22 Dekabr 2024, Bazar

Aqrar sahə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında mühüm əhəmiyyətə malikdir. Bu sahənin dinamik inkişaf etdirilməsi və regionda ərzaq təhlükəsizliyinin təmin olunması həmişə diqqət mərkəzində saxlanılıb. Kənd təsərrüfatı məhsullarının gözlənilməz bədbəxt hadisələrdən sığortalanması da günün vacib tələbi kimi bu sahəyə məsul olan qurumlar qarşısında əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. 

Müxtəlif təbii, texnogen və üçüncü şəxslərin hərəkəti mənşəli risk faktorlarına həssas olan kənd təsərrüfatına bir sıra səbəblərdən dəyən maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edən aqrar sığorta bu sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərir. Nəticədə, aqrar sığorta sisteminin tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalının davamlılığı və dayanıqlılığı təmin olunur, sahəyə biznes marağının artmasına şərait yaranır.

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatında sənayedən sonra ikinci böyük sahədir. Buna görə də aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi qarşısında muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, insanların maarifləndirilməsi ilə yanaşı, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması kimi mühüm vəzifələr qoyulub.
Hazırda muxtar respublikada aqrar sığorta üzrə həyata keçirilən işlər bu sahədə ötən illərə nisbətən xeyli irəliləyişlər olduğunu göstərir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti publik hüquqi şəxsdən aldığımız məlumata görə, ötən ilin nəticələrinə əsasən mal-qara sığortası üzrə bağlanılmış müqavilələrin sayı 2426 olub ki, bu da əvvəlki illə müqayisədə 6,35 dəfə çoxdur. Belə bir artım aqrar sahə üzrə sığorta xidmətlərinə olan geniş maraqdan və gələcək perspektivdən xəbər verir. Bu müddətdə iribuynuzlu heyvanların sığortalanması üzrə 507, xırdabuynuzlu heyvanların sığortası üzrə 1593, arı ailələrinin sığortası üzrə 226 müqavilə bağlanılıb. Ötən il muxtar respublikada ilk dəfə olaraq ev quşlarının da sığortasına başlanılıb və 100 müqavilə bağlanılıb. Qeyd edək ki, bu müqavilələri bağlayan təsərrüfat subyektlərinin 90 faizindən çoxu ailə təsərrüfatçılarıdır.
Əkin sahələrinin sığortasına gəldikdə isə ənənəvi olaraq burada da taxıl əkinlərinin sığortası ilə yanaşı, bir sıra yeni sahələr üzrə torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılıb. Belə ki, ötən il müxtəlif tərəvəz, göbələk və gülçülük təsərrüfatları, meyvə bağları sahibləri ilə də sığorta müqavilələri bağlanılıb.
Göründüyü kimi, aqrar sahə üzrə sığorta könüllü sığorta olsa da, aparılan maarifləndirmə işləri və səyyar sığorta xidmətləri sayəsində bu sahədə əvvəlki illərə nisbətən xeyli artım vardır. Ayrıca olaraq baş vermiş sığorta hadisələrinə görə dəymiş zərərlərin vaxtında ödənilməsi də sığortalıların bu sahəyə olan marağını artıran amil kimi diqqəti cəlb edir. Bütün bunlar isə, son nəticədə, aqrar sahədəki istehsalçıların maraqlarının qorunmasına yönəlmiş dövlət siyasətinin bəhrəsidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR