22 Dekabr 2024, Bazar

Bu günümüzü gələcəyə aparacaq körpələrə hələ ki, uşaq kimi baxırıq. Ancaq bu gün heç birimiz deyə bilmərik ki, onlar sabah xalqımız üçün kimlər olacaq... Bu gün öz adını əbədiyaşarlıq zirvəsinə yazdırmış dahilərimizin ailələri, yaxınları, ən əsası müəllimləri ­zamanında bunu bilirdilərmi?
Dövlətimizin həyata keçirdiyi tədbirlərin balacaları da əhatə etməsinin təməlində məhz onların sabahımız üçün gərəkli vətəndaş olmalarını təmin etmək missiyası dayanır. Muxtar respublikamızda bu məsələnin tamamilə öz həllini tapması üçün 20 ildən çoxdur ki, məqsədyönlü tədbirlər həyata ­keçirilir.
... Hər gün işə gələrkən rastlaşdığım uşaqların təbəssümlü baxışları illər öncə yaşadığım hissləri mənə yenidən yaşadır.
Məqsəddən bir qədər uzaqlaşdım. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki uşaq bağçasının yanından hər gün bir neçə dəfə keçsəm də, bu gün ilk dəfə bağçanın həyətinə daxil oluram. Qayğısız uşaqların şən gülüşlərini eşidirəm, qeyri-ixtiyari dayanıb onların oyunlarına baxıram:
– Bənövşə!
Bəndə düşə!
Bizdən sizə kim düşə?
Əks tərəfdən cavab gəlir...
Məni qarşılayan bağçanın müdiri Zülfiyyə Əsədova olur:

– Sovet dönəmində fəaliyyət göstərən uşaq bağçalarını tez-tez yadıma salmağa çalışır, fəaliyyət göstərdiyi dövrün tələblərinə belə, cavab verməyən həmin məktəbəqədər təhsil müəssisələrinin yerləşdikləri binaları gözlərim önünə gətirirəm. Müqayisə aparmağa dəyməz. Hətta heç bir baxımdan. Muxtar respublikamızda indiki uşaq bağçalarının binaları orta məktəb binalarından seçilmir. Hərtərəfli şərait, uşaq psixologiyasını yaxşı bilən müəllim və tərbiyəçilər, tibb bacısı, musiqi müəllimi ilə təmin edilmiş bağçalar uşaqların məktəbə hazırlanmasında, onlara ilkin iradi keyfiyyətlər aşılayan mühüm əhəmiyyət daşıyan müəssisələrdir.
Elə götürək bu bağçanı. Ölkəmizdə “Uşaq ili” elan edilmiş 2009-cu ildə istifadəyə verilib. Üç mərtəbədən ibarət binada metodist, valideyn və yataq otaqları, yemək­xana, tədbirlər, oyun və şənlik zalları, mətbəx, ərzaq anbarı, camaşırxana və fərdi qazanxana yaradılıb.
Bağçada 5 qrup fəaliyyət göstərir. Bu qruplara 95 uşaq cəlb olunub.
Söhbətimizə tərbiyəçi-müəllim Sevda Rzayeva da qoşulur. O, Ali Məclis Sədrinin “Gələcəyimizi təmin etmək üçün uşaqlar vətənpərvər və sağlam böyüdülməlidirlər...” sözlərini xatırladaraq deyir ki, bugünkü uşaq sabahın məktəblisi, sonra tələbəsi və nəhayət, gələcəyimizin idarəedicisidir. Ona görə də onlar bu gün elə tərbiyə edilməlidirlər ki, sabahkı nəticə istədiyimiz kimi olsun. Yəni uşaqlara yurda bağlılıq, vətənpərvərlik, düzlük, xeyirxahlıq kimi müsbət keyfiyyətlər aşılanmalıdır. Bunun üçün bağçada yaradılmış imkanlar yetərincədir. Uşaqlar arasında rəsm, şeir müsabiqələri, əyləncəli oyunlar təşkil edilir, idman yarışları keçirilir.
Digər tərbiyəçi-müəllim Təranə Qasımova da həmkarı ilə razılaşır:
– Aqillər çox düzgün deyiblər: “Uşaq nə qədər əzizdirsə, tərbiyəsi ondan da əzizdir”. Biz də sevinirik ki, muxtar respublikamızda bu əziz balaların düzgün tərbiyəsi üçün hərtərəfli şərait yaradılır. Belə şərait bizim də məsuliyyətimizi xeyli artırıb. Odur ki, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Məşğələlərin maraqlı keçirilməsi diqqətdə saxlanılır, hər məşğələdə uşaqların müəyyən bir bilgiyə sahib olması üçün uşaq pedaqogikasının sınanılmış üsullarından istifadə etməyə səy göstəririk.
Bağçadakı otaqları gəzir, məşğələlərin gedişi ilə maraqlanırıq. Uşaqlara ilkin vərdişlər öyrədilir. Onlar şəkillər çəkir, müxtəlif fiqurlar düzəldir, şeir və nağıllar söyləyir, əyləncəli oyunlara cəlb olunurlar. Kollektivin tapşırılan vəzifələri layiqincə yerinə yetirmək səyləri gözümüzdən qaçmır. Pianino və mebel avadanlıqları ilə təchiz edilmiş tədbirlər və şənliklər zalına daxil oluruq. Buradakı uşaqlar nağıllar aləminə düşüblər. Tərbiyəçi-müəllim onlara “Qoçaq oğlan” nağılını danışır. Uşaqlar diqqət kəsiliblər. Zülfiyyə müəllimə deyir ki, bugünkü uşaqlara qəhrəmanlıq, qoçaqlıq, torpaq sevgisi, düşmənə nifrət hissləri aşılamaq ustalıq tələb edir. Çünki onlar uşaq olsalar da, çox şeydən xəbərdardırlar.
Uşaqlarla həmsöhbət olduq.
Sadıq Şahgəldiyev və Rəbiyə Ağammədova əsgərlərimizə həsr olunmuş mahnıları çox sevdiklərini söyləyirlər. Onlar deyirlər ki, bağçada keçirilən tədbirlərdə “Sıravi Əhməd”, “Əsgər marşı” və digər mahnıları oxuyurlar və bizi də bu mahnılardan birinə ­“qonaq edirlər”.
Rəbiyə Ağammədovanın valideyni Simuzər xanım da buradakı şəraitdən razılığını bildirir:
– Uşaqlarımızı çox arxayınlıqla bu bağçaya etibar edirik. Həm şəraiti gözəldir, həm də kollektivi. Balacalara öz uşaqları kimi qayğı göstərirlər.
Bizsə xoş təəssüratlarla bağçadan ayrılanda düşünürük: Bu qayğı dövlətimizin qayğısıdır. Bu günümüzə, sabahımıza hədəflənən, sağlam gələcəyimizə ünvanlanan qayğı...

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR