23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 29-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 18-ci konfransı keçirilib.

 Konfransda təşkilati məsələyə də baxılıb, Anar İbrahimov şuranın sədri seçilib.

Qeyd edək ki, Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. O, həmçinin,  Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

***

Konfransı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sabiq sədri Sucaxan Novruzov öz ərizəsi ilə işdən azad olunub. Buna görə də şuranın növbədənkənar konfransının keçirilməsi zərurəti yaranıb.

Sonra konfransın katibliyi seçilib, gündəliyi və iş qaydası təsdiq olunub.

Şuranın sədr müavini Xatirə İbrahimli  çıxış edərək Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının hesabatını diqqətə çatdırıb, nöqsanlar qeyd olunub.  

Bildirilib ki, bir çox təşkilatlarda vaxtı keçmiş kollektiv müqavilələr yenilənməyib. Sanatoriya-kurort yollayışının verilməsində nöqsanlara yol verilib. Bu sahədə bəzi şikayətçilərin haqlı tələbləri yerinə yetirilməyib. Aparılan yoxlamalar zamanı məlum olub ki, 30-dan yuxarı ilk təşkilatlar, illik iş planında nəzərdə tutulan tədbirləri vaxtında icra etməyib, əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılmayıb.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası qarşıya qoyduğu vəzifələri layiqincə icra etməyib. Təşəbbüskarlıq yoxdur, əmək hüquqlarının qorunmasına lazımi diqqət yetirilməyib.

Gündəlikdə duran ikinci məsələ Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin seçilməsi olub. Həmkarlar İttifaqları Şurasnın sədri vəzifəsinə Anar İbrahimovun namizədliyi təklif edilib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov və “Naxçıvan Dəmir Yolları” MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Eyvaz Əsgərov bu təklifə tərəfdar çıxdıqlarını bildiriblər.

Beləliklə təklif səsə qoyulub və Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri seçilib.

Anar İbrahimov konfransda çıxış edərək göstərilən etimadı doğruldacağını bildirib.

Sonra Həmkarlar İttifaqları Şurası Məclisinin yeni tərkibi təsdiq olunub.

Bununla da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının növbədənkənar XVIII konfransı öz işini başa çatdırıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR