22 Dekabr 2024, Bazar

Yaz fəslində doğma diyarımızdan başqa bir yerə səyahət edən  elə bir şəxs  tapılmaz ki, uzaqda yaşayan qohumlarına Naxçıvanın bərəkətli torpaqlarında  bitən yaz pencərlərindən pay aparmasın. Əslində, Naxçıvanda olan pencərlərin eynilərindən Azərbaycanın başqa rayonlarında da bitir. Amma digər nemətləri kimi bu torpağın pencərinin də dadını heç yerdə almaq olmur. Ona görə də uzaq rayonlarda, başqa yerlərdə yaşayanlara ən dəyərli sovqat elə qədim torpağın min dərdin dərmanı sayılan bitkiləri olur. Yazda təzəsi, qışda isə ­qurudulmuşu. 

 

Yaxın günlərdə Bakı şəhərindən gələn qonağımın da süfrədə yaz pencərləri ilə bişirdiyim yeməkləri, qışdan qalan qovurma ilə qızartdığım mərəçüyüdü görəndə ilk sözü bunlar oldu: “Gör neçə ildir, yurdumdan ayrılmışam, buranın torpağının ətrindən, suyundan, dağlarında, çöllərində bitən ləvin-ləvin pencərlərinin dadından ötrü darıxmışam. Bu, lap yerinə düşdü, mərə­çüyüd min bir dərdin dərmanıdır”. Qonağımın mərəçüyüd haqqında dedikləri məni bu bitki ilə yaxından maraqlanmağa sövq etdi.
Aralıq dənizi hövzəsindən yayılan bu bitkidən Şimali Avropa, Asiyada da istifadə olunur. Qədim Misirdə mərəçüyüd “hökmdarların məhsulu” adlandırılıb. Bu möcüzəvi bitkinin saysız-hesabsız faydaları təbiblərin həmişə diqqət mərkəzində olub. Onun toxumları üyüdülüb toz halına salınar və qəhvə əvəzi istifadə edilərdi. Yaşıl rəngli mərəçüyüd vaxtından əvvəl qocalmanın qarşısını alır. Məhz bu səbəbdən o, Hollivud ulduzlarının sevimli qidası hesab olunur. Hazırda müxtəlif ölkələrdə bu bitki geniş surətdə əkilib-becərilir. Keçmiş ittifaqda 30, Qafqazda 12, o cümlədən Azərbaycanda 9 növünə rast gəlinir. Ölkəmizin bir çox bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində də geniş yayılıb. Muxtar respublikanın bütün rayonlarında bitir.
Müxtəlif kitablardan, internet saytlarından öyrəndiklərimlə qane olmayıb yaz günəşinin ətrafa şölə saçdığı günlərin birində yolumu Şərur rayonunun Ərəbyengicə kəndinə salıb, burada yurdumun səmimi, işgüzar sakinləri ilə birlikdə mərəçüyüd toplayır, onlardan bir neçəsi ilə həmsöhbət oluram. Kənd sakini ­Nazilə xalanın dedikləri:
– Mərəçüyüd Arazboyu ərazilərdə, çəpər diblərində, açıq sahələrdə və qaratikan kollarının ətrafında, kövşənliklərdə, əkin sahələrinin kənarlarında, meyvə və üzüm bağlarında, örüş sahələrində, bəzən də həyətyanı sahələrdə seyrək halda bitir. Mərəçüyüd yaşıl, açıq-bənövşəyi və ya ağ rəngdə olur. Yaşıl mərəçüyüd günəşli ərazilərdə, ağ və bənövşəyi rənglisi isə kölgəliklərdə bitir.
Bitkinin yığılma qaydasından danışan xala onu da bildirir ki, mərəçüyüd iti bıçaqla kök boğazından çəpinə kəsməklə, çox vaxt isə əllə qoparılıb götürülür. Bu işi elə görmək lazımdır ki, bitki kökündən çıxmasın. Mərəçüyüd daha çox rütubətli yerlərdə bitdiyi üçün onu toplayanda ehtiyatla kəsirik ki, kökü torpaqda qalsın. Gələn ildə də bu nemətdən istifadə edə bilək.
Mərəçüyüdü toplayıb qurtardıqdan sonra Nazilə xalanın evinə qonaq olur, bu bitkinin bişirilməsinə baxırıq. Çöldən topladığımız bitkini təmizləyir, söhbət edirik. O deyir:
– Mərəçüyüdü bişirib soyuq və ya isti halda yeyirlər. Əvvəlcə onu yaxşıca yuyur, sonra kiçik hissələrə bölüb qaynar suda 5 dəqiqə saxladıqdan sonra cəviz və fındıq ləpəsi ilə birlikdə qızardırıq. Mərəçüyüdün körpə zoğları yumurta ilə bişirilir. Bunun üçün mərə­çüyüd təmizlənir, duzlu suda 1-2 dəqiqə qaynadılır. Qaynadılmış mərəçüyüd yüngülcə sıxılır və yağda qızardılaraq üzərinə yumurta vurulur, – deyən müsahibim onu da bildirir ki, səhər obaşdan mərəçüyüd yığmağa getməzdən əvvəl kətə bişirmək üçün xəmir də yoğurub. O, kətənin bişirilmə qaydasından da danışır:
– Əvvəlcədən mərəçüyüd qaynadılıb az yağda soğanla birlikdə qızardılır, soyumağa qoyulur. Adi kətə xəmiri yoğurulur. Xəmirə su əvəzinə süd vurulsa, daha yaxşı olur. Sonra kündə tutub onu yayırıq. Hazırladığımız içliyi içərisinə qoyub zərf formasında bükürük. Xala onu da deyir ki, mərəçüyüd kətəsinin xəmirini bir az qalın açmaq lazımdır.
Müsahibim mərəçüyüdün iri, yoğun zoğlarını seçir, nazik şişlərə taxaraq ocaq başında kətə hazırlayan gəlininə verir və deyir ki, bunları da ocağın közündə bişirsin. Sonra pomidor kababı ilə qatıb, üzərinə göyərti əlavə edərək süfrəyə versin.
Mərəçüyüd salatı hazırlayan qonşu Xədicə xanım da söhbətimizə qoşulur:
– 500 qram mərəçüyüdü duzlu suda azca qaynatdıqdan sonra süzüb soyumağa qoyuruq. Sonra bir qaynanmış yumurtanın sarısını doğrayıb, üzərinə bir xörək qaşığı qarğıdalı yağı, xırda doğranmış cəfəri, zövqə uyğun olaraq alma sirkəsi əlavə edirik. Hazırlanmış mərəçüyüdlə onları qarışdırırıq.
Kənd sakini, tibb bacısı Aygün söhbətimizə qoşulur, bu bitkinin zəngin tərkibindən və orqanizmə faydalı təsirindən danışır:
– Bu bitki təbii afrodiziakdır. Mərəçüyüd ürək-damar sistemi üçün olduqca xeyirlidir. Tərkibində çoxlu miqdarda A və C vitaminləri, dəmir, kalium, sink kimi dəyərli mikroelementlər və həmçinin kifayət qədər sellüloza olan bu bitki bir çox xəstəliklərin qarşısını alır. Asan həzm olunan, az kalorili tərəvəzdir. Yorğunluq və ürək xəstəlikləri üçün faydalıdır. Bu bitki böyrəklərdəki bakterial infeksiya və iltihabların müalicəsində istifadə olunan təbii mayeqovucudur. Mərəçüyüd bu xüsusiyyətinə görə, həmçinin orqanizmdə maye toplanması və şişlərin əmələ gəlməsi kimi fəsadlarla müşayiət olunan başqa xəstəliklərin müalicəsində də istifadə edilə bilər. Tərkibində asparagin turşusu olduğundan o, qan təzyiqini aşağı salır. Buna görə də hipertoniya xəstəliyindən əziyyət çəkənlərin qida rasion­larına mərəçüyüd bitkisi daxil etmələri müsbət nəticə verər.
Müsahibim onu da bildirir ki, tərkibi həm də fol turşusu ilə zəngin olan mərəçüyüd hamilə qadınlar üçün dəyərli bir qida məhsuludur. Mərəçüyüd qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ondan müntəzəm istifadə edildikdə qanı da təmizləyir. Vərəm xəstə­liyinə düçar olanlar yemək rasionunda mərəçüyüd istifadə etsələr, faydasını görərlər. Bu bitki həm də xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdəndir.
Orqanizmdəki iltihabi proseslərə qarşı da təsirlidir, – deyən Aygün xanım onu da diqqətimizə çatdırır ki, bütün faydalı qida məhsulları kimi, bu möcüzəvi bitkidən də qədərində istifadə etmək lazımdır. Aygün xanımın bu sözlərinə evin qonağı, uzun illərdir ki, xalq təbabəti ilə məşğul olan 95 yaşlı Dilbər nənə də qoşulur: – Deyirlər ki, “min dərd verən Allah min bir də dərman verir”. Bax, elə torpağımızın hər qarışında bitən bu bitkilər də min bir dərdin dərmanıdır. Mənim anam da xalq təbabəti ilə məşğul idi. Bir çox xəstəlikləri müalicə edərdi. Elə ki yaz gəldi, kövşənlərə, yayda isə Batabat yaylağına gedər, orada bitən belə bitkilərdən toplayardı. Elə mən də bitkilərlə müalicəni ondan öyrənmişəm.
Mərəçüyüd də bir çox dərdin dərmanıdır, – deyən nənə bizə bir neçə məsləhət verir. Onları oxucularımızla paylaşırıq: Bitkinin köklərindən 3, yarpağından 1, əvəlik kökündən 1, həmərsin və bağayarpağının hərəsindən 2, qatırquyruğundan 5 çay qaşığı götürüb qarışdırırlar. Qarışıqdan 1 xörək qaşığı bir stəkan qaynar suya tökür və bir saat dəmləyirlər. Sonra onu süzüb təmiz şüşə qaba tökürlər. Yeməkdən bir az əvvəl qarışıqdan bir xörək qaşığı qəbul edirlər. Bu, böyrək xəstəliklərinin müalicəsində işlədilir. Mərəçüyüdün kökündən götürərək yaxşı-yaxşı yuyub, təmizləyib 2 stəkan qaynar suda dəmləyin. Səhər-axşam acqarına 2 xörək qaşığı qəbul edin. Bu, qan təzyiqinizin normal vəziyyətə gətirilməsinə çox yaxşı təsir göstərir. Qarışıqdan şəkər xəstələrinin istifadə etməsi də yaxşı nəticə verir. Bu, ürək-damar xəstəliklərinin müalicəsində də ən yaxşı üsuldur. Mərəçüyüdün köklərini qurudub qış fəslində də istifadə etmək olar. Bütün bitkilər kimi, bu bitkini də qədərindən artıq istifadə etmək olmaz. Ağız boşluğunda yaranan problemlərdən xilas olmaq üçün mərəçüyüddən hazırlanmış cövhərdən istifadə etmək yetərlidir, – deyən nənə onu da diqqətimizə çatdırır ki, bunun üçün bitkinin kökündən 100 qram götü­rülür, üzərinə bir stəkan isti su və 2 stəkan alma sirkəsi əlavə olunur, 10 dəqiqə qaynadılır. Soyuduqdan sonra hər gün bir neçə dəfə qarqara edilir.

Heç bir qulluq tələb etmədən öz-özünə torpaqdan boyverən şəfalı bitkilərdən biri – mərəçüyüd haqqında bu qədər məlumat aldıqdan sonra bildim ki, niyə doğma diyardan uzaqda yaşayanlar, böyüklərimiz bu nemətləri əzizləyib üstün tuturlar.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR