Naxçıvan Muxtar Respublikasında son 24 ildə yaşıllıq sahələrinin həcmi dəfələrlə artırılaraq ümumi ərazimizin 20 faizini təşkil edir.
Bu istiqamətdə görülən işlər cari ildə də mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Mayın 25-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Şahbuz yolunun kənarındakı terrasda və avtobus parkının yaxınlığındakı ərazidə ağacların diblərini alaq otlarından təmizləmişlər. Həmin gün “Gənclər bağı”nda da iməcilik keçirilmiş, bağa aqrotexniki qulluq göstərilmişdir.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri Qarxun kəndinə gedən yolun kənarlarında və Yuxarı Daşarx kəndindəki 1 hektarlıq meyvə bağında ağacların diblərini alaq otlarından təmizləmiş, ağartma və suvarma işləri görmüşlər.
İməcilik günü Babək rayonunun sakinləri Naxçıvan-Culfa-Ordubad magistral yolunun Babək qəsəbəsi hissəsində, qəsəbədəki Heydər Əliyev prospektində və Hacıvar, Vayxır, Badaşqan kəndlərinə gedən yolun kənarlarında həmin aqrotexniki tədbirləri həyata keçirmişlər.
Ordubad rayonunda Naxçıvan-Ordubad magistral yolunun Dəstə, Əylis və Düylün kəndləri hissəsində, Əylis düzündəki 1 hektarlıq üzüm bağında və 10 hektarlıq qızılgül bağında yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, suvarma və ot biçini aparılmış, şəhər qəbiristanlığında təmizlik işləri görülmüşdür.
Culfa rayonunda müəssisə və təşkilatların iməcilik ərazilərində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ağacların dibləri alaq otlarından təmizlənərək suvarılmış, qurumuş ağacların diblərinə isladılmış dənələr basdırılmışdır.
Kəngərli rayonunda Qıvraq qəsəbə yolunun kənarlarında 400 ədəd gül kolu və 50 ədəd həmişəyaşıl ağac əkilmiş, Çalxanqala kəndinə gedən yolun kənarlarında və Qarabağlar türbəsinin qarşısındakı köhnə qəbiristanlığın ərazisində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ağacların dibləri alaq otlarından təmizlənmiş və ağartma işləri aparılmışdır.
Şahbuz rayonunda Naxçıvan-Şahbuz magistral yolunun kənarlarında da həmin tədbirlər həyata keçirilmişdir.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun kənarlarında, müəssisə və təşkilatların iməcilik ərazilərində yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, ağacların diblərini alaq otlarından təmizləyərək suvarmışlar.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi