Muxtar respublikada torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi əhəmiyyət daşıyır.
Yaylaq mövsümü cari il iyun ayının 10-dan başlanıb. Mal-qara yay otlaqlarına qaldırılmaqla növbəli otarma sistemindən istifadə edilir. Otlaqların məhsuldarlığını artırmaq üçün otlaq sahəsinin istifadəçiləri və ya icarədarları bu sahələrdən təyinatı üzrə yararlanmağa, buradakı su mənbələrindən səmərəli istifadəyə, otlaq sahələrində mərz (sərhəd) nişanlarının qorunmasına çalışmalıdırlar. Onlar köç yolu və mal-qara düşərgəsindən təyinatı üzrə istifadə etməli, yataqlar və otlaqlararası xüsusi yollarla gediş-gəlişə, lazımsız yol və cığırların salınmasına imkan verməməlidirlər. Otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət edilməli, həmin ərazilərdə iribuynuzlu heyvanların naxır halında otarılmasının qarşısı alınmalıdır. Nizamsız və ya həddindən artıq otarma torpaqda qida elementlərinin azalmasına, torpaqların bərkiməsinə və çim qatının əhəmiyyətli dərəcədə məhv olmasına təsir göstərir. Onun yaxşı istifadə olunması torpağın deformasiyaya uğramasının qarşısını alır, həm də ot sıxlığı o qədər də dəyişmir. Bunun üçün otlaqların suvarılmasına, sahələrə üzvi və mineral gübrələrin verilməsinə, kol-kosdan və daşdan təmizlənməsinə də diqqət göstərilməlidir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə sahibkarlarla, fermerlərlə, fərdi təsərrüfat sahibləri ilə otlaq ərazilərində görüşlər keçirilir, otlaqlardan düzgün istifadə edilməsi, torpaqların münbitliyinin bərpası və artırılması sahəsində mövcud qanunvericiliyin tələbləri onlara izah edilir.
Cari ildə yay otlaq sahələrində və örüşlərdə qiymətləndirmə işləri aparılıb, Batabat, Qanlıgöl, Keçəldağ, Dəmirli yurdu və Göygöl ətrafı yaylaqlardan səmərəli istifadəyə dair maarifləndirici tədbirlər keçirilir. Bu sahədə görülən işlərin məqsədi otlaqların yem ehtiyatlarını qorumaqla yanaşı, torpaqların səhralaşmasının qarşısını almaqdır.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti