22 Dekabr 2024, Bazar

Bu yaxınlarda havası sərin, suyu saf və təmiz, səsi ilə sakitlik bəxş edən çayı gur olan doğma kəndimizə getmişdim. Yaz aylarında kəndimizi daha da gözəlləşdirən bir səbəb də uca dağlarının yetirib-bitirdiyi, min bir dərdin dərmanı olan bitkiləridir. Elə mən də buraya gəlmişkən nanə, kəklikotu, quzuqulağı, turşəng və digər faydalı bitkilərdən yığmaq üçün yollanıram dağa.

Bir tərəfində qoyun-quzunun mələşdiyi, digər tərəfində öz gözəlliyi ilə ətrafa hakim kəsilən lalələrin baş qaldırdığı vüqarlı və əzəmətli dağa yaxınlaşdıqca kəklikotunun, nanənin xoş ətri gəlir. Dağ ətəklərində bitən lalələrdən toplamaq məni həm uşaq kimi sevindirir, həm də zirvəyə qalxmaq həvəsimi artırır. “Lalələr” mahnısını zümzümə edə-edə gəlirəm cənnətməkan adlandırdığım, bütün xəstəliklərin müalicə məkanı kəklikotularla dolu çəmənliyə. Bura ayaq basmağa belə, qıya bilmirəm, çünki öz sadəliyi və ətri ilə insanı cəlb edən bitkiləri ayaqlamaqdan qorxuram. Daşların üstü ilə gəzə-gəzə kəklikotulardan toplayıram. Digər bitkilərlə müqayisədə hələ təzə və balaca olmasına baxmayaraq, ilk baxışda seçmək olur kəklikotunu. Ətrafında kolluqlar olmasa daha da inkişaf edərdi. Bu düşüncə ilə əyilib bir kəklikotu dərirəm. Onu yaxından qoxulamağa ehtiyac yoxdur. Ələ alan kimi bihuşedici ətri bütün ətrafı bürüyür və istər-istəməz valeh olursan.

Kəklikotu Naxçıvan dağlarına özünəməxsus bir çalar, xüsusi bir gözəllik bəxş edir. Məni bir sual düşündürür. Bu əsrarəngiz bitki ilk harada, necə meydana gəlib? Araşdıranda məlum olur ki, ondan IV-V əsrlərdə dərman kimi istifadə edilib. Qədimdə bu ot möcüzəli sayılıb, ilahələrin şərəfinə yandırılıb qurban verilib. Onun ətirli tüstüsü göyə qalxanda qurbanın allahlar tərəfindən qəbul edildiyinə inanılıb. Kəklikotu həm də zəhmətsevərlik rəmzi sayılıb. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Yəqin ki, bu səbəbdən ürəkgetmə zamanı kəklikotunun tozunu iyləyir, onu ruha güc, qida verən bitki hesab edirlər.
Azərbaycanın zəngin floraya malik olması bu bitkinin dağlıq və aran yerlərdə, çəmənlərdə, meşələrdə bitməsinə səbəb olub. Kəklikotunun ölkəmizdə bir nеçə növü yayılıb. Muxtar respublikamızda bu növlərin 17-si mövcuddur və demək olar ki, bütün bölgələrdə yetişir.
Maraqlı burasıdır ki, Naxçıvanda bitən kəklikotunun digər bölgələrimizdən fərqli olaraq qızılgül, limon ətri verən xüsusi növləri vardır. Bu kəklikotular özünəməxsus iyi, tamı ilə seçilir. Bizim kəndin dağlarında sadə kəklikotu geniş yayılsa da, digər növlərə də rast gəlmək mümkündür.
Naxçıvanlılar kəklikotudan təkcə dərman vasitəsi kimi yox, həm də mətbəxdə çox geniş istifadə edirlər. Kəklikotu qatılmış xörəklər iştahgətirici, həzmyaxşılaşdırıcı xüsusiyyətləri ilə seçilir. Onun müalicə məqsədilə arağını, çiçəklərindən isə mürəbbəsini hazır­layırlar. Əsasən, may, iyun aylarında toplanılan bitki qurudularaq qışa saxlanılır. Qurudulmuş kəklikotu satışa çıxarılır, ən yaxın dosta, qohuma pay verilir. Onun müalicəvi əhəmiyyətini bütün naxçıvanlılar yaxşı bilir. Qışda kəklikotunun çayını dəmləyib içmək həm soyuqdəymədən qoruyur, həm də zökəm və qrip kimi yoluxucu xəstəliklərin qarşısını alır. Sakitləşdirici təsirə malik bu bitki immuniteti artırır, ağciyər xəstəliklərinin, revmatizmin müalicəsində yararlıdır, diş ağrısını və öskürəyi kəsir, damarları möhkəmləndirir, qan dövranını nizamlayır, qanazlığını aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır və sair. El arasında “Allahın otu” da adlandırılan kəklikotunun bəşəriyyətin sağalmaz yarasına çevrilən xərçəng xəstəliyinə qarşı müalicəvi əhəmiyyəti də olduqca böyükdür. Lakin onun qəbulu bəzi xəstəliklər zamanı tövsiyə edilmir.
Hündürlüyü 10-18 santimetr, çiçəkləri xırda, çəhrayı-bənövşəyi rəngdə olan kəklikotunu kökləri ilə birlikdə toplamaq olmaz. Məsələn, adi kəklikotunun çətirlərinin yarıdan çoxu yetişəndə yığılır, toxumlarının tökülməsinin qarşısını almaq üçün yığım səhər və ya axşam aparılır. Naxçıvan dağlarından payıza qədər toplanılan kəklikotunun əsas təsir­edici maddəsi isə tərkibində olan efir yağıdır. Bu yağın 10-80 faizi ətirli maddələrdən və müxtəlif növ turşulardan ibarətdir. Təbabətdə, konservləşdirmədə, kosmetika və əczaçılıq sənayesində də bu bitkidən geniş istifadə olunur.
Aparılan elmi tədqiqatlardan məlum olub ki, muxtar respublikada bitən kəklikotu növlərinin kimyəvi tərkibi başqa ölkələrdə bitənlərdən xüsusilə fərqlənir. Kəklikotunun yarpaq və çiçəklərindən alınan yağ təbabətdə antiseptik və dezinfeksiyaedici maddə, ağrıkəsici vasitə kimi, koçi kəklikotundan alınan efir yağından yeyinti məhsullarının tərkibində, ətriyyatda və eləcə də dərman kimi, qara-məryəm kəklik­otundan alınan efir yağından ət və süd məhsulları, qənnadı məmulatlarında, spirtsiz içkilər və ətriyyatda geniş istifadə edilir.
İndi muxtar respublikamızda kəklikotunu həyətyanı sahələrdə, bağ və bostanlarda əkib-becərənlər, bu bitkinin qablaşdırılmış şəkildə satışını təşkil edən ailə təsərrüfatları da vardır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR