Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti yaylaqlarda səyyar baytarlıq xidməti təşkil edib. Lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş səyyar baytarlıq xidməti Şahbuz rayonunun Keçəldağ yaylağının Qanlıgöl, Taxca yurd, Qıvraq, Xok, Qarabağlar, Dəmirçi, Əyri qar, Xanlıqlar obalarında olub.
Muxtar respublikanın Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov sahibkarlarla görüşüb, onlara göstərilən baytarlıq xidmətinin təşkili, eyni zamanda yaylaqlarda epizootik vəziyyət barədə məlumat alıb. Sahibkarlar baytarlıq xidmətindən razılıq edib, heyvanlar arasında heç bir xəstəlik olmadığını bildiriblər. Vəli Novruzov yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar baytar həkimlərə tövsiyələr verib.
Yaylaqlarda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev – 1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilib, maarifləndirmə işləri aparılıb, bukletlər təqdim olunub.
Növbəti xidmət isə Ağbulaq obasında aparılıb.
Xəbərlər şöbəsi