22 Dekabr 2024, Bazar

Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan” Universiteti tələbələrinin və fəal könüllü gənclərin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb.
Proqrama uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan gənc­lər sonra “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” milli intellektual oyunları, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynayıb, həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub, fotomüsabiqə keçirilib. Hər günün sonunda isə gənc­lər üçün vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.
Həmçinin gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar və səhnəciklər təşkil olunub, gənc­lərdə büdcə savadlılığı layihəsi çərçivəsində “Büdcə anlayışı və ailə büdcəsinin idarə olunması” təlimi keçirilib, fəallıq göstərənlərə sertifikatlar təqdim olunub.
“Yay məktəbi”nin sonuncu günündə gənclər arasında keçirilən müsabiqə və oyunların qaliblərinə, həmçinin fəal gənclərə muxtar respublikanın Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim edilib.
60 nəfərə yaxın gəncin iştirak etdiyi “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən komitə sədri Ramilə Seyidova bildirib ki, bu il Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişinin 50 ili tamam olub. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə xalqımızın milli dəyərlər sisteminin daşıyıcısı olan ailə dəyərlərinə önəm verib, memarı olduğu dövlət ailə siyasətinin uğurla həyata keçirilməsinə həssaslıqla yanaşıb. Ulu öndərin siyasi xətti bu gün ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ailə dəyərlərimizin qorunması və yaşadılmasına diqqət və qayğı ilə yanaşır.
Komitə sədri qeyd edib ki, ailə, qadın və uşaq məsələlərinin dəyərlərimizə uyğun, cəmiyyətin inkişafına xidmət istiqamətində təbliği də zəruri hesab olunur. Çünki bu məsələlər cəmiyyətin təməlini təşkil edir. Bu baxımdan informasiya cəmiyyətinin – teleradioların, mətbuat orqanları əməkdaşlarının, həmçinin internet resursları, sosial şəbəkə istifadəçilərinin üzərinə mühüm vəzifələr düşür. Sevindirici haldır ki, kütləvi informasiya vasitələrində əhalinin, xüsusilə də ailələrin, qadınların və uşaqların maarifləndirilməsi işinə önəm verilir və bu sahədə əsaslı tədbirlər görülür. Komitə əməkdaş­ları mütəmadi olaraq mediada maarifləndirici çıxışlar edirlər.

Ardını oxu...

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə, 21 aztəminatlı ailə müəyyənləşdirilib və 14 nəfərə yanında balası olan iribuynuzlu, 3 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə 10 yeşik arı ailəsi, 1 nəfərə mini yer şumlayan aqreqat, 1 nəfərə musiqi avadanlıqları, 1 nəfərə isə dərzi avadanlıqları və materialları verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısından, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən ­aktivlərlə bağlı sənədlər təqdim olunub.

Xəbərlər şöbəsi

(Esse)

Buradan şəhərimizin aşağı məhəllələrini canlandıran mənzərələri seyr etmək mənə daha xoş gəlir. Xüsusən gümüş kəmərtək parlayan xan Arazın səltənətinin seyrinə daldıqca doyumsuz gözəlliklərin şahidi olursan. Axşam tərəfi qürub edən Günəşin şəfəqləri Arazı rəngdən-rəngə boyayır.
Gözümün önündə canlanan bir maraqlı mənzərə də var burada. Adama elə gəlir ki, burada nə zamansa yer yerindən oynayıb. Uca qayalar parçalanaraq sinəsində sevənlərə yer ayırıb. Nə zaman buraya üz tutsam, uzun-uzadı salınan pillələrlə aşağı doğru enirəm. Elə buradaca ağlıma gözəl şairimiz Muxtar Qasımzadənin bu misraları düşür...

Qaya pilləkəndən enib gəlirəm
Yanında qalmağa, Qızlar bulağı.
Bir həzin nəğməyə dönüb gəlirəm,
Mən sənin olmağa, Qızlar bulağı.

Yayda səs-səsə verən su damlalarlı, qışda buz şəlaləli Qızlar bulağı... Əfsanə və rəvayətlərdə adıçəkilən, şəninə nəğmələr qoşulan, şeirlərdə vəsf edilən nazlı təbiət gözəli... Heç düşünmüsünüzmü bura niyə “Qızlar bulağı” adlandırılıb?
Hər ziyarətə gəldiyimdə bu sualla dərin düşüncələrə qapılıram. Bəlkə də, qayaların arasından daranıb süzülən mirvari su damlaları qızların zülfünə bənzədiyi üçün buraya Qızlar bulağı adı veriblər:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında “Yay məktəbi” təşkil edilib.
Mərkəzin növbəti qonaqları Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olub. İstirahətin ilk günü olduqca maraqlı və əyləncəli keçib. Ağbulaq İstirahət Mərkəzi ilə tanış olan gənclər həmin gün futbol, voleybol, stolüstü oyunlar oynayıb, “Vətəni tanı” intellektual oyununda yarışıblar. Axşam yeməyindən sonra isə gənclərə şəhid Tural Haşımlının həyatından bəhs edən film nümayiş etdirilib.
“Yay məktəbi”nin ikinci gününə səhər gimnastikası ilə başlayan gənclər səhər yeməyindən sonra “Axtar, tap” intellektual oyunu ilə biliklərini sınayıblar. Günün ikinci yarısında isə gənclər üçün Şahbuz Rayon Mədəniyyət evinin “Batabat” instrumental ansamblı tərəfindən konsert proqramı təşkil edilib. Sonra gənclər Aprel döyüşlərinə həsr edilmiş filmə baxıblar.

Ardını oxu...

Naxçıvan torpağı ta qədimdən dadlı-tamlı meyvələri ilə dünyada tanınır. Məhz buna görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Muxtar respublikamızda meyvəçilik əhalinin əsas məşğulluq sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Sağlam qidalanmada meyvə əsas şərtdir, çünki zəngin vitamini insanlar məhz bu nemətlərdən alır. Muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, meyvə bağlarına rast gəlirik. Bağlar diyarı kimi tanınan Ordubad rayonu isə öz meyvələri ilə xüsusilə seçilir.

Bu yerlərin torpağı, havası, suyu lap əzəldən meyvəçiliyin inkişafına əlverişli zəmin yaradıb. Bu aqrar sahə min illər boyu Ordubad sakinlərinin başlıca məşğuliyyət sahələrindən birinə çevrilib. Bol, keyfiyyətli, həm də rəngarəng çeşidli təzə meyvə, meyvə qurusu və meyvə şirələri istehsalçısı kimi Ordubadın şan-şöhrəti hər yana yayılıb.
Tarixi mənbələrdə qeyd olunur ki, Karteliya və İrəvan quberniyalarında keçirilən meyvəçilik sərgilərində Naxçıvan və Ordubaddan gətirilib nümayiş etdirilən meyvələrin şöhrəti hər yerə yayılıb. Ta qədimdən bu bölgə ərik bağları ilə daha çox məşhur olub. Bağlarda yetişdirilən müxtəlif növ əriklər dünyada mövcud olan ərik növləri içərisində birinci yerdə dayanıb.
Ordubadın xüsusi ləzzəti, şirinliyi, rəngi, qırmızı yanaqları və ətri ilə fərqlənən əriyi haqqında daha ətraflı məlumat almaq üçün bağban Əbdül Haşımovla həmsöhbət olduq. O qeyd etdi ki, güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi olan Ordubad rayonunda tarixən yetişdirilən, ölkəmizin müxtəlif bölgələrinə yayılan ərik sortlarının bərpası, yaşadılması bu gün əsas məqsədlərdən biridir. Ordubadın torpağı əzəldən münbit olduğundan meyvələri də dadlı-ləzzətli olur. Vaxtilə Ordubadda 40 növdə ərik yetişdirilib. Bu sahədə Dəstə, Vənənd və bir sıra kəndlər xüsusilə seçilib. Bu kəndlərdəki bağlarda öz dadı və ətri ilə seçilən əbutalibi, haqverdi, şalax, göycənabat, ağcanabat, badam-ərik, növrəstə, balyarım, kababı və digər ərik növləri yetişdirilib. Əbutalibi əriyi hələ 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb.

Ardını oxu...

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası cari ilin ötən dövrü ərzində də davam etdirilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də hərbi xidmətdən yeni tərxis olunan şəxslərin məşğulluqlarının təmin edilməsidir.
Hərbi xidmətdən təxris edilmiş Naxçıvan şəhərindən olan gənc­lərlə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər, Babək rayonundan olan gənclərlə Babək rayon, Şərur, Kəngərli və Sədərək rayonlarından olan gənclərlə xidmətin Şərur rayon idarələrində, Ordubad və Culfa gəncləri ilə xidmətin Ordubad, Şahbuz gənc­ləri ilə xidmətin Şahbuz rayon şöbələrində görüş keçirilib.
Tədbirdə hərbi xidmətdən yeni tərxis olunan gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və digər məsələlərlə bağlı məlumatlar verilib.
Gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı­ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Tədris müddətində olduğu kimi, yay tətili günlərində də məktəblilərin asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülür.
Bu tədbirlərdən biri də məktəblilərin asudə vaxtlarını, istirahətlərini xoş və mənalı keçirmələri üçün milli musiqi və rəqs nömrələrindən ibarət əyləncəli və yaddaqalan konsert proqramının təşkilidir.
Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında açıq havada təşkil olunan konsertdə mərkəzin dərnək üzvlərinin iştirakı ilə “Əlvan çiçəklər” rəqs qrupunun rəqs nömrələri, trio rəqs, musiqi nömrələri və şeir nümunələri, “Nağara” ansamblının çıxışları iştirakçılara təqdim edilib.
Tədbirdə Naxçıvan şəhər tam orta məktəblərinin müəllim və şagirdləri, məktəbdənkənar tərbiyə müəssisələrinin isə dərnək rəhbərləri və dərnək üzvləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, sığorta işinin daha da dərinləşdirilməsi, hər bir vətəndaşda sığorta şəhadətnaməsinin olmasının təmin edilməsi, sığorta mədəniyyətinin daha da yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Ardını oxu...

İcbari tibbi sığorta vətəndaşların mənafeyinə yönəlmiş, onların keyfiyyətli tibbi xidmət və dərmanlarla təmin olunmasına yardım edən bir sistemdir. Bu sistemin həyata keçirilməsi ilə insanların hər hansı bir xəstəliyi vaxtında aşkar edilir, onlar böyük xərc çəkmədən müalicə oluna bilirlər. Dünyanın əksər ölkələrində çoxdan həyata keçirilən bu sistemin respublikamızda da bir neçə ildir, tətbiqinə başlanılıb. Söz yox ki, yaxın gələcəkdə Azərbaycan vətəndaşları da həmin sistemdən istifadə etməklə onun bütün yaş qrupundan olan insanlar, xüsusilə də uşaqlar üçün nə dərəcədə faydalı olduğunu görəcəklər. Bir çox ilklərə imza atılan muxtar respublikamızda isə icbari tibbi sığortanın tətbiqinə 2017-ci ildən başlanılıb. Qısa zaman ərzində bu sahədə xeyli işlər görülüb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov bu sahədə görülən işlər barədə suallarımızı cavablandırdı.

– Vüsal müəllim, muxtar respublikamızda icbari tibbi sığortanın tətbiqi insan amilinə verilən ən böyük dəyərdir. Bunu deməyə əsas verən başlıca səbəb isə bu işin ilk olaraq sərhəd bölgəsində yerləşən Sədərək rayonunda həyata keçirilməsidir. Ümumilikdə, tibbi sığortaya keçidin mahiyyəti nədən ibarətdir?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti yaylaqlarda səyyar baytarlıq xidməti təşkil edib. Lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş səyyar baytarlıq xidməti Şahbuz rayonunun Keçəldağ yaylağının Qanlıgöl, Taxca yurd, Qıvraq, Xok, Qarabağlar, Dəmirçi, Əyri qar, Xanlıqlar obalarında olub.
Muxtar respublikanın Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov sahibkarlarla görüşüb, onlara göstərilən baytarlıq xidmətinin təşkili, eyni zamanda yaylaqlarda epizootik vəziyyət barədə məlumat alıb. Sahibkarlar baytarlıq xidmətindən razılıq edib, heyvanlar arasında heç bir xəstəlik olmadığını bildiriblər. Vəli Novruzov yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar baytar həkimlərə tövsiyələr ­verib.
Yaylaqlarda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev – 1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilib, maarifləndirmə işləri aparılıb, bukletlər təqdim olunub.
Növbəti xidmət isə Ağbulaq obasında aparılıb.

Xəbərlər şöbəsi

Doğma və qədim diyarımızın gündən-günə çiçəklənməsi, sosial­-iqtisadi inkişafı və mövcud turizm imkanları tələbata uyğun yeni xidmət sahələrinin yaradılmasını da zərurətə çevirir. Aparılan quruculuq işlərində də bu amil əsas ­götürülür.
Xüsusən yay aylarında həm yerli sakinlər, həm də muxtar respublikamıza gəlmiş qonaqlar şəhərimizdəki müasir restoran və digər iaşə müəssisələrinin xidmətlərindən tez-tez istifadə edir, istirahətlərini yaxşı keçirməyə çalışırlar. Naxçıvan şəhərində müasir memarlıq üslubunda tikilən “Görüş yeri” kafesi də fəaliyyətə başladığı dövrdən yerli sakin­lərin və şəhərimizin qonaqlarının sevimli məkanına çevrilib.
Fotomüxbirimizlə birlikdə işdən sonra həm istirahət etmək, həm də kafe haqqında məlumat əldə etmək üçün sözügedən ünvana yola düşürük. Bizi kafedə müəssisə rəhbərinin köməkçisi Emin Ələkbərli qarşılayır. Söhbətimiz zamanı bildirir ki, başlıca məqsədimiz müştərilərə yüksək­keyfiyyətli xidmət etməkdir. Gülərüz personalın göstərdiyi operativ və mədəni xidmətlə yanaşı, gələn qonaqların rahat istirahəti üçün burada hər cür şərait yaradılıb. Xeyli sayda işçinin çalışdığı restoranda qonaqları qarşılayıb yola salan xidməti personalın peşəkarlığına, əcnəbi dil bilməsinə xüsusi fikir verilir, onların əməkhaqlarının yüksək olması da diqqətdə saxlanılır.

Ardını oxu...

Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nə start verilib.
Mərkəzin ilk qonaqları aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar olub. Ümumilikdə, 45 uşağın iştirak etdiyi dördgünlük “Yay məktəbi”ndə Ağbulaq kəndi ərazisinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, yazı və digər müsabiqələr, intellektual yarışlar, diskussiya və seminarlar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi təşkil edilib. Bundan başqa, Azərbaycan filmləri nümayiş olunub, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tərəfindən səhnəciklər də göstərilib, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert pro­qramı ilə çıxış ediblər.
İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəallıq göstərən uşaqlar mükafatlandırılıblar. “Yay məktəbi” müddətində uşaqlar Naxçıvan mətbəxinin ləziz yeməkləri ilə təmin olunublar.
Qeyd edək ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

Uşaq ikən ən sevimli məşğuliyyətimizdən biri həyətdə, bağda əkilən tut ağaclarının altına toplaşmaq, çırpılan tutdan dadmaq və küləyin xəfif əsintisi ilə ağac altına sərilən tutları toplamaq idi. Toplayırdıq, çünki bizim əvəzedilməz qış azuqələrimizdən biri məhz tut olurdu. Çox sevirdik qışda bir yerə yığılıb tut qurusu ilə cəviz yeyərək şirin-şirin söhbət etməyi. Hətta deyərdim ki, qışboyu süfrəmizdən tut-çərəz əskik olmaz, evə gələn qonaqlar da xoşluqla nübar edərdilər. Bəlkə, elə bu xüsusiyyətlərinə görə qədim zamanlardan tutu evə xeyir-bərəkət gətirən nemət, tut ağacını isə müqəddəs hesab ediblər. Tut ağacı əsrlərlə yaşamaq, bir neçə nəsli də öz kölgəsi altına toplayıb böyütmək qüdrətinə malik idi. Qədimdə tut ağaсlarına sitayiş edər, ona nəzir gətirər, qarşısında qurban kəsərdilər.

“Tut” sözü qədim türk dilində də yurd, düşərgə, məskən anlamlarını ifadə edirdi. Vaxtilə ibtidai insanlar onun meyvəsilə qidalanır, kölgəsində dinсəlir, möhkəm budaqlarından silah, odunсağından yanaсaq kimi, sonralar isə qopuz, saz düzəltmək üçün istifadə ediblər.

Ardını oxu...

(Esse)

Haqqında danışacağım şəhər bizə çox yaxındır, yaşadığımız, hər gün sübhü onunla açdığımız, Günəşi qüruba birgə yola saldığımız, müqəddəs torpağımıza təmas edən sinəsindən şırımlanan yollarla, küçələrlə, parklarla addımladığımız şəhərdir. Bizi evdən işə, işdən evə,  yeni-yeni sabahlara, gələcəyə aparan, uşaqlığımızın, gəncliyimizin şahidi, yaşlılığımızın həmdəmi, xatirələrimiz, düşüncələrimiz, bir də ki qürurumuzun ünvanıdır bu şəhər.  Sizə haqqında danışacaqlarımı özü mənə danışan bu şəhər Naxçıvan şəhəridir. Bəs o necə danışır? Bu barədə fikirlərimi sizinlə bölüşüm, siz də dinləyin.  Bəlkə də, mənim bu şəhərə məhəbbətimin sonsuzluğundandır ki, hər yerdə onunla dialoqa girir, söhbətini dinləyirəm.  Həm də sanki bu söhbətlərdə bir musiqi ritmi var, o,   həzin bir melodiyaya çevrilib axır qulaqlarıma. Belə qənaətə gəlirəm ki, bu şəhər bir musiqi əsəridir. Sözləri də, bəstəsi də özünə aid bu musiqi əsərinin adı isə “Şəhər özündən danışır”dır.  

…O danışır, mən dinləyirəm. Tarixindən – dünənindən, bu günündən danışır. Diqqət edin, siz də görəcəksiniz bu şəhərin danışdığını, siz də dinləyəcəksiniz onun söhbətlərini. Çıxın bu şəhərə səhər-səhər, axşam-axşam. Tamaşa edin onun hüsnünə. Danışacaq bu şəhər özündən. Gecələrinin ulduz tək sayrışan işıqlarının büllur dənizə bənzər sularında Nuhun gəmisinə əyləşin, “Dünya tufanını” dinləyin bu şəhərdən, o sizə minilliklərdən söhbət açacaq. Nuhun gəmisi ilə yaşıd olduğundan, Gəmiqayanın sirrindən, İslam mədəniyyətinin beşiyini yürgələməsindən, Manna, Midiya, Atropatena, Əhəmənilər, Ərəb xilafəti, Xürrəmilər hərəkatı, Salarilər, Rəvvadilər, Səlcuqlara şahidliyindən, 40 ilədək Atabəylər dövlətinin paytaxtı olmasından danışacaq. XIII əsr monqol işğalından, Hülakülər, Elxanilər dövründən, XIV əsrin Qızıl Ordasının Toxtamışından, Əmir Teymurun 14 illik Əlincə “sevdasından”, Naxçıvanda intişar tapmış Hürufilik təriqətindən, bu təriqətin yaradıcısı Fəzlullah Nəiminin Əmir Teymurun oğlu Miranşah tərəfindən edamına şahidliyindən söz açacaq. Dinlədikcə onun söhbətlərini, nənələrimizin soyuq qış gecələrində isti soba başında danışdıqları doyumsuz nağılların qəhrəmanlarını tapacaqsınız bu şəhərdə. Müharibələr, işğallar, mübarizələr, müdafiələr, qəhrəmanlıqlar əsr-əsr bu şəhərin tarixini, bu gözəl coğrafi mövqeyə həsədi, onu əldə etmək istəklərini qoyur ortaya. Səfəvilər dövlətinin onu fəth etdiyini, XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri ucbatından əldən-ələ keçən, dəfələrlə qarət olunaraq dağıdılmasını “xatırlayır” bu şəhər. Naxçıvan xanlığı dövründən, bu xanlığın paytaxtı olmasından, Kəngərlilərdən bəhs edir, Türkmənçay, Qars, Moskva müqavilələrinə paytaxt kimi münasibətini bildirir. Erməni daşnaklarının başına gətirdikləri oyunları hər daşına, qayasına hopan faktlarla səsləndirir, Araz-Türk Respublikasının, Naxçıvanın muxtariyyətinin yaradılmasının səbəblərini açıqlayır şəhər. Bu söhbətlərdə bəzən çarəsizlikləri, bəzən haqsızlıqları, bəzən də mübarizliyi, əyilməzliyi duyuram.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası may ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasında “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində “Maliyyə savadlılığı” üzrə “Gələcəyini planlaşdır” mövzusunda 289 qadının iştirakı ilə 7 təlim keçirilmiş, təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Eləcə də “Ümummilli lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda və 15 may – Beynəlxalq Ailə Günü münasibətilə tədbirlər keçirilmişdir. Belə ki, yeniyetmə və gənclərin uzun­ömürlü ailələrlə görüşü təşkil edilmiş, aztəminatlı, çoxuşaqlı ailələrə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş və ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
Ordubad rayonunun Bist kəndində yaşayan, evliliklərinin 70 illiyi tamam olan uzunömürlü Tahirovlar ailəsinin yubileyi qeyd edilmiş, ailəyə hədiyyə verilmişdir.
Həmçinin “Təbriz” restoranında Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilmiş, 7 ailənin evliliklərinin yubileyləri qeyd olunmuş, tədbirdə iştirak edən 19 ailəyə hədiyyələr verilmiş və tədbir bədii hissə ilə davam etdirilmişdir.

Ardını oxu...

Qəzetimizin kollektivi ilə bir əzizimizin yaxınının vida mərasimində eşitdik bu acı xəbəri. Uzun illər birgə çalışdığımız Ruqiyyə Əliyevanın – öz işinə, öz yoldaşlarına, doğma kollektivə sədaqətli bir insanın dünyasını dəyişdiyi, əbədiyyətə qovuşduğu xəbəri içimizi göynətdi, yaman göynətdi... Hələ çox göynədəcək, hər korrektor otağına girəndə, iş yoldaşlarımızın ad günlərində, toy mərasimlərində, digər tədbirlərdə onu görməyəndə bu ağır itki ilə üz-üzə qalmaqdan qaça bilməyəcəyik. Onu da düşünürəm ki, bu itki bizi belə göynədirsə, onun qohum-­əqrəbası buna – Ruqiyyə xanımın yoxluğuna necə ­dözür?
...2002-ci ilin əvvəllərində “Şərq qapısı”nda işə başlayarkən Ruqiyyə Əliyevanın öz işinə necə tələbkar olduğunu gördüm. Tələbkar olduğu qədər də iş yoldaşlarına qarşı mehriban və səmimi bir insan idi. Baş korrektor işlədiyi dövr ərzində qəzetdə yetişən korrektorların hamısının müəllimi o olub desəm, – heç də yanılmaram. Hələ 50 yaşını qeyd etdiyimiz tədbirdə bunu gənc korrektorlar etiraf etdilər. Onun savadlı korrektor olmasının ifadəsi idi ki, öz kitablarını çapa hazırlayan müəlliflər məhz Ruqiyyə xanımdan onların kitablarının korrektoru olmasını xahiş edirdilər. O da bu işi təmənnasız olaraq yerinə yetirirdi. Elə bu sətirlərin müəllifinin 2004-cü ildə çapdan çıxmış “Şam ömrünün nağılı” adlı kitabına da Ruqiyyə xanım “əl gəzdirmişdi”.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud övladlarımızın da özlərini cəmiyyətə yararlı hesab etmələri üçün hər cür şərait yaradılıb 

Təhsil bütün dövrlərdə cəmiyyət həyatının inkişafını təmin edən, onu irəliyə aparan amil olub. Çünki biliksiz cəmiyyətlər tarixin qaranlıq küncünə yuvarlandığı kimi, intellektli cəmiyyətlərin də daim inkişaf etdiyini bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur. Müasir dövrdə isə qloballaşan dünyada insan zəkasının səyi nəticəsində qazanılan nailiyyətlər elm və təhsili hərtərəfli inkişafın təkzibolunmaz dayağına çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Bu gün Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Maddi dəyərlərin insan kapitalına çevrilməsi prinsipi muxtar respublikamızda həyata keçirilən təhsil quruculuğu tədbirlərinin əsasını təşkil edir. Onu da xatırladaq ki, ötən əsrin 90-cı illəri bu günümüzlə müqayisə­olunmaz dərəcədə acınacaqlı idi. Bugünkü gəncliyin valideyn və müəllimlərindən, həmin dövrə aid mətbuat və ədəbiyyat səhifələrindən də öyrəndiyi kimi, blokada vəziyyətinə salınmış Naxçıvanda digər sahələrlə yanaşı, təhsilin də vəziyyəti ürəkaçan deyildi. Sovet dövrünün yadigarı olan məktəb binalarının yararsız hala düşməsi, maddi-texniki bazanın yetərli səviyyədə olmaması, yanacaq və enerji çatışmazlığından istilik problemlərinin baş alıb getməsi təkcə şagirdləri deyil, maddi təminatı çox-çox aşağı olan müəllimləri də məktəbdən didərgin salmışdı. Qışın soyuq günlərində bölüşdürülən məhdud yanacaq hesabına neft sobası ilə qızdırılmağa çalışılan sinif otaqlarında oturmaq əsl məşəqqət idi.

Ardını oxu...

İyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kinozalında “Şərikli çörək” filminin eşitmə və danışma qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə vasitəsilə nümayişi təşkil olunub. Əsas məqsəd proqramın mətninin jest dili əsasında eşitmə və danışma qabiliyyəti məhdud tamaşaçılara çatdırılmasından ibarətdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu may ayında nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmişdir. Fond əmək pensiyaçılarına pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmişdir. Bu məqsədlə tələb olunan 11 milyon 829 min manat vəsait pensiyaçıların plastik kart hesablarına köçürülmüş və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılmışdır. Həmçinin məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilmişdir.
Pensiya hüququ yaranmış vətəndaşlara fond tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada pensiyaların təyinatı üçün müvafiq işlər görülmüşdür. Belə ki, 141 vətəndaşa əmək pensiyası təyin olunmuşdur ki, bunlardan 89-u yaşa, 20-si əlilliyə, 32-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hesabat dövründə fərdi uçot sistemində işlər davam etdirilmişdir. Fond muxtar respublikada əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını diqqətdə saxlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyevin 2019-cu il 23 aprel tarixli “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamının icrası vaxtında təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Muxtar respublikamızda insanların mənalı istirahətinin təmini istiqamətində lazımi tədbirlər görülür, yeni-yeni istirahət və əyləncə mərkəzləri qurularaq sakinlərin istifadəsinə verilir. 2014-cü ilin iyul ayında Naxçıvan şəhərində çimərliyin fəaliyyətə başlaması insanların doğma diyarımızda bu istirahət növündən yararlanmasına imkan yaradır.

İyunun 17-də Naxçıvan şəhər çimərliyində növbəti mövsümün başlanması münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib. Burada futbol və voleybol meydançaları da yaradılıb. Bu da isti yay günlərində sakinlərin və diyarımıza üz tutan qonaqların istirahətlərinin səmərəli təşkilinə imkan verəcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” növbəti təlimi yekunlaşıb. Təlim Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram əsasında keçirilib.
Naxçıvan şəhərində təşkil edilən üçgünlük təlim zamanı iştirakçılara pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumat verilib. Diskussiya şəraitində keçirilən təlimlərdə suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik edib, 16 təlim iştirakçısına sertifikatlar təqdim olunub. İştirakçılar qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

Muxtar respublikada torpaqların münbitliyinin artırılması, heyvandar­lığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi əhəmiyyət daşıyır.

Yaylaq mövsümü cari il iyun ayının 10-dan başlanıb. Mal-qara yay otlaqlarına qaldırılmaqla növbəli otarma sistemindən istifadə edilir. Otlaqların məhsuldarlığını artırmaq üçün otlaq sahəsinin istifadəçiləri və ya icarədarları bu sahələrdən təyinatı üzrə yararlanmağa, buradakı su mənbələrindən səmərəli istifadəyə, otlaq sahələrində mərz (sərhəd) nişanlarının qorunmasına çalışmalıdırlar. Onlar köç yolu və mal-qara düşərgəsindən təyinatı üzrə istifadə etməli, yataqlar və otlaqlararası xüsusi yollarla gediş-gəlişə, lazımsız yol və cığırların salınmasına imkan verməməlidirlər. Otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət edilməli, həmin ərazilərdə iribuynuzlu heyvanların naxır halında otarılmasının qarşısı alınmalıdır. Nizamsız və ya həddindən artıq otarma torpaqda qida elementlərinin azalmasına, torpaqların bərkiməsinə və çim qatının əhəmiyyətli dərəcədə məhv olmasına təsir göstərir. Onun yaxşı istifadə olunması torpağın deformasiyaya uğramasının qarşısını alır, həm də ot sıxlığı o qədər də dəyişmir. Bunun üçün otlaqların suvarılmasına, sahələrə üzvi və mineral gübrələrin verilməsinə, kol-kosdan və daşdan təmizlənməsinə də diqqət göstərilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi muxtar respublika ərazisində aparılan ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən yerlərdə aparılan maarifləndirici tədbirlərlə yanaşı, biçin dövrü ərzində taxıl sahələrində işləyən kənd təsərrüfatı texnikalarına, fiziki şəxslərə və “Naxçıvan Aqro­lizinq” Açıq Səhmdar Cəmiyyətinin və onun rayon bazalarına məxsus kombaynlara yanğına qarşı baxışlar keçirilib, onların sürücüləri və mexanizatorları ilə yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirici izahat işləri aparılıb. Taxıl tədarükü olunan un dəyirmanlarında, yem anbarlarında və saxlanclarda yanğın-texniki müayinələr keçirilərək bu sahədə çalışan işçilər yanğın təhlükəsinə qarşı maarifləndirilib.
Fövqəladə Hallar Nazirliyi biçin dövründə aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını bir daha tövsiyə edir:

Ardını oxu...

Muxtar respublikada yaşıllıq sahələrinin artırılması istiqamətində tədbirlər cari ildə də mütəşəkkilliklə davam etdirilir. İyun ayının 8-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Həmin gün Naxçıvan şəhərinin sakinləri tərəfindən Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında və şəhər qəbiristanlığında yaşıllıqlara aqrotexniki qulluq göstərilib və təmizlik işləri görülüb.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun Püsyan kəndindəki yaşıllıq ərazilərində ağacların qurumuş budaqları budanıb, ağartma işləri ­görülüb, Yuxarı Daşarx kəndində 25 kiloqram müxtəlif sort meyvə dənələri əkilib, park və xiyabanlarda qadınların iştirakı ilə gül kolları alaq otlarından təmizlənib.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Naxçıvan-Şahbuz magistral yolunun kənarlarında ağacların dibləri alaq otlarından təmizlənərək suvarılıb, ağartma və budama işləri görülüb.
Bağlar diyarı Ordubad rayonunda da həmin tədbirlər həyata keçirilib.

Ardını oxu...

Martın sonlarında qəfil yağan qarın soyuğundan üşüyüb daş altına sığınan utancaq bənövşələrin günəşlə doyunca baxışaraq yenidən boy göstərdiyi bu yaz günlərində ucqar bir dağ kəndinə gəlib, ətri ilə insanı məst edən çiçəkləri, gur şırıltısı ilə zehni yüngülləşdirən dağ çayını və səhər saat 5-dən başlayan qaynar həyatı görənlər iş-gücə baxmayıb bir gün yenə buraya gəlməyi çox arzulayır. Yaşıllığa bürünmüş kəndi üzük qaşı kimi dövrələyən sərt qayalı dağlardan həzin-həzin axan bulaqların gözündən bir ovuc su içib dərindən nəfəs aldıqca bu dünyada yaşadığınız ən gözəl günləri də dostlarla paylaşmaq yerinə düşər. 

Hələ qədimdə soyuq qış gecələrində isti kürsünün başında oturub səbirlə yazın gəlişini gözləyən dədə-babalarımız, – yazın bir günü, yayın bir həftəsi, payızın yarısı, qışın hamısı, – deyiblər. Doğrudan da, yazda Günəşin doğmasından da erkən oyanan kəndli sabahın ilk şəfəqlərindən başlayaraq onu gözləyən işlərinin arxasınca tələsir. İş də ki maşallah, bir deyil, beş deyil. Kəndin büllur kimi saf, təmiz havasını, suyunu, aşıb-daşan meyvəsinin, bal-qaymağının dadını heç nə ilə dəyişməyən bu torpağın sakinlərinin yaz günlərindəki başdan aşan işlərini saymaqla bitməz. Yalnız dolanışıq üçün ala-babat bir iş tapıb gün keçirmək istəyən “şah tənbəlləri”nin əksinə olaraq bugünkü işgüzar kənd­li həyətində yüzə yaxın arısı, bir o qədər toyuq-cücəsi, 5-10 baş mal-qarası, yaxud 50-60 qoyun-quzusu olmasa, necə deyərlər, qaralı (qərarı) gəlməz. Hamı bilir ki, yay aylarında belə, dağ kəndlərinin qonaq-qarası əskik olmaz. Bir də baxdın ki, hələ yay təzə girəndə şəhərdən uşaqların tələbə yoldaşları tökülüb gəldilər. Aranın 40 dərəcə istisindən qaçıb kəndin sərinliyində xumarlanan belə əziz qonaqlara geniş süfrə açmaq üçün kəndlinin evində nə desən var. Odur ki, bu cür bir həyat tərzinə alışmış insanların bu yaz günlərində əl-ayağını kəndirlə bağlasan da, bir yerdə duran deyil.

Ardını oxu...

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğuna, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiələrinin gücləndirilməsinə, aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının artırılmasına əlverişli şərait yaradıb. 2019-cu ilin ötən dövrü ərzində də dövlət proqramının  icrası davam etdirilib.

İlin əvvəlində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb və boş iş yerləri müəyyənləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbinə uyğun olaraq keçirilən peşə kurslarına 8-i sağlamlıq imkanları məhdud şəxslər olmaqla, ümumilikdə, 118 nəfər kurslara cəlb edilib. Bununla yanaşı, həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində 32-si sağlamlıq imkanları məhdud şəxs olmaqla, 1099 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilib. Bu dövrdə 115 nəfər müvəqqəti, 64 işaxtaran sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib. Onlardan 10-u sağlamlıq imkanları məhdud şəxsdir.

Ardını oxu...

5 iyun – Ümumdünya Ətraf Mühiti Mühafizə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya Tərbiyə Mərkəzi Naxçıvan şəhər 17 nömrəli orta məktəbdə tədbir keçirib.
Tədbiri mərkəzin direktoru Rasim Rüstəmov açıb. Mərkəzin dərnək rəhbəri Lətafət İsmayılova “Ətraf mühitin mühafizəsində məktəblilərin rolu” mövzusunda çıxış edib.
Qeyd olunub ki, ölkəmizdə, eləcə də muxtar respublikada da iyunun 5-i ətraf mühitin mühafizəsi günü müxtəlif tədbirlərlə qeyd edilir. Bunun ifadəsidir ki, əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin 0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm 20 faiz təşkil edir. Bu isə hər ilin yaz və payız fəsillərində muxtar respublikamızda keçirilən iməciliklər və ilboyu yaşıllıqlara qulluq göstərilməsi hesabına mümkün olub.
Sonda məktəbin həyətyanı sahəsində ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərilib.

 Xəbərlər şöbəsi

Son illər ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişlənməsi istiqamətində muxtar respublikamızda da silsilə tədbirlər keçirilir.
Ətraf mühitin mühafizəsinin şagirdlər arasında təbliğ olunması, onlara ekologiyamızın qorunmasının əhəmiyyətinin bir daha çatdırılması məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Yaşıllıqlara qulluq” aksiyası keçirilib. 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə keçirilən aksiya çərçivəsində ümumtəhsil məktəblərinin ərazilərində olan yaşıllıqlara qulluq göstərilib, ərazi alaq otlarından təmizlənib, suvarma işləri aparılıb, qurumuş ağacların yerlərinə dənələr basdırılıb.

Xəbərlər şöbəsi


Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Dünyanın əksər ölkələrində hər il iyun ayının 1-i “Uşaqları Beynəlxalq Müdafiə Günü” kimi qeyd olunur.
Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu ­öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkə­mizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünya­görüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazır­lamalıyıq”, – deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli bir vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Bu günümüzü gələcəyə aparacaq körpələrə hələ ki, uşaq kimi baxırıq. Ancaq bu gün heç birimiz deyə bilmərik ki, onlar sabah xalqımız üçün kimlər olacaq... Bu gün öz adını əbədiyaşarlıq zirvəsinə yazdırmış dahilərimizin ailələri, yaxınları, ən əsası müəllimləri ­zamanında bunu bilirdilərmi?
Dövlətimizin həyata keçirdiyi tədbirlərin balacaları da əhatə etməsinin təməlində məhz onların sabahımız üçün gərəkli vətəndaş olmalarını təmin etmək missiyası dayanır. Muxtar respublikamızda bu məsələnin tamamilə öz həllini tapması üçün 20 ildən çoxdur ki, məqsədyönlü tədbirlər həyata ­keçirilir.
... Hər gün işə gələrkən rastlaşdığım uşaqların təbəssümlü baxışları illər öncə yaşadığım hissləri mənə yenidən yaşadır.
Məqsəddən bir qədər uzaqlaşdım. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki uşaq bağçasının yanından hər gün bir neçə dəfə keçsəm də, bu gün ilk dəfə bağçanın həyətinə daxil oluram. Qayğısız uşaqların şən gülüşlərini eşidirəm, qeyri-ixtiyari dayanıb onların oyunlarına baxıram:
– Bənövşə!
Bəndə düşə!
Bizdən sizə kim düşə?
Əks tərəfdən cavab gəlir...
Məni qarşılayan bağçanın müdiri Zülfiyyə Əsədova olur:

Ardını oxu...

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onlara cansağlığı, firavan həyat arzulayıblar. Qeyd olunub ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə in­teqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Mərkəzin baş həkimi Rəsmiyyə Xasıyeva göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. Sonra 18 nəfər sağlamlıq imkanları məhdud uşağa bayram münasibətilə hədiyyələr verilib. Tədbirin bədii hissəsində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla ­Teatrının aktyorlarının ifasında bir-birindən maraqlı tamaşalar nümayiş olunub, uşaqlar üçün bayram ab-havası yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət bütün sahələrdə olduğu kimi, sosial sahədə də ciddi nailiyyətlərin əldə olunmasını təmin etmişdir. İslahatlar nəticəsində sığorta-pensiya sistemində davamlı inkişaf təmin edilmiş, həmçinin sosial sığorta prinsiplərinin gücləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstə­lərin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili həyata ­keçirilir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Ürək- damar cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov və universitetin Tədris Cərrahiyyə Klinikasının Ümumi reanimasiya şöbəsinin müdiri Cavid Paşayev may ayında Naxçıvan Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində ezamiyyətdə olublar. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış 4 xəstə üzərində aorta-koronar şuntlama əməliyyatları aparılıb və damar dəyişdirilib.
Əməliyyatdan sonrakı mərhələdə ağırlaşma müşahidə edilməyib və xəstələr Kardioreanimasiya şöbəsindən Kardiocərrahiyyə şöbəsinə köçürülüblər.
Qeyd edək ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin müdiri İntiqam Fətullayev və orta tibb heyəti əməliyyatlarda yüksəkixtisaslı həkimlərlə birgə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Hər səhər evdən işə gedərkən qarşılaşdığım, gözəl və səliqəli məktəbli formasında dərsə tələsən uşaqlar... Valideynlərinin əlindən tutub onları suallarla yoran balaca fidanlar... Onları gördükcə uşaqlığım gözlərimin önündə canlanır. Heç bir zaman geri qayıtmağını istəmədiyim uşaqlıq... Heç bir zaman unutmadığım, Naxçıvan şəhərindəki internat məktəbində oxuduğum o çətin illər. Qış günlərində neft sobaları ilə qızdırılan sinif otaqları. Neft iyi, qapqara olan paltarlarımız...
Heç yadımdan çıxmaz, müəllimimiz bizə “Bizim şəhər” adlı inşa yazmağı tapşırdı. Həmin gün lampa işığında ağ vərəqə nə yazacağımı saatlarla düşündüm. Boynu­bükük şəhərimdən nə yazım? Toz-torpaq içində itib-batan şəhərimi necə təsvir edim? Parklardakı köhnədən qalmış uşaq əyləncə qurğularına həsrətlə baxdığımızı necə qələmə alım? Tozlu və kələ-kötür yollara tab gətirməyən ayaqqabılarımızı görəndə körpə ürəyimizin necə parçalandığını hansı sözlərlə ifadə edim? Bunları yaza bilmədim. Amma nə yaxşı ki o dövrdə uşaqlığımızın çətinliklərini qələmə alan cəsarətli naxçıvanlı jurnalistlər olub.

Ardını oxu...

Dünən Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən ­danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək müasir cəmiyyətdə sığortanın əhəmiyyətindən və onun gələcək inkişaf perspektivlərindən danışıb. Bildirilib ki, muxtar respublikada da sığorta işinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır.
Sığorta ödənişlərinin əhəmiyyətindən bəhs edən baş direktor vaxtında sığorta müqaviləsi bağlamağın faydalı cəhətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, ötən müddət ərzində Sədərək rayonunda hüquqi və fiziki şəxslərin sığortaya cəlb olunması istiqamətində bir sıra işlər görülüb. Nəticədə, rayonda cari ilin ötən dövründə sığorta haqlarının toplanması ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, sığorta müqavilələrinin sayı isə 61 ədəd artıb. Rayonda müxtəlif sığorta növləri üzrə mövcud vəziyyət təhlil edilərək qeyd olunub ki, görülmüş işlərlə bərabər, bəzi icbari sığorta növləri üzrə müqavilələrin bağlanılmasında çatışmazlıqlar da vardır.

Ardını oxu...

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə vətəndaşlara ödənilən təqaüd və sosial müavinətlərin məbləğləri artırılır, yeni təqaüdlər təsis edilir. Məlum olduğu kimi, ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə cari ilin aprel ayından etibarən sosial müavinətlər və təqaüdlərin məbləği artırılıb.

İnsanların güzəranının daha da yaxşılaşmasına xidmət edən və əhali arasında böyük razılıqla qarşılanan bu artım muxtar respublikamızda yaşayan sosial qayğıya ehtiyacı olan şəxsləri də sevindirib. Artıq öz müavinətlərini artımla almış vətəndaşlar dövlətimizin onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmiş belə qərarlarından məmnunluğunu bildirir, minnətdarlıq edirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında son 24 ildə yaşıllıq sahələrinin həcmi dəfələrlə artırılaraq ümumi ərazimizin 20 faizini təşkil edir.

Bu istiqamətdə görülən işlər cari ildə də mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.

Mayın 25-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.

Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Şahbuz yolunun kənarındakı terrasda və avtobus parkının yaxınlığındakı ərazidə ağacların diblərini alaq otlarından təmizləmişlər. Həmin gün “Gənclər bağı”nda da iməcilik keçirilmiş, bağa aqrotexniki qulluq göstərilmişdir.

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri Qarxun kəndinə gedən yolun kənarlarında və Yuxarı Daşarx kəndindəki 1 hektarlıq meyvə bağında ağacların diblərini alaq otlarından təmizləmiş, ağartma və suvarma işləri görmüşlər.

Ardını oxu...

(Mənsur şeir)

Bu gündən dünənə… Baxır, hey baxıram. O uşaqlıq, bu uşaqlıq… O oyunlar, bu oyunlar… Uşaqların bir-birinə o sevgisi, bu sevgisi… Həyət dolu uşaqlar, həyat dolu uşaqlar. Məhəllələrin səsi-küyü, sevinci, şaqraq gülüşlü uşaqları. Nə oyunlar oynayardıq. “Qəcəmə daş”dan başlardıq. Bunun üçün saatlarla daş axtarıb yığar-yığar, daha sonra içindən yumruların, rənglilərin seçərdik ki, gözoxşayan, əlimizə yatan olsun… Qəcəmənin ən qəşəngi çaylaqlarda tapılardı. Hələ gözdən oğurlanıb daş yığmağa yollanardıq... Bu daşlarla günləri biz edərdik baş. Nə bir qüssə, nə bir kədər, deyə-gülə o qayğısız uşaqlığı bu daşlarla atar-tutar, barmaqların on çeşidli formasından keçirərək qalib olar, xoş saatlar yaşayardıq… Bu tək bir daş oyunumu? Xeyr. Bu daş oyunu zəkamızı artırardı, göz yaddaşı bəxş edərdi uşaqlara. Əllərimizin bir andaca hərəkəti saatlarla bir idmana bərabərdi. Daşlaşardı o mənalı uşaqlığımız bu daşlarda. Gün, ay nədir? – ötən, gedən. Qalan nədir? – tək xatirə…

Tək “Qəcəmə daş”mı? Xeyr. “Evcik-evcik” oyunumuz da var idi. Daşıyardıq ev-eşikdən palaz-paltar, qab-qacaq, gəlinciklər küçəmizə. Bir guşəyə palaz açıb “evimizi” qurardıq biz. Biri ata, biri ana, biri də bala olardı. Çox sevimli ailəmizdə olanları evciklərə daşıyardıq. O illərin “Evcik-evcik” oyunundan yaddaşlara nələr hopub? Unudulmayan ən gözəli quru lavaşı ovub, üstünə də xırdalanmış pendir səpib “ailə” üçün hazırlanan yemək olub. Necə şirin yeyərdilər uşaqlar bu “yeməyi”. Uzun illər bu “yeməyi” xəyallardan ala bilmir… Bir sözümüz birimizə bəd gələndə küsüşərdik, küsülülük yuxumuzu ərşə çəkər, küsülülük bitənədək əzab çəkər, barışmağa can atardıq.

Ardını oxu...

Hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində faydalı hesab edilən Darıdağ arsenli suyundan səmərəli istifadə olunması məqsədilə 1978-ci ildə burada Darıdağ Arsenli Su Müalicəxanası ­tikilib, 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında müalicə turizminin inkişaf etdirilməsi üçün Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin yaradılması sahəsində müvafiq tədbirlər davam etdirilir.
Yeni yaradılacaq müalicə-istirahət kompleksi ətrafında sağlamlığın, estetik gözəlliyin təmin edilməsi və əlverişli ekoloji mühitin yaradılması üçün yaşıllaşdırma tədbirlərinə də xüsusi önəm verilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa Rayon İcra Hakimiyyəti ilə birgə hazırladığı tədbirlər planına uyğun olaraq Darıdağ Arsenli Su Müalicəxanası ətrafındakı 7 hektar ərazidə toxumla əkin işləri aparılıb. Həmin əraziyə xas olan 50 kiloqram badamça, həmərsin, yemişan toxumları əkilib.
Bu tədbirdə nazirliyin xüsusi mühafizə statuslu idarələrinin əməkdaşları və rayon ictimaiyyətinin könüllüləri iştirak ediblər. Kompleks ətrafındakı ərazilərdə iqlim və relyef xüsusiyyətləri nəzərə alınaraq toxumla əkin işləri müntəzəm şəkildə aparılacaq.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Bu yaxınlarda havası sərin, suyu saf və təmiz, səsi ilə sakitlik bəxş edən çayı gur olan doğma kəndimizə getmişdim. Yaz aylarında kəndimizi daha da gözəlləşdirən bir səbəb də uca dağlarının yetirib-bitirdiyi, min bir dərdin dərmanı olan bitkiləridir. Elə mən də buraya gəlmişkən nanə, kəklikotu, quzuqulağı, turşəng və digər faydalı bitkilərdən yığmaq üçün yollanıram dağa.

Bir tərəfində qoyun-quzunun mələşdiyi, digər tərəfində öz gözəlliyi ilə ətrafa hakim kəsilən lalələrin baş qaldırdığı vüqarlı və əzəmətli dağa yaxınlaşdıqca kəklikotunun, nanənin xoş ətri gəlir. Dağ ətəklərində bitən lalələrdən toplamaq məni həm uşaq kimi sevindirir, həm də zirvəyə qalxmaq həvəsimi artırır. “Lalələr” mahnısını zümzümə edə-edə gəlirəm cənnətməkan adlandırdığım, bütün xəstəliklərin müalicə məkanı kəklikotularla dolu çəmənliyə. Bura ayaq basmağa belə, qıya bilmirəm, çünki öz sadəliyi və ətri ilə insanı cəlb edən bitkiləri ayaqlamaqdan qorxuram. Daşların üstü ilə gəzə-gəzə kəklikotulardan toplayıram. Digər bitkilərlə müqayisədə hələ təzə və balaca olmasına baxmayaraq, ilk baxışda seçmək olur kəklikotunu. Ətrafında kolluqlar olmasa daha da inkişaf edərdi. Bu düşüncə ilə əyilib bir kəklikotu dərirəm. Onu yaxından qoxulamağa ehtiyac yoxdur. Ələ alan kimi bihuşedici ətri bütün ətrafı bürüyür və istər-istəməz valeh olursan.

Ardını oxu...

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar açıb. Bununla əlaqədar ailə əməyinə əsaslanan fərdi təsərrüfatların təşkilinə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün rayonlar üzrə, ümumilikdə, 18 aztəminatlı ailə müəyyənləşdirilib və 14 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə inkubator aparatı, 1 nəfərə isə dülgər avadanlıqları verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi görülən ekoloji tədbirlərin nəticəsidir. Bu sahədə həyata keçirilən tədbirlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, çox sayda meyvə bağları, yaşıllıq zolaqları salınıb. Bu tədbirlər hesabına bu gün muxtar respublika ərazisinin 20 faizini meyvə bağları və yaşıllıq zolaqları təşkil edir.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir. Mayın 18-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Kəngərli rayonunun Çalxanqala kəndinə gedən yolun kənarlarında, Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı ərazidə ağacların diblərini alaq otlarından təmizləyib və suvarma işləri görülüb.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri Gümüşlü kəndində və müəssisə-təşkilatların iməci­lik ərazilərində analoji tədbirləri həyata keçiriblər.

Ardını oxu...

Hər bir xalq fenoloji müşahidələr əsasında təbiətdə baş verən dəyişikliyi izləyir. Qışda başqa yerlərə getmiş köçəri quşların geri qayıtması, yuva qurması, bitkilərin cücərib çiçəklənməsi və bunların az fərqlə hər il eyni vaxtda təkrarlanmasının şahidi oluruq. Məhz bu dəyişikliyə uyğun olaraq təsərrüfat işləri planlaşdırılır.

Ardını oxu...

Yaz fəslində doğma diyarımızdan başqa bir yerə səyahət edən  elə bir şəxs  tapılmaz ki, uzaqda yaşayan qohumlarına Naxçıvanın bərəkətli torpaqlarında  bitən yaz pencərlərindən pay aparmasın. Əslində, Naxçıvanda olan pencərlərin eynilərindən Azərbaycanın başqa rayonlarında da bitir. Amma digər nemətləri kimi bu torpağın pencərinin də dadını heç yerdə almaq olmur. Ona görə də uzaq rayonlarda, başqa yerlərdə yaşayanlara ən dəyərli sovqat elə qədim torpağın min dərdin dərmanı sayılan bitkiləri olur. Yazda təzəsi, qışda isə ­qurudulmuşu. 

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyəti ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ərazisindəki dağ yamaclarında 15 hektara yaxın sahədə toxumla bərpa işləri aparılıb.
Əkində Ağbulaq kəndinin təbiətinə xas olan həmərsin, badamça, yemişan və yabanı alça toxumları əkilib.
Rayonun idarə, müəssisə, təşkilatlarının və Şahbuz Dövlət Təbiət Qoruğunun 500-ə yaxın əməkdaşının iştirak etdiyi əkin işlərinə kənd sakinləri də qoşulub. Əkin zamanı sahələrə 500 kiloqrama yaxın toxum səpilib.

Xəbərlər şöbəsi

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq muxtar respublikamızda ailələrə göstərilən dövlət qayğısından danışıb.
Qeyd olunub ki, muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu sahədə mühüm işlər görülür, aparılan sosial siyasət ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsinə, həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün Naxçıvan Muxtar Respublikasında 97 mindən çox ailə yaşayır. Bütün kateqoriyalardan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə təsis olunub və 25 ildir ki, bu gün qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda ailə özü də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Analitiklər belə hesab edirlər ki, ailə həm də dövlətin əsas sabitlik və inkişaf faktorudur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq ­demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi iqtisadiyyatın bütün sahələri üzrə müsbət dinamikanın qorunub saxlanılmasına imkan yaradıb. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin də əhatə dairəsinin genişlənməsinə səbəb olub. 

Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Təkcə son 15 ildə minimum əməkhaqqı və pensiyaların bir neçə dəfə artırılması da qeyd olunanları təsdiq edir. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilib. Belə ki, martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının artırılaraq 180 manat müəyyən edilməsi, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə sosial müavinətlərin həcminin artırılması, əhalinin həssas qrupları üçün Azərbaycan Respublikası Prezidentinin yeni təqaüdlərinin təsis edilməsi isə sosial qayğıya daha çox ehtiyac duyan aztəminatlı ­ailələrə göstərilən yüksək diqqət və qayğının daha bir təzahürüdür.

Ardını oxu...

Sadəcə dörd hərf – ailə... İki nəfərin nikahda bir-birinə uzun bir yolçuluqda yolyoldaşı olmağa söz verdikləri an “doğulur” ailə. İlk  cümləsi “xoşbəxt olun”la başlayan, lakin qarşıda hələ ömrün düz dörd fəslindən bəhs edəcək kitabın yazılmasını bir imza ilə gerçəkləşdirənlər gətirir bu  ailəni dünyaya. Bir-birinə ömür-gün yoldaşı olmaq istəyənlərin  bir qələmlə  yazdıqları ailə kitabı,  ömür kitabı... Dörd fəsilli bu kitabı vərəqləyərkən öncə təbiətlə insanın vəhdəti gəlir gözlər önünə. İnsanmı təbiəti, təbiətmi insanı yaratmış? Bu, təbii ki, hələ bir sirr olaraq qalmaqdadır. Lakin bu iki varlığın oxşarlığıdır insanı düşündürən. Nə qədər bənzərdir təbiətlə insan... Uşaqlıq ilk bahar, gənclik bahar-yay, orta yaş payız, qocalıq qışdır. Hələ insan kimi uzunömürlü ola bilən  ailələr də  təbiətə, onun dörd fəslinə bənzərdir.

Yeni qurulan ailə ilk bahara bənzəyir. Torpaq altından yavaş-yavaş pöhrə verən və gələcəyin barı-bərəkəti olacaq taxıl zəmilərinə, fidanları yenicə əkilən, lakin qarşıda dünyaya ətir saçacaq gül plantasiyalarına bənzəyir. Ailənin ilk baharında iki gənc ev qurmağa, qoca nənələrimiz demişkən, yurd-yuva sahibi olmağa can atırlar. Ata-analar gənc ailənin qayğıları ilə yaşayır, onların da ev-eşik sahibi olmaları üçün çalışırlar. Bir azdan baharın ən gözəl çağı – min bir rəngli çiçəklərin təbiətə səpildiyi, hər yerə ətrini saçdığı dövrü gəlir ailənin. Dünyaya körpə gəlir. Dünənədək iki gəncin sevgisiylə dolan mənzilə yeni nəfəs qatılır. Ev-eşik, divarlar körpə qoxusu verir. Bu qoxu iki gənci valideyn edir, çiyinlərinə böyük bir məsuliyyət qoyur. Övladlarını alırlar qucaqlarına. Dünyanın ən gözəl sevgisi olan övlad sevgisi nə qucağa sığır, nə mənzillərin otaqlarına... Bu sevgi bir ovuc boyda olan, lakin nələr-nələr sığdıra bildiyimiz ürəyimizə sığır. Ata-ana olur insan. Elə bu zaman da ata-ana qədrini bilməyə başlayırıq. Yuxusuz gecələr, qayğılı gündüzlər anamızı andırır bizə. “Bir ailəm var, məsuliyyəti tam mənim üzərimdədir” hissi atamızı xatırladır bizə. Sanki baba-nənələrimizin “ata-ana olmayan bilməz valideyn qədrini” deyimini də məhz bu zaman dərk edirik...

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR