Muxtar respublikada davamlı inkişafın təmin edilməsində mühüm sahələrdən biri də sənayedir. Son dövrlər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, uğurlu investisiya siyasəti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı yeni məhsul növlərinin istehsalını təmin etmiş, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafına yeni imkanlar yaratmışdır.
2020-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 40 milyon 475 min 900 manat dəyərində məhsul istehsalı qeydə alınmışdır ki, bu da 2010-cu ildəki müvafiq göstəricidən 3,3 dəfə çoxdur.
Sənaye məhsulu, min manat
2020-ci ildə sənaye məhsulunun 6,6 faizi dövlət sektorunda, 93,4 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 12,3 və 87,7 faiz təşkil etmişdir.
Muxtar respublikada 2020-ci ildə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 faizlik payla ilk yerdə təmsil olunmuşdur. 2010-cu ildə isə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payı 18,3 faiz təşkil etmiş və sıralamada 3-cü yerdə olmuşdur.