Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən komitə sədri Ramilə Seyidova bildirib ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişinin 50 ili tamam olub. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə xalqımızın milli dəyərlər sisteminin daşıyıcısı olan ailə dəyərlərinə önəm verib, memarı olduğu dövlət ailə siyasətinin uğurla həyata keçirilməsinə həssaslıqla yanaşıb. Ulu öndərin siyasi xətti bu gün ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ailə dəyərlərimizin qorunması və yaşadılmasına diqqət və qayğı ilə yanaşır.
Komitə sədri qeyd edib ki, ailə, qadın və uşaq məsələlərinin dəyərlərimizə uyğun, cəmiyyətin inkişafına xidmət istiqamətində təbliği də zəruri hesab olunur. Çünki bu məsələlər cəmiyyətin təməlini təşkil edir. Bu baxımdan informasiya cəmiyyətinin – teleradioların, mətbuat orqanları əməkdaşlarının, həmçinin internet resursları, sosial şəbəkə istifadəçilərinin üzərinə mühüm vəzifələr düşür. Sevindirici haldır ki, kütləvi informasiya vasitələrində əhalinin, xüsusilə də ailələrin, qadınların və uşaqların maarifləndirilməsi işinə önəm verilir və bu sahədə əsaslı tədbirlər görülür. Komitə əməkdaşları mütəmadi olaraq mediada maarifləndirici çıxışlar edirlər.
Vurğulanıb ki, ənənəvi media ilə yanaşı, sosial şəbəkələrin də ailə dəyərlərinin təbliğində rolu heç də az deyildir. Ona görə də sosial şəbəkələrdə nümunəvi uzunömürlü ailələrin həyat yollarını, xalqımıza, dövlətimizə fədakarlıqla xidmət edən qadınlarımızı, istedadlı uşaqlarımızı daha geniş təbliğ etməliyik.
Ramilə Seyidova komitə tərəfindən keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi haqqında ətraflı məlumat verib, müsabiqə qaliblərini təbrik edib. Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında ailə dəyərlərimizin təbliğinə həsr edilmiş yaradıcılıq müsabiqəsinin əhəmiyyətindən danışıb, mətbuat orqanlarında ailə dəyərləri ilə bağlı dərc olunan yazılardan ətraflı bəhs edib.
Televiziya və Radio Şurasının üzvü Sara Əzimova qeyd edib ki, bu müsabiqədə hər il muxtar respublikada fəaliyyət göstərən teleradio əməkdaşları da fəal iştirak edir, uğurlu nəticələr qazanırlar. Ailə dəyərlərinin təbliğində ictimai rəyi formalaşdıran kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyanın üzərinə böyük vəzifələr düşür.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov muxtar respublikada ailə dəyərlərinə göstərilən diqqət və qayğıdan söhbət açıb.
Tədbirdə müsabiqənin qalibləri elan olunub, “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyaları üzrə 2 nəfər qalib gəlib. Müsabiqə iştirakçılarından 2 nəfər II, digər 2 nəfər III yerə, 6 nəfər isə həvəsləndirici yerlərə layiq görülüb. Qaliblərə komitə tərəfindən diplom, hədiyyə və pul mükafatları verilib.
Müsabiqəyə təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olub, “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film nümayiş etdirilib.
Qeyd edək ki, müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 41 nəfər tərəfindən 117 film və foto təqdim olunmuşdu.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti