22 Dekabr 2024, Bazar

Hər bir ölkənin iqtisadiyyatında mühüm çəkiyə malik olan sahələrdən biri kənd təsərrüfatıdır. Əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə, həmçinin sənayenin xammala olan tələbatının ödənilməsində aqrar sahənin rolu danılmazdır. Odur ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda kənd təsərrüfatının elmi əsaslarla inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davamlı xarakter alıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”, 2021-ci il 12 mart tarixli “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və bunlardan əvvəl imzalanmış, icrası başa çatmış və icra edilməkdə olan digər belə dövlət sənədləri kənd təsərrüfatı ilə məşğul olanlara və həm də hər birimizə göstərilən qayğının ifadəsidir. Çünki müxtəlif sahələrin inkişafı ilə bağlı qəbul edilən müxtəlif Dövlət proqramları insanların üzləşdikləri çətinliklərin qaldırılmasında, yeniliklərin tətbiqində və digər məsələlərin müasir standartlar səviyyəsində həll edilməsində mühüm rol oynayır. 

Bu gün sirr deyil ki, kənd təsərrüfatı ilə məşğul olanlar sırasında güclü sahibkarlar və ailə təsərrüfatları yetişib. Hər il sahibkarlarla ənənə şəklini alan, cari ildə isə fevral ayının 27-də Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır, istehsal edilən sənaye məhsulunun 93 faizini özəl bölmə təşkil edir. Kənd təsərrüfatı olmadan nə sahibkarlığın inkişafına, nə də ərzaq təhlükəsizliyinin təmin olunmasına nail olmaq mümkündür. Ona görə də muxtar respublikada aqrar sahənin inkişafı diqqətdə saxlanılır, torpaq mülkiyyətçiləri və fermerlər müasir texnika və texnoloji avadanlıqlarla, mineral gübrələrlə təchiz edilir, subsidiya və güzəştli kreditlər verilir, aqrar sığorta sistemi tətbiq olunur. Artıq muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır”.

Onu da qeyd edək ki, əhalisinin 70 faizinin kəndlərdə məskunlaşdığı muxtar diyarımızda bu sahəyə davamlı qayğı illərdir ki, bəhrələrini verməkdədir.
Görülən işlərin insanları ən qiymətli sərvət olan torpağa daha sıx tellərlə bağlaması da təbiidir. Torpağa alın təri tökən hər bir naxçıvanlı torpaq adamı bunların müqabilində iqtisadiyyatımızın gücləndirilməsinə töhfə verməsini özünün vətəndaşlıq borcu hesab edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” isə bu istiqamətdə atılan növbəti addımdır. Bu proqram məhsul istehsalçılarına torpaqlardan daha səmərəli istifadə etmək, ərzaq təhlükəsizliyinə yardımçı olmaq, daxili bazarda yerli istehsalın çəkisini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Adıçəkilən yeni dövlət sənədində qeyd olunur ki, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş və icrası uğurla başa çatdırılmış müxtəlif proqramlar aqrar sahədə istehsalın həcmini artırıb, əkin sahələri genişlənib, torpaq mülkiyyətçiləri, fermerlər, ailə təsərrüfatları formalaşıb, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub. Məhsul istehsalının artması isə emal sənayesinin inkişafına təkan verib, ixrac potensialı formalaşıb.
Yeni proqramın məqsədi isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq, bu sahə ilə məşğul olan ailə təsərrüfatlarını formalaşdırmaq, özünüməşğulluğu təmin etməkdən ibarətdir.
Proqramın həyata keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlər planı müxtəlifşaxəlidir. İlk olaraq onu diqqətə çatdıraq ki, proqrama əsasən kənd təsərrüfatında müxtəlif istehsal sahələrinin yaradılmasında rayonların sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınacaq. Bu istiqamətdə görüləcək işlər sırasında yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin, kompost gübrə istehsalı sahəsinin yaradılması, qarğıdalı yağı istehsalına başlanılması, qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi nəzərdə tutulub.

Qarşıya qoyulan vəzifələrdən biri müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması, bu sahədə fəaliyyətin təşviq edilməsidir. Bu məsələnin reallaşması isə o deməkdir ki, muxtar respublikamızda əhalinin ilboyu belə məhsullardan istifadəsinə imkan yaranacaq.
Proqramda ailə təsərrüfatlarının gələcək fəaliyyətləri ilə bağlı vəzifələr də öz əksini tapıb. Belə ki, onların ixracyönümlü məhsul istehsalına təşviq edilməsi, ixrac bazarları haqqında sahibkarlar və ailə təsərrüfatlarının məlumatlandırılmaşı, ixracyönümlü məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi, həmçinin xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulub.
Məhsul istehsalının bazarın tələbatına uyğun planlaşdırılması kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsinə səbəb olacaq, bunun üçün tədbirlər həyata keçiriləcək, elektron uçot-informasiya sistemi qurulacaq. Emal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidinin və əmtəəlik göstəricilərinin yüksəldilməsinə diqqət artırılacaq. Daxili bazarın tələbatının və ixrac imkanlarının təhlil edilməsinə, yeni yaradılan müəssisələrin rentabellik göstəricilərinin müəyyənləşdirilməsinə ciddi önəm veriləcək. Proqramda ixracyönümlü məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi məsələləri də nəzərdə tutulub.
Bütün bunlar kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunmasını sürətləndirəcək və xəritələşdirilməsi istiqamətində tədbirlər diqqətdə saxlanılacaq. Deməli, özünüməşğulluq proqramı yeni müstəvidə davam etdiriləcək, bu da aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsinə stimul olacaq.
Göründüyü kimi, proqramdan irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi qarşıdakı beş ildə çox mühüm məsələlərin həllinə nail olunmasını təmin edəcək. Gəlinən nəticə odur ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” hər birimizə qayğının daha bir ifadəsi olmaqla, kənd təsərrüfatının dayanıqlı inkişafının tam təmin edilməsini, istehsal olunan məhsulların ixrac potensialının artırılmasını, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasını, muxtar respublika iqtisadiyyatına yeni töhfələr verilməsini daha da sürətləndirəcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR