Muxtar respublikada torpaq və su ehtiyatlarının qorunması və onun məhsuldarlığının artırılması, suvarılan sahələrin genişləndirilməsi, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən fevral ayında 6,4 kilometr yeni suvarma, 170 metr qapalı drenaj xətti çəkilmiş, 800 metr yeni açıq drenaj kanalı qazılmış, 5 kilometr içməli su, 1,5 kilometr təzyiqli boru xətti təmir edilmiş, 41 kilometr beton və torpaq kanal, 18 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmişdir. Şoranlaşmanın qarşısını almaq məqsədilə görülən işlər hesabına 36,4 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Ötən ay Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 4 kilometr suvarma xətti çəkilmiş, 18 hovuz və hidrant quraşdırılmışdır.
Muxtar respublikada əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün mövcud xətlərdə təmir-bərpa işlərinin aparılması, yeni içməli su xətlərinin quraşdırılması davam etdirilmişdir. Həmçinin subartezian quyularının və kəhrizlərin istismara yararlılığı diqqətdə saxlanılmış, 3 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmiş, 40 subartezian quyusu təmir olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti