Fevralın 21-də Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən Türkiyənin İqdır vilayətində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Xocalıya ədalət!” devizi altında anım mərasimi təşkil olunmuşdur.
Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Xocalı soyqırımı barədə film nümayiş olunmuşdur.
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu qeyd etmişdir. Baş konsul faciənin törədilməsinin səbəb və məqsədləri, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində görülən işlərdən ətraflı bəhs etmiş, Xocalı faciəsinin mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğulamışdır.
Mərasimdə iştirak edən azərbaycanlı və türkiyəli alimlər çıxışlarında Xocalı soyqırımından və faciənin törətdiyi fəsadlardan bəhs etmiş, onun təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə həyata keçirildiyini bildirmişlər.
Tədbirdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil edilmiş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
Sonra tədbir iştirakçıları Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olmuşlar.
“Şərq qapısı”