilən növbəti müşavirədə Ali Məclisin Sədri muxtar respublikada idmanın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib, müşavirədən ötən qısa zamanda “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Muxtar respublikada həyata keçirilən tədbirlər rayonumuzda da idmanın inkişafına öz təsirini göstərib və kütləviliyə nail olunaraq müəyyən uğurlar əldə edilib.
İcra başçısı diqqətə çatdırıb ki, rayonun 23 ümumtəhsil müəssisəsində müasir idman zalları, açıq idman qurğuları, rayon mərkəzində Uşaq-gənclər şahmat və İdman məktəbləri, Şahbuz şəhər stadionu, Şahbuzkənd, Kükü, Kolanı və Nursu kənd futbol meydançaları yeniyetmə və gənclərin istifadəsinə verilib. Rayonda Uşaq-gənclər şahmat və idman məktəbləri, voleybol, futbol, sərbəst güləş, yüngül atletika, şahmat, karate-do və paralimpiya federasiyalarının bölmələri fəaliyyət göstərir. Ümumilikdə, 3365 nəfər idmanla məşğul olur ki, onlardan 1143-ü qız, 2222-si oğlandır. 13 nəfər sağlamlıq imkanları məhdud olan uşaq idmanın müxtəlif növlərinə cəlb olunub.
Müşavirədə Şahbuz rayonunda 2020-ci ildə gənclər və idman sahəsində görüləcək işlərlə bağlı İcra Hakimiyyətinin tədbirlər planı təsdiq edilib.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanovun, Uşaq-gənclər idman məktəbinin direktoru Əli Gülmalıyevin və Təhsil Şöbəsinin müdiri Araz Məmmədovun çıxışları dinlənilib.
Tədbirdə 2019-cu ildə idman sahəsində fərqlənən məşqçi-müəllimlər və idmançılar mükafatlandırılıblar.
Hicran Əliyeva