16 Aprel 2024, Çərşənbə axşamı

Məşğulluq əməkqabiliyyətli əhalinin işsizliyinin aradan qaldırılmasının maddi əsasını təşkil edir. Belə ki, məşğulluq artdıqca işsizlik azalır. İşsizliyin aradan qaldırılması isə demoqrafik vəziyyətin inkişafı və artan tələbatla əlaqədar olaraq yeni iş yerlərinin və xidmət sahələrinin açılması sayəsində aradan qaldırılır. Deməli, əməkqabiliyyətli əhalinin işlə təmin olunması mühüm iqtisadi və sosial məsələdir. Bu mənada, məşğulluq hər bir cəmiyyətin firavanlığı və əhalinin yaşayış səviyyəsinin əsas göstəricisi kimi qəbul edilir. İnsan amilinə qayğını dövlət siyasətinin bütün istiqamətlərində əsas götürən ölkəmizdə əhalinin məşğulluğu və həyat səviyyəsinin yüksəldilməsi başlıca və əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. 

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada da həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunun təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin sistemli və daimi olmasını təmin edib. Proqramda işaxtaran vətəndaşların məşğulluğu və sosial müdafiəsinin gücləndirilməsi əsas mahiyyət kimi qarşıya qoyulub və bu istiqamətdə konkret tədbirlər görülüb. 

Proqramın icrası çərçivəsində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə muxtar respublikada əmək bazarının tələbləri nəzərə alınmaqla əmək yarmarkaları təşkil edilib. Məşğulluq xidməti orqanları tərəfindən diyarımızda fəaliyyət göstərən müəssisə və təşkilatlardan boş iş yerləri haqqında məlumatlar toplanılıb, həmin yerlər əmək yarmarkalarında işaxtaranlara təqdim olunub. Vətəndaşların məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə yeni istehsal və xidmət müəssisələri yaradılmasına diqqət artırılıb, mövcud müəssisələrin fəaliyyəti genişləndirilib. Xüsusilə bu tədbirlər çərçivəsində özəl sektorun inkişafına geniş meydan verilib. Çünki hər bir iş yeri bir ailənin yaşaması deməkdir.

Bir sözlə, Dövlət proqramının icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Proqramın icrası nəzərdə tutulan illər ərzində həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 12479 yeni iş yeri açılıb, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılıb, 14699 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilib, 1284 nəfər ictimai işlərə göndərilib, əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş peşə kurslarını 1797, cəzaçəkmə müəssisəsində təşkil edilmiş kursları 133, Təhsil Nazirliyinə tabe olan peşə təhsili müəssisələrində təşkil edilmiş kursları isə 14672 nəfər olmaqla, ümumilikdə, muxtar respublika üzrə peşə kurslarını 16602 nəfər bitirib.
Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb, 76 nəfər kvota yerlərinə, sağlamlıq imkanları məhdud 446 nəfər münasib işlərə göndərilib, sağlamlıq imkanları məhdud şəxslərdən 132 nəfər peşə təhsilinə cəlb edilib, müvafiq peşə təhsilinə malik sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunmasına köməklik göstərilməsi məqsədilə 446 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib.
Muxtar respublikada reallaşdırılan məşğulluq strategiyasında aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması da əsas məsələlərdən biri kimi diqqətdə saxlanılıb. Bu məqsədlə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilib. Muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əməkqabiliyyətli ailə üzvlərinin fəal əməyə və özünüməşğulluq proqramına cəlb olunması ehtiyac meyarının davamlı artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayının ilbəil azalmasına səbəb olub.
Bu mənada, özünüməşğulluq layihəsinin tətbiqinin də əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Özünüməşğulluq proqramına, əsasən, əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Həmçinin özünüməşğulluq proqramı sosial ədalət prinsipinin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Təkcə ötən ilin müvafiq göstəricilərinə diqqət yetirmək kifayətdir ki, qeyd etdiklərimiz tam mənası ilə öz təsdiqini tapsın: 2020-ci ildə bu istiqamətdə muxtar respublika üzrə, ümumilikdə, 291 ailə müəyyənləşdirilib. Həmin ailələrdən 204 ailəyə 1 baş yanıbalalı iribuynuzlu, 47 ailəyə 10 baş yanıbalalı xırdabuynuzlu heyvan verilib. Bundan başqa, 23 ailəyə miniyerşumlayan aqreqat, 2 ailəyə döşəmə hamarlayan dəzgah, 1 ailəyə təndir çörəyi, kətə və digər unlu məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 3 ailəyə qaynaqçı avadanlıqları və ləvazimatları, 3 ailəyə 10 arı ailəsi, 2 ailəyə ev quşları və quş yemi, 3 ailəyə dərzi avadanlıqları və ləvazimatları, 1 ailəyə mebellərin təmiri və üzlənməsi üçün avadanlıq və ləvazimatlar, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat və 1 ailəyə qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar verilib. Bu rəqəmlər bir il öncəki göstəricidən 151 nəfər çox olub.

Dövlət proqramının icrası mərhələli şəkildə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımından asılılığını aradan qaldırıb və beləliklə, kiçik biznes, yəni fərdi ailə təsərrüfatları formalaşıb. Məsələn, 2020-ci ildə özünüməşğulluq proqramı çərçivəsində müqavilə əsasında istifadəyə verilən aktivlər müddəti bitdiyi üçün 15 ailənin mülkiyyətinə keçirilib. Onu da qeyd etmək lazımdır ki, proqrama cəlb olunan vətəndaşlara verilən aktivlərdə və təsərrüfatlarda daimi olaraq artım müşahidə edilir. Bu da onların sosial rifah halının yaxşılaşdırılmasına, məşğulluqlarının təmin olunmasına və şəxsi sahibkarlıqlarını inkişaf etdirmələrinə köməklik göstərir. Bir sözlə, Dövlət proqramının icrası nəticəsində son illər özünüməşğulluq sahələri genişlənib, yeni ailə təsərrüfatları formalaşıb. Öz imkanlarını genişləndirən ailə təsərrüfatları isə müəyyən zaman keçdikdən sonra kiçik və ya orta sahibkarlıq subyektlərinə çevrilir. Bununla da həm Naxçıvan brendi altında məhsul istehsalında çeşid və məhsul bolluğu yaranır, həm də əhalinin həyat səviyyəsi yüksəlir, işsizlik problemi aradan qalxır. Bir sözlə, insan amilinə göstərilən bu qayğılar Naxçıvanda sosial-iqtisadi inkişafın artan tempini təmin edir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis edilmiş şəxslərin də məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərlə mütəmadi görüşlər keçirilib, onlar vakant iş yerləri ilə tanış edilib, maraqlarına uyğun müvafiq peşə və ixtisaslara yiyələnmək üçün peşə hazırlığı kurslarına cəlb olunublar.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada bütün sahələrdə mütəxəssis kimi formalaşan qadınlarımız, həmçinin bu gün sahibkar kimi də öz sözlərini deyirlər. Son statistik məlumatlara görə, muxtar respublikada 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatları kimi dövlət qeydiyyatına alınan 1040 təsərrüfatdan 79-u qadınlar tərəfindən idarə olunur. Muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı kimi ötən il “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi icra olunub. Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində icra olunan layihədə biznes qurmaq istəyən xanımlara maliyyə və metodik dəstək göstərilib. Qrant layihənin sonunda 102 qadına 69 250 manat məbləğində sərmayə kapitalı verilib. Bunun da 53600 manatı, yəni 77,4 faizi onlara ailə təsərrüfatını genişləndirmək və ya yenidən qurmaq üçün 15650 manatı, yəni 22,6 faizi isə toxuculuq, dərzilik, bərbərlik və digər sənətkarlıq sahələri ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib.
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərin də məşğulluğu diqqət mərkəzində saxlanılır. Bütün bunlar məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə daha intensiv inteqrasiyasına zəmin yaradır. Bəhs olunan proqramın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə də əsaslı zəmin yaradıb. Təkcə ötən il sağlamlıq imkanları məhdud olan 55 nəfər münasib işlə təmin edilib, 67 nəfər özünüməşğulluq proqramına cəlb olunub, sosial xarakterli haqqı ödənilən ictimai işlərə isə 30 nəfər göndərilib. Hər il keçirilən qadınların əl işlərindən ibarət sərgilərdə bu kateqoriyadan olan şəxslərin də iştirak etməsi məşğulluq strategiyası sahəsində əldə edilən uğurlardandır.
Son illər davam etdirilən və icrası başa çatdırılan Dövlət proqramları bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyişlərin əldə olunmasına rəvac verib.
Vurğulamaq lazımdır ki, muxtar respublikamızda əhalinin məşğulluğunun təmin olunması ilə bağlı həyata keçirilən sosial siyasət davamlı xarakter daşıyır. Elə bunun nəticəsidir ki, bu il yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “2021-2025-ci illərdə Naxçıvan MuxtarRespublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında növbəti Sərəncam imzaladı. Proqramın qəbulu növbəti illərdə də məşğulluq məsələlərinin diqqət mərkəzində olacağından və bu sahədəhəyata keçiriləcək sosial tədbirlərin əhatəsinin genişlənəcəyindən xəbər verir.

 Gülcamal TAHİROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR