Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarında maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
Üç gün ərzində keçirilməsi nəzərdə tutulan təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Təlim başlanmazdan əvvəl Mərkəzin direktoru Mehriban İmanova çıxış edərək bildirib ki, təlimdə iştirak etmək maliyyə-mühasibat işçilərinə mühasibat uçotunun təşkili və aparılması, eləcə də maliyyə və vergi hesabatlarının hazırlanması, təqdim olunması ilə bağlı biliklərini təkmilləşdirmək, hər iki uçot arasında olan oxşar və fərqli cəhətləri təhlil etmək imkanı yaradacaq.
Təlimin ilk iki günü Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktik əsasları” mövzusunda çıxış edərək maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri və praktik mahiyyətini zənginləşdirilmiş slaydlar vasitəsilə izah edib, müvafiq praktik tapşırıqlar yerinə yetirilib.
Təlimin üçüncü günü Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Babək Rayon Vergilər İdarəsinin Mühasibat uçotu və təsərrüfat bölməsinin rəisi-baş mühasibi Cavid Ələkbərov “Büdcə təşkilatlarında vergi uçotunun təşkili” mövzusunda çıxış edərək vergi hesabatı sənədlərinin və vergi uçotu registrlərinin saxlanması, vergi bəyannamələrinin, hesabatlarının tərtib edilməsi və göndərilməsi qaydalarının dinlənilməsi nəzərdə tutulub.
Təlimin sonunda sertifikatlar təqdim ediləcək.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti