Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nə start verilib.
Mərkəzin ilk qonaqları aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar olub. Ümumilikdə, 45 uşağın iştirak etdiyi dördgünlük “Yay məktəbi”ndə Ağbulaq kəndi ərazisinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, yazı və digər müsabiqələr, intellektual yarışlar, diskussiya və seminarlar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi təşkil edilib. Bundan başqa, Azərbaycan filmləri nümayiş olunub, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tərəfindən səhnəciklər də göstərilib, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.
İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəallıq göstərən uşaqlar mükafatlandırılıblar. “Yay məktəbi” müddətində uşaqlar Naxçıvan mətbəxinin ləziz yeməkləri ilə təmin olunublar.
Qeyd edək ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti