22 Dekabr 2024, Bazar

Sadəcə dörd hərf – ailə... İki nəfərin nikahda bir-birinə uzun bir yolçuluqda yolyoldaşı olmağa söz verdikləri an “doğulur” ailə. İlk  cümləsi “xoşbəxt olun”la başlayan, lakin qarşıda hələ ömrün düz dörd fəslindən bəhs edəcək kitabın yazılmasını bir imza ilə gerçəkləşdirənlər gətirir bu  ailəni dünyaya. Bir-birinə ömür-gün yoldaşı olmaq istəyənlərin  bir qələmlə  yazdıqları ailə kitabı,  ömür kitabı... Dörd fəsilli bu kitabı vərəqləyərkən öncə təbiətlə insanın vəhdəti gəlir gözlər önünə. İnsanmı təbiəti, təbiətmi insanı yaratmış? Bu, təbii ki, hələ bir sirr olaraq qalmaqdadır. Lakin bu iki varlığın oxşarlığıdır insanı düşündürən. Nə qədər bənzərdir təbiətlə insan... Uşaqlıq ilk bahar, gənclik bahar-yay, orta yaş payız, qocalıq qışdır. Hələ insan kimi uzunömürlü ola bilən  ailələr də  təbiətə, onun dörd fəslinə bənzərdir.

Yeni qurulan ailə ilk bahara bənzəyir. Torpaq altından yavaş-yavaş pöhrə verən və gələcəyin barı-bərəkəti olacaq taxıl zəmilərinə, fidanları yenicə əkilən, lakin qarşıda dünyaya ətir saçacaq gül plantasiyalarına bənzəyir. Ailənin ilk baharında iki gənc ev qurmağa, qoca nənələrimiz demişkən, yurd-yuva sahibi olmağa can atırlar. Ata-analar gənc ailənin qayğıları ilə yaşayır, onların da ev-eşik sahibi olmaları üçün çalışırlar. Bir azdan baharın ən gözəl çağı – min bir rəngli çiçəklərin təbiətə səpildiyi, hər yerə ətrini saçdığı dövrü gəlir ailənin. Dünyaya körpə gəlir. Dünənədək iki gəncin sevgisiylə dolan mənzilə yeni nəfəs qatılır. Ev-eşik, divarlar körpə qoxusu verir. Bu qoxu iki gənci valideyn edir, çiyinlərinə böyük bir məsuliyyət qoyur. Övladlarını alırlar qucaqlarına. Dünyanın ən gözəl sevgisi olan övlad sevgisi nə qucağa sığır, nə mənzillərin otaqlarına... Bu sevgi bir ovuc boyda olan, lakin nələr-nələr sığdıra bildiyimiz ürəyimizə sığır. Ata-ana olur insan. Elə bu zaman da ata-ana qədrini bilməyə başlayırıq. Yuxusuz gecələr, qayğılı gündüzlər anamızı andırır bizə. “Bir ailəm var, məsuliyyəti tam mənim üzərimdədir” hissi atamızı xatırladır bizə. Sanki baba-nənələrimizin “ata-ana olmayan bilməz valideyn qədrini” deyimini də məhz bu zaman dərk edirik...

Oğul, qız – fərqi yoxdur, doldurur evimizi sevinclə, xoşbəxtliklə... Qayğılı günlər başlayır ailədə. Nə qədər gözəl günlərdir bu qayğılı günlər. İnsanın həyatını maraqlı edən, ömrünü mənalandıran günlərdir övlad qayğısı çəkmək. Onun böyüməsini izləmək – balam bu gün bir addım atdı, bir kəlmə söz söylədi, bir şeir dedi, birinci sinfə getdi, əla qiymət aldı, idmanda uğur qazandı, olimpiada qalibi oldu, universitetə daxil oldu, əsgər getdi, ailə qurdu kimi sevinclərini yaşamaqla bərabər xəstələnəndə qayğısını çəkmək, niyə yemədi, niyə yaxşı oxumadı, niyə yoldaşlarından geri qaldı, – deyə narahatlıq keçirmək də gözəldir. Axı bu, bir ailədə yaşananlardır. Yaxşılar da, yaxşı olmayanlar da bizimdir. Yaxşını lap yaxşı, yaxşı olmayanı yaxşı səviyyəsinə gətirməkdir valideynlik vəzifəsi, məsuliyyəti.
Ailəyə cəmiyyətin kiçik bir parçası deyirik. Bu kiçik qurumda özünü tapanlar cəmiyyətdə də özünü təsdiq edə bilir. Bu, ailə adlı ömrün yay fəslinə bənzəyir. Necə ki yayın sonuna doğru təbiət bütün barını qoyur ortaya, ailənin də “yay mövsümündə” onun cəmiyyət üçün verdiklərinin “keyfiyyəti” çıxır meydana.
Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərini əks etdirən, özünəməxsus ənənələri ilə nümunə olan ailələrimiz. Bir evin dörd divarı arasında, bir süfrənin başında dostluğu, yoldaşlığı, birliyi, vətənpərvərliyi, etibarı, qənaəti, paylaşmağı aşılayan ailələrimiz. Böyük-kiçik yeri bilməyi, harada oturub-durmağı, harada necə danışmağı öyrədən ailələrimiz. Ailə dəyərlərimizi dəyərləndirən, “ömrünün” ayrı-ayrı zamanlarında gümüş, qızıl, brilyant toylu-büsatlı ailələrimiz, nə gözəl yaraşır ömrünə hər fəslin öz “donu”. Bu donları dəyişdikcə uzanır ömrün, xalqımıza məxsus uzunömürlü ailə modelini yaradırsan evlərimizdə.
Ömrün qış fəsli saçları bəyazlaşdırdıqca bir ömür yolyoldaşı olanların bir-birinə sevgisi, sayğısı daha da artır. Çünki bu yolçuluqdakı maneələri, keşməkeşləri aşmaq, nahamarlıqları qət etmək, payız küləklərinə sinə gərmək əzmi insanları bir-birinə dost edir, ayrılmaz dost... Onları gənc ailələrin nəsihət verəninə, məsləhətçisinə çevirir. Baba-nənə edir. Övladdan da şirin paylı – nəvəli, nəticəli, kötücəli edir. Və bir ömürlük yolyoldaşlarının çatdığı son mənzil neçə-neçə nəsillər sonra da xatirələrdə gözəl bir ailənin ünvanını yaşadır.
Lakin bəzən ömrünün payız fəslini keçib qışa – sona çatmayan ailələrimiz də olur. Dörd fəsli başa vura bilməyən ailələr yarımçıq ömürlü ailələrdir. Təbiətin fəsillərinin ardıcıllığı öz “əlindədirsə”, ailənin “dörd fəslini” sıralamaq biz insanların əlindədir. Bütün çətinlikləri aşa biləcək, əzmkar, mübariz insanlarda. Elə isə bir ailənin belə dağılmasına izin verməyək. Qoruyaq, nəyin bahasına olursa-olsun, qoruyaq. Övladlarımızı atasız, anasız qoymayaq. Üzlərindəki sevincin, təbəssümün, gülüşün yerinə öz əllərimizlə kədər, gözyaşı toxumları səpməyək. Çünki zaman bu toxumları cücərtdikcə belə uşaqlar həyatın sərt sillələri ilə qarşılaşmalı olurlar. Tək uşaqlarmı? Xeyr, həm də təklənən qadınlar, kişilər. Bir də yarımçıq ömürlü ailələri özlərinin kədərinə çevirən böyüklərimiz... Elə buradaca böyük şəxsiyyətlərdən birinin gözəl kəlamını xatırlamaq yerinə düşər: – Bütün dünyanı gəzib səadət axtardım, tapmayıb kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş. Bu ev isə yalnız bir ömürdə bir-birinin yolyoldaşına çevrilənlərin ünvanı ola bilər. Səadət dolu ünvan...

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR