Doğma və qədim diyarımızın gündən-günə çiçəklənməsi, sosial-iqtisadi inkişafı və mövcud turizm imkanları tələbata uyğun yeni xidmət sahələrinin yaradılmasını da zərurətə çevirir. Aparılan quruculuq işlərində də bu amil əsas götürülür.
Xüsusən yay aylarında həm yerli sakinlər, həm də muxtar respublikamıza gəlmiş qonaqlar şəhərimizdəki müasir restoran və digər iaşə müəssisələrinin xidmətlərindən tez-tez istifadə edir, istirahətlərini yaxşı keçirməyə çalışırlar. Naxçıvan şəhərində müasir memarlıq üslubunda tikilən “Görüş yeri” kafesi də fəaliyyətə başladığı dövrdən yerli sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanına çevrilib.
Fotomüxbirimizlə birlikdə işdən sonra həm istirahət etmək, həm də kafe haqqında məlumat əldə etmək üçün sözügedən ünvana yola düşürük. Bizi kafedə müəssisə rəhbərinin köməkçisi Emin Ələkbərli qarşılayır. Söhbətimiz zamanı bildirir ki, başlıca məqsədimiz müştərilərə yüksəkkeyfiyyətli xidmət etməkdir. Gülərüz personalın göstərdiyi operativ və mədəni xidmətlə yanaşı, gələn qonaqların rahat istirahəti üçün burada hər cür şərait yaradılıb. Xeyli sayda işçinin çalışdığı restoranda qonaqları qarşılayıb yola salan xidməti personalın peşəkarlığına, əcnəbi dil bilməsinə xüsusi fikir verilir, onların əməkhaqlarının yüksək olması da diqqətdə saxlanılır.
Emin Ələkbərli bizi müəssisənin bölmələri ilə də tanış edir. O deyir ki, “Görüş yeri” kafesi 2018-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində müəssisənin xidmətlərindən istifadə edənlərin sayı xeyli artıb. Kafe zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Ümumi sahəsi 2457 kvadratmetr olan kompleks 3 fərqli istiqamət üzrə fəaliyyət göstərir. Binanın birinci mərtəbəsində “Bullet” Steak House xüsusi reseptləri əsasında ət və ət məhsullarından müxtəlif təamlar hazırlanır. Menyu üzrə hər bir təamın xammalının öz xüsusi saxlanma üsulu və temperaturu var. Restoranın mətbəxində hazırlanan yeməklər xüsusi kulinar incəliklərə diqqət yetirilərək və vizual servisə önəm verilərək müştərilərə təqdim olunur. Xalqımızın milli mətbəxinə, eləcə də dünya mətbəxinə xas olan yeməklərin ustalıqla hazırlanıb yüksək zövqlə masalara təqdim olunması üçün hər detala diqqət edilir, keyfiyyət tələbinə ciddi yanaşılır.
Emin müəllim bizi binanın birinci mərtəbəsi ilə tanış edərkən sevinclə bir-biri ilə sohbətləşən, şən gülüşləri ətrafa dolan uşaqlar diqqətimi çəkdi. Onların masasına yaxınlaşdım. Nəvələri ilə istirahət edən Rauf Bayramov burada ilk həmsöhbətim oldu. O qeyd etdi ki, elə ki tətil vaxtı gəldi, insanlar bütün yorğunluqlarını istirahətlə əvəzləmək istəyirlər. Əvvəllər belə gözəl şəraitə malik müəssisələr olmadığından insanlar öz istirahətlərini lazımınca təmin edə bilmirdilər. Zaman xeyli dəyişib, muxtar respublika sakinlərinin hər biri ölkəmizdə geniş vüsət alan sosial-iqtisadi inkişafı bütün sahələrdə, şəxsi həyatında hiss edir.
Həmsöhbətim deyir ki, gözəl istirahət etmək, mənalı vaxt keçirmək istəyənlər üçün “Görüş yeri” kafesi əla yerdir. Bura mənim nəvələrimlə vaxt keçirdiyim gözəl məkanlardan biridir. Buraya gələn zaman bizi xoş qarşılayır, gözəl xidmət göstərirlər. Yeməkləri dadlıdır və menyuda çeşid boldur. Ən əsası isə qiymətlər də münasibdir. Mən də nəvələrimlə tez-tez buraya gəlib təamlardan dadır, istirahət edirik.
Həmsöhbətimdən ayrılıb bina ilə tanışlığımızı davam etdiririk. Öyrənirik ki, binanın ikinci mərtəbəsində, əsasən, “CHEF” markası ilə fastfood yeməklər hazırlanır. “CHEF” markası muxtar respublikamızda yaradılmış dünya standartlarına cavab verən fastfood məhsullarının ümumi adıdır. Bu yeməklərin hazırlanmasında yerli ərzaq məhsullarından istifadə olunur. Markanın məqsədi yüksəkkeyfiyyətli məhsullar ilə müştərilərə xidmət göstərmək, yerli məhsulların dadlarını və mətbəx ənənəmizi dünyaya yaymaqdır.
Qeyd edək ki, burada istifadə edilən avadanlıqlar dünyanın inkişaf etmiş ölkələrinin standartlarına tam cavab verir. Fastfood yeməklərinin hazırlandığı özünəxidmət prinsipi ilə fəaliyyət göstərən bu məkan günün istənilən saatında gənclərin daha çox üz tutduğu yerdir. Binanın bölməsi ilə tanış olduğumuz zaman öz yeməklərini götürüb masa ətrafında əyləşən gənclərə yaxınlaşır və onların kafe haqqında təəssüratlarını öyrənirik.
Naxçıvan Dövlət Universitetinin tələbəsi olan Adebusalo Owoade qeyd edir ki, bu kafe universitet imtahanlarından sonra stress və yorğunluğumuzu çıxarmaq məqsədilə üz tutduğumuz məkandır. Ona görə ki, Naxçıvanda ən yaxşı fastfood yeməkləri məhz bu kafedə hazırlanır. Bundan əlavə, bir tələbə üçün ən əsas məsələ qiymətlərin münasib olmasıdır. Kafedə bizim ən çox müraciət etdiyimiz fastfood yeməklərinin hamısının qiyməti bizim üçün uyğundur. Yoldaşlarımızla vaxtımızın çoxunu burada keçiririk.
Daha sonra üçüncü mərtəbədə yerləşən “Chocha” şokolad evi ilə tanış oluruq. Öyrənirik ki, bu şokolad evi Naxçıvanda yaranmış yerli bir markadır. Şokolad evində isti və sərinləşdirici içkilər, müxtəlif şokoladlar, həmçinin xüsusi qablaşdırılmış müxtəlif müalicəvi otlar, meyvə quruları, çərəzlər təqdim edilir. Burada “Chocha” adı altında hazırlanmış xüsusi hədiyyəlik paketlər də əldə etmək mümkündür. Eyni zamanda burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən oxunması zəruri olan kitablardan ibarət kitabxana da yaradılıb.
Şokolad evində diqqətimizi çəkən məqam buranın çox sakit olması idi. Səbəbini soruşduqda bildirildi ki, buraya müraciət edən müştərilər onlar üçün yaradılan kitabxanadan istifadə edərək mütaliə edirlər. Bu səbəbdən də onlara daha rahat şəkildə mütaliə etmələri üçün kitabxana aurası yaradılıb.
Burada mütaliə edənlər az deyildi. Onlardan biri – Zeynəb Alışova ilə həmsöhbət olduq. O qeyd etdi ki, Naxçıvan Dövlət Universitetinin tələbəsidir. Asudə vaxtlarında rəfiqələri ilə birlikdə kafeyə gəlir, burada yeməklərdən yeyir, şokolad evində isə çay süfrəsi arxasında mütaliə edirlər.
Zeynəb Alışova deyir ki, belə yerlərin fəaliyyət göstərməsi, xüsusən gənclər üçün çox sevindiricidir. Çünki asudə vaxtlarını həm nəfis təamlardan dadaraq, həm də mütaliə edərək keçirə bilirlər.
Burada mütəmadi olaraq sakinlərin istirahətlərini daha mənalı keçirmələri üçün konsert proqramları təşkil olunur, həftədə bir neçə dəfə müştərilərə canlı musiqi xidməti də göstərilir. Bundan əlavə, müştərilər özəl günlərini bu məkanda keçirmələri üçün də kafemizə müraciət edə bilərlər.
Şübhəsiz, təkcə ölkəmizin deyil, dünyanın ən təmiz, gözəl şəhərlərindən biri olan Naxçıvanda fəaliyyət göstərən belə xidmət obyektləri həm muxtar respublika sakinlərinin mənalı istirahətinə, həm əlavə turist cəlbinə, həm də yeni xidmət sahələrinin yaranmasına imkan verir.
Pərviz HACILI