22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi muxtar respublika ərazisində aparılan ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən yerlərdə aparılan maarifləndirici tədbirlərlə yanaşı, biçin dövrü ərzində taxıl sahələrində işləyən kənd təsərrüfatı texnikalarına, fiziki şəxslərə və “Naxçıvan Aqro­lizinq” Açıq Səhmdar Cəmiyyətinin və onun rayon bazalarına məxsus kombaynlara yanğına qarşı baxışlar keçirilib, onların sürücüləri və mexanizatorları ilə yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirici izahat işləri aparılıb. Taxıl tədarükü olunan un dəyirmanlarında, yem anbarlarında və saxlanclarda yanğın-texniki müayinələr keçirilərək bu sahədə çalışan işçilər yanğın təhlükəsinə qarşı maarifləndirilib.
Fövqəladə Hallar Nazirliyi biçin dövründə aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını bir daha tövsiyə edir:

Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri ot biçini və taxıl yığımı qurtaranadək yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla bağlı kənd təsərrüfatı əməkçiləri arasında müvafiq maarifləndirmə işlərinə geniş yer verməlidir.
Taxıl biçimində iştirak edən hər bir şəxs yanğına qarşı təlimat keçməli, əlaltı vasitələrlə təmin edilməli və bundan sonra texnikaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verdikdən sonra işə buraxılmalıdır. Məhsul yığımı dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir.
Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələri və atqı borusunun ara qatları saz vəziyyətdə olmalıdır.
Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə örtüksüz və ya örtüyü açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxs tərəfindən, eləcə də motorsuz işə salınması, əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra kombaynların sahələrdə qalması, onda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi cəhətdən yol verilməzdir. Biçin dövrü ərzində texnikaların təmiri, xüsusən də qaynaq işlərinin aparılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi fikir verilməlidir.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr məsafədə tayalanmalıdır. Taxıl yetişdiyi üçün zəmiləri yanğından qorumaq məqsədilə xüsusi keşikçilər ayrılmalıdır.
Biçin zamanı taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına, maşınların tarla şəraitində yanacaqla təmin edilməsinə yol ­verilməməlidir.
Taxıl xırmanları bina və tikililərdən 50, taxıl zəmilərindən isə 100 metrlik məsafədə yerləşdirilməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, ətrafı isə 4 metr enində şumlanmalıdır.
Biçindən sonra əkin sahələrini yandıran fermer və torpaq mülkiyyətçilərinin diqqətinə çatdırırıq ki, artıq ötən ildən “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerlərinin yandırılması qadağan edilib.
Qeyd etmək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilərlər.
Taxıl biçini dövründə hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR