Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə qəbul edilmiş Dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. Həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində muxtar respublikada iqtisadiyyatın tarazlı və davamlı inkişafına nail olunmuşdur. Həyata keçirilən tədbirlər digər sahələr kimi, kənd təsərrüfatında da mühüm nəticələrin əldə olunmasına imkan vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən bələdiyyələr üzrə torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının hazırlanması və yenilənməsi diqqətdə saxlanılmışdır. Babək rayonu üzrə 18, Culfa rayonu üzrə 14, Şərur rayonu üzrə 20, Ordubad rayonu üzrə 6, Şahbuz rayonu üzrə 5, Kəngərli rayonu üzrə 7 bələdiyyənin, həmçinin dövlət ehtiyat fondunda əkinəyararlı torpaq sahələrinin qida maddələri ilə təminolunma kartoqramları yenilənmişdir.
Babək rayonu üzrə 6, Culfa rayonu üzrə 5, Şərur rayonu üzrə 26, Ordubad rayonu üzrə 7, Şahbuz rayonu üzrə 7, Kəngərli rayonu üzrə 9 bələdiyyəyə dair işçi planlar hazırlanaraq torpaq analizlərinin aparılması üçün təhvil verilmişdir.
Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində muxtar respublikada meyvə-tərəvəz əkinlərinin sahəsi genişlənmiş, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlmiş, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunmuşdur. 2020-ci ildə həyətyanı torpaq sahələrində salınmış meyvə bağları ilə birlikdə çoxillik əkmələrin sahəsi 6476 hektara çatmışdır ki, bunun da 6087 hektarı meyvə bağları, 389 hektarı üzümlüklər olmuşdur. 2015-ci illə müqayisədə meyvə əkinlərinin sahəsi 522 hektar, üzümlüklərin sahəsi isə 286 hektar artmışdır.
Muxtar respublikanın şəhər və rayonlarında torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri arasında əkin atlaslarına uyğun əkin aparılması, torpaqların münbitliyinin qorunması və artırılması, müasir əkin üsullarının və texnologiyalarının tətbiqi barədə maarifləndirmə işləri aparılmışdır. Torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar müvafiq bələdiyyələrə təqdim olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin hazırlanması davam etdirilmiş, 39 nəqliyyat infrastrukturu obyektində 4000-ə yaxın daşınmaz əmlak obyektinə naturada baxış keçirilərək dəqiqləşmə işləri aparılmışdır. 20 nəqliyyat infrastrukturu obyektində nəzərdə tutulan 2000-dən artıq ünvan lövhələri və giriş nömrə nişanları hazırlanaraq quraşdırılmasına başlanmışdır.
Torpaqların elektron kadastr uçotu informasiya sistemi sınaq rejimində istismar edilmiş və mövcud funksionallıqların təkmilləşdirilməsi davam etdirilmişdir. Sistemə torpaqdan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi üçün “Nəzarət və monitorinq” modulu, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması üçün yeni funksionallıqlar əlavə olunmuşdur.
Şərur, Sədərək, Kəngərli və Şahbuz rayonlarının bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, aşkar olunan uyğunsuzluqlar aradan qaldırılmışdır. Şərur, Sədərək, Kəngərli və Şahbuz rayonlarının bütün bələdiyyələri üzrə həyətyanı və pay torpaq sahələrinin yeni elektron sistemə miqrasiyası başa çatdırılmış, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri sistemə yerləşdirilməsi üçün dəqiqləşdirilmişdir.
Ərazi vahidləri üzrə əkin dövriyyəsindən kənarda qalan əkinəyararlı torpaq sahələrinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün muxtar respublika ərazisində monitorinqlər aparılmış, müxtəlif amillərin təsiri ilə deqradasiyaya məruz qalmış 8583 hektar torpaq sahəsi müəyyənləşdirilmişdir. Ərazilərdən götürülmüş torpaq nümunələrinin laborator analizləri aparılmış, analiz nəticələri, torpaqların mülkiyyət növləri və uqodiyalar üzrə hesabat cədvəlləri tərtib edilmiş, xəritələr hazırlanmışdır.
Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu bələdiyyələri ərazisində yeni suvarma xəttinin çəkilməsi nəzərdə tutulmuş 340 hektar, Şahbuz rayonunun Sələsüz, Mərəlik və Türkeş bələdiyyələrinin ərazisində qapalı suvarma şəbəkəsi qurulmuş 270 hektar, Ordubad və Culfa rayonları üzrə Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi 1190 hektar, Kəngərli rayon dövlət ehtiyat fondu və Böyükdüz bələdiyyəsinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi aparılmış 810 hektar, Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi 2091 hektar ərazidə topoqrafik planaalma işləri aparılmışdır.
Muxtar respublikada həyata keçirilən məqsədli Dövlət proqramları aqrar sektorun inkişafına stimul yaratmaqla dinamik artımını təmin etmişdir.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti