Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi cari ilin fevral ayında da Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq ötən ay Sədərək, Şərur və Kəngərli rayonları ərazisində mövcud olan kanal, kollektor və drenaj şəbəkələrinin əhatə etdiyi ərazilərin topoqrafik planları hazırlanmışdır. Ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Culfa rayonunda bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Ay ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Yengicə, Şəhriyar, Dəmirçi və Arbatan, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılmış, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılmışdır. Kəngərli rayonunun Böyükdüz, Qabıllı və Yurdçu kəndlərinin ərazisində aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
Ötən ay 574 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 448 texniki sənəd hazırlanmış, yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 88 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində 43 vətəndaşın müraciətinə baxılmış, 4 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, təsərrüfat fəaliyyəti ilə əlaqədar 1 ailə təsərrüfatının icarəsinə verilmiş 2,33 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti