Fevralın 22-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədildiyini bildirmiş, faciənin başvermə səbəblərindən danışmışdır. Qeyd olunmuşdur ki, soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmiş və Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmışdır. Baş konsul ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü xarici siyasət nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımının tanıdıldığını bildirmişdir.
Sonra Xocalı soyqırımının dəhşətlərindən və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən bəhs edən film nümayiş etdirilmişdir. Həmçinin mərasim iştirakçılarına faciəni əks etdirən videomateriallar, kitab, jurnal və bukletlər paylanılmış, soyqırımına həsr olunmuş fotostendə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Mərasimdə İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsi baş direktorunun birinci müavini Əli Piruzməneş, Şərqi Azərbaycan Vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Təbriz şəhərində nəşr olunan “Sorxab” qəzetinin 20 fevral tarixli nömrəsində “Dünya ictimaiyyətinə çağırış: Xocalıya ədalət!” başlıqlı məqalə dərc olunmuşdur.
“Şərq qapısı”