Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan” Universiteti tələbələrinin və fəal könüllü gənclərin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb.
Proqrama uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan gənclər sonra “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” milli intellektual oyunları, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynayıb, həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub, fotomüsabiqə keçirilib. Hər günün sonunda isə gənclər üçün vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.
Həmçinin gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar və səhnəciklər təşkil olunub, gənclərdə büdcə savadlılığı layihəsi çərçivəsində “Büdcə anlayışı və ailə büdcəsinin idarə olunması” təlimi keçirilib, fəallıq göstərənlərə sertifikatlar təqdim olunub.
“Yay məktəbi”nin sonuncu günündə gənclər arasında keçirilən müsabiqə və oyunların qaliblərinə, həmçinin fəal gənclərə muxtar respublikanın Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim edilib.
60 nəfərə yaxın gəncin iştirak etdiyi “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti