23 Dekabr 2024, Bazar ertəsi

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 28 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerləyeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III min­illiklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də xalqımıza məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.

Xocalının işğalı düşmənin əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdu. Belə ki, Xocalı hələ 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmışdı. 1991-ci ilin ok­tyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malıbəyli və Quşçular kəndlərini işğal etdilər. Həmin kənd­lərin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş erməni muzdlu döyüşçülərin hesabına işğal olundu. Xocalını əhatə edən Daş­bulaq, Mehdikənd, Ballıca, Həsən­abad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, keçmiş sovet ordusunun 366-cı moto­atıcı alayı da 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.
Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə ­hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət!” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ­ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ­ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır.
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalı qətliamını kəskin pisləyirlər. 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatı “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir.
İlbəil daha da qüdrətlənən, müdafiə potensialı artan Azərbaycan Ordusu artıq düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə, 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, xalqımız heç vaxt işğalla barışmayacaqdır. Problemin sülh və danışıqlar yolu ilə həll olunmasına sadiq qalan Azərbaycan artıq məsələnin hərbi müstəvidə qısa zaman ərzində həlli üçün də Ali Baş Komandanın əmrinə hazır olan müzəffər orduya malikdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR