Naxçıvanın duzu...
...Bundan əvvəl yolu Bakıya düşənlər öz tanış-bilişlərinə Naxçıvan duzundan da bir pay tutardılar. Mağazalarımızda isə qiyməti 7 qəpiyə olan xörək duzu ayaq tutub yeriyərdi. Bu gün isə mağazalarımızda duz tapılmır, istəyirsən bütün dükanları ələk-vələk elə. Yayın isti günündə bir pomidora səpməyə belə, duz tapılmaz. Elə həmin andaca ağlına dəmiryolunun işləməməsi, blokada gəlir. Deyirsən, bəlkə, başqa ərzaq məhsulları kimi duzu da gətirmək çətindir. Yox, tez də fikrindən daşınırsan. Naxçıvan duzu muxtar respublika mərkəzinin cəmi 8 kilometrliyindədir. İraq olsun, bəlkə, o şöhrətli duzun ehtiyatı tükənib? Yox, bu da deyil. Bircə həqiqət budur ki, tükənməz duz ehtiyatına malik olan Naxçıvanın əhalisi duz sarıdan korluq çəkir. Nəzərə alsaq ki, duz ən çox işlənən ərzaq sayılır, onda qarşıya çıxan çətinliyi tam aydınlığı ilə başa düşərik. Bu gün hansı mağazaya baş vurub “duz varmı?” deyə soruşsan “tapılmaz” cavabını eşidərsən.
Bilirəm, bu yazını oxuyanlar bir andaca gileylənəcək: rəhmətliyin qızı, tək duz dərdi olsaydı, nə bəxtəvər idik. Elə piyada mədənə gedib sal duz gətirib evdə özümüz döyərdik...
“Şərq qapısı” qəzeti
19 avqust 1992-ci il
Haşiyəli dağların bəyaz donlu sərvəti...
Bu qiymətli sərvətimiz keçmişdə...
Muxtariyyətin güzgüsünə çevrilən “Şərq qapısı” qəzetinin 1992-ci il 19 avqust tarixli nömrəsindəki “Naxçıvanın duzu...” sərlövhəli məqalədə jurnalist həmkarım muxtar respublikanın təbii sərvəti olan, bir zamanlar el-el, oba-oba gəzən duzun yoxa çıxmasından, istehsal müəssisəsinin fəaliyyətsizliyindən ürəkyanğısı ilə söhbət açır. Keçmişdən bu günə müxtəlif tarixi dövrləri, xalqımızın həyat və məişətini xarakterizə etdikdə bu təbii sərvətin milli kimliyimizlə, varlığımızla necə sıx bağlı olduğunu hiss etmək, duymaq çətin deyil. Bəli, ötən əsrin 90-cı illərinin acı həqiqətləri dədə-babalarımızdan qalma “duz-çörək haqqı” deyib varlığına and içdiyimiz bu nemətə – bir tikə çörək kimi bir çimdik duza da möhtac qoydu naxçıvanlıları. Əsrlərboyu şöhrəti aləmi gəzən, neçə-neçə ticarət karvanlarının yolunu buradan salmağa sövq edən duza bu qədər yaxın olub da öz varına-sərvətinə həsrət qalmaq, həqiqətən, ürək sızladan mənzərədir...