23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikanın dinamik iqtisadi inkişaf və tərəqqisi poçt rabitəsi xidmətinin də səviyyəsinin yüksəlməsinə və maddi-texniki bazasının güclənməsinə şərait  yaratmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika sakinləri mütərəqqi poçt rabitəsi xidmətləri  ilə təmin olunmuş, xidmətin səviyyəsi ildən-ilə yüksəldilmişdir. 

 “Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 4 noyabr tarixli Sərəncamı isə bu sahədə görülən işlərin miqyasını daha da artırmışdır. Hazırda muxtar respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün qruplarına, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə poçt xidmətləri göstərilir. Poçt bölmələrinin fəaliyyəti üçün rayon mərkəzlərində və yeni inşa edilmiş kənd xidmət mərkəzlərində hərtərəfli şərait yaradılmış, poçt göndərişlərinin ünvan sahiblərinə operativ çatdırılması üçün poçt şöbələri nəqliyyat vasitələrilə təmin edilmişdir. Muxtar respublika üzrə “Naxçıvanpoçt” publik hüquqi şəxsin aparatının Poçt şöbəsi, 7 rayon filialı və 175 poçt bölməsi fəaliyyət göstərir. Onların da zəruri avadanlıqlarla təchizatı göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına təminat vermiş, “Naxçıvanpoçt” publik hüquqi şəxsin müvafiq şəbəkəsinə qoşulması təmin edilmişdir. Poçt məntəqələrində istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyyatı haqlarının yığılması və sayğacların smartkartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərindən məcburi dövlət sosial sığorta haqlarının, partiyaların, ictimai təşkilatların və ictimai birliklərin üzvlük haqlarının, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən tərtib edilmiş protokollara əsasən cərimələrin, yerli (bələdiyyə) vergilərin, habelə bank və bank olmayan kredit təşkilatına kredit borclarının ödənişləri həyata keçirilir. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən kənd yerlərində yaşayan əmək pensiyaçılarına pensiyalarının poçt bölmələri vasitəsilə çatdırılması təmin olunur. Həmçinin Naxtel 4G mobil operatoru ilə bağlanılmış müqaviləyə əsasən nömrələrin və danışıq kartlarının satışı həyata keçirilir, Hökumət Ödəniş Portalı vasitəsilə Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və digər qurumların ödənişlərinin qəbulu da poçt məntəqələrində həyata keçirilir. Məntəqələrdə nağdsız ödənişlərin təşkili üçün 179 POS-terminal aparatı qoyulmuşdur.

Son illər texnologiyanın inkişaf etməsi elektron imzadan istifadənin aktuallığını artırır, vaxta qənaət etməyə imkan yaratdığı qədər həm də harada olmasından asılı olmayaraq, hər hansı bir sənədi imzalayaraq istənilən məsafəyə tam təhlükəsiz olaraq göndərməyə imkan verir. Bundan başqa, dövlət qurumları, hüquqi şəxslər, sahibkarlar və vətəndaşlar müəyyən elektron xidmətlərdən hər hansı sayt üzərindən istifadə etmək üçün elektron imzadan yararlana bilirlər. Bu məqsədlə “Naxçıvanpoçt” publik hüquqi şəxsin aparatında server, kompüterlər, kart və pinkodların çapı üçün xüsusi printerlər qoyulmuşdur. Əhalinin müasir poçt xidmətlərinə olan tələbatının həyata keçirilməsi, həmçinin poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə aparılan təhlillərin əsasında bir sıra tədbirlər ardıcıl şəkildə davam ­etdirilir.
Naxçıvanda beynəlxalq poçtdaşımaların həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da poçt göndərişlərinin ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə də imkan vardır.
Muxtar respublikada onlayn ticarətin inkişafı poçt rabitəsi xidmətləri üzrə daşımaların həcminin artmasına da təsir göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən hərtərəfli inkişаf, sürətlə gеdən tikinti-quruculuq işləri nəticəsində poçt sahəsinin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, yeni poçt bölmələri istifadəyə verilir. Dövlətimiz tərəfindən yaradılan şərait, çəkilən zəhmət hər bir poçt işçisinin qarşısına muxtar respublika sakinlərinə nümunəvi poçt rabitəsi xidmətlərinin göstərilməsi, ən əsası isə vətəndaş məmnunluğunun təmin edilməsi kimi mühüm vəzifələr qoyur.

“Naxçıvanpoçt” publik hüquqi
şəxsin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR