Əhalinin əlverişli bank xidmətlərindən daha səmərəli yararlanması üçün 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa, Ordubad, Kəngərli rayonlarında filialları istifadəyə verilib. Şahbuz rayon mərkəzində bankın yeni filialı üçün binanın tikintisində hazırda son tamamlanma işləri aparılır. Ümumilikdə, 465 kvadratmetr sahədə yerləşəcək bina iki mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, qiymətlilərin saxlanılması və gözətçi otaqları, müştəri zalı, qazanxana yerləşəcək. İkinci mərtəbə isə direktor və əlavə iş otaqları üçün nəzərdə tutulub.
Yeni filial əhalinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq, burada biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcək.
Telli MƏMMƏDOVA