Bahar zəhmət, əmək və nemət fəslidir. İlin bu fəslində hava təmiz, Günəş bol, arzular qanadlı, qəlblər ilhamla dolu olur. İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olub, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə və süni maneələrə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıbdır. Novruz bayramı ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq, qardaşlıq tellərinin möhkəmləndirilməsi, onların bir-birinə diqqətinin və qayğısının artırılması üçün gözəl zəmin yaradır.
Hər il olduğu kimi, bu il də Naxçıvan şəhərindəki Mərkəzi Bazarda baharın gəlişi, Novruz bayramı münasibətilə təşkil edilən yarmarkada xoş əhval-ruhiyyə hiss edilir. Yarmarkanın elə ilk günündə buraya gələnlərin ardı-arası kəsilmir. Hiss olunur ki, sakinlər neçə illərdir, mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu insanların çöhrələrindən də duymaq çətin deyil. Çünki onlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan münasib qiymətə ala bilirlər. İstehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunur. Yarmarkanın təşkil olunmasında məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.
Biz də həm ziyarət, həm ticarət, – deyib satıcı və alıcılarla həmsöhbət oluruq.
Ordubad rayonunun Vənənd kəndindən gəlmiş Yaqut Babayeva muxtar respublikamızdakı fəal qadın ailə təsərrüfatçılarından biridir. O deyir:
– Diyarımızda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb. Kim istəyir həyətində, pay torpağında istixana yaradır, bunun sayəsində isə qış fəslində də bazar və dükanlarımızda təzə göyərti, tərəvəz bol olur. Həyətyanı sahəmdə və pay torpağımda əkib-becərdiyim məhsullardan hazırladığım yeməkləri, müxtəlif turşu növlərini, mürəbbə, doşab, meyvə cemlərini yarmarkaya gətirmişəm. Bunlarla yanaşı, qida kimi istifadə olunan yabanı bitkilərin, gündəlik istifadə etdiyimiz göyərtilərin qurusu da alıcıların diqqətini cəlb edir.
Kəngərli rayonundan olan İlyas Osmanov da ailə təsərrüfatı sahibidir. O, yarmarkaya müxtəlif məhsullar gətirib. Deyir ki, münbit torpağımız və dövlət qayğısı bizi öz elimizə, obamıza, torpağımıza daha möhkəm bağlayıb. Əmək sərf edərək əkib-becərir, qarşılığını isə ikiqat görürük. İndi istər qadın, istərsə də kişi olsun, zəhmət çəkən bəhrəsini dadır. Dövlətimiz bizim yaxşı dolanışığımız üçün hər cür şərait yaradıb. Məhsulumuzu istədiyimiz kimi satır, ailə büdcəmizi artırırıq. Bu cür yarmarkaların təşkili hamının ürəyincədir.
Naxçıvan şəhər sakini Anar Əliyev də yarmarkaya məhsul gətirənlər sırasındadır. Onun dediklərindən:
– Yarmarkaya məhsul gətirənlərə hərtərəfli şərait yaradılıb. Səliqə-sahman da satıcı və alıcıların ürəyincədir. Burada məhsulları bazar qiymətindən 10-15 faiz ucuz təklif edirik. Yarmarkaya gətirdiyim müxtəlif ölçüdə qablaşdırmalarda partlayan qarğıdalı, qovurğa, sumaq da alıcıların diqqətini cəlb edir. İndiyədək gətirdiyim məhsulun, demək olar ki, yarıdan çoxunu satmışam.
Yarmarkaya gəlmişkən buradakı alıcılarla da həmsöhbət oluruq. Naxçıvan şəhər sakini Validə Məmmədovanın dediklərindən:
– Bu günlərdə biz qadınları düşündürən əsas məsələ bayramda süfrəmizi necə bəzəyəcəyimizdir. Əvvəllər bayram yaxınlaşanda bilmirdik ki, neyləyək. 90-cı illərin əvvəlləri yaxşı yadımdadır, həm meyvə, həm tərəvəz, həm də ki, ət sarıdan əziyyət çəkirdik. Uşağın da, qonağın da yanında üzüqara olurdu insan. Bu gün isə min şükür, sağ olsun, dövlətimizi bolluq yaradıb. Ürəyin istəyən yerli məhsulu keyfiyyət və dadına əminliklə alıb süfrəyə qoya bilirsən.
Həmsöhbət olduğum digər şəhər sakinləri də yarmarkanın təşkilindən razılıq etdilər. Bildirdilər ki, belə tədbirlər torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinləri daim cəlb edir.
Biz də qarşıdan gələn əziz bayramı rəngarəng və ləziz nemətlərlə dolu zəngin süfrə arxasında keçirmək istəyən yurddaşlarımızı bu yarmarkadan yararlanmağa dəvət edirik.
Telli MƏMMƏDOVA