Naxçıvan Muxtar Respublikasında uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən məşğulluğun təminatıdır. Bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da məşğulluq sahəsində kompleks tədbirlərin uğurla davam etdirilməsi üçün yeni imkanlar yaradır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında qeyd olunduğu kimi: “Qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalmaqla Naxçıvan Muxtar Respublikasının inkişafı təmin edilməli, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşdırılmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaradılmalı, sosial sahələrin inkişafına diqqət artırılmalıdır”.
Dövlət proqramında 36 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuş, onların icrası ilə bağlı işlər 2020-ci ilin ikinci rübündə də davam etdirilmişdir. Müasir infrastruktur obyektlərinin, yerli resurslara əsaslanan istehsal və xidmət müəssisələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi muxtar respublikada məşğulluğun artırılması sahəsində mühüm rol oynamışdır. Yeni istifadəyə verilən müəssisələrdə əhalinin işlə təmin olunması aparılan məqsədyönlü iqtisadi siyasətin mərkəzində insan faktorunun dayandığını bir daha sübut edir. Aprelin 9-da Ali Məclis Sədrinin iştirakı ilə Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verilmişdir. 60 nəfərin işlə təmin olunduğu toxumçuluq təsərrüfatı muxtar respublikada aqrar sektorun inkişafında xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, məşğulluq sahəsində də mühüm rol oynayacaqdır. Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri zavodun istifadəyə verilməsinin muxtar respublikada məşğulluğun təmin olunmasına mühüm töhfə olduğuna diqqəti çəkərək demişdir: “Zavodda 72 nəfər işlə təmin edilmişdir. Fəaliyyətin səmərəli qurulması gələcəkdə yeni iş yerlərinin açılmasına və digər təbii sərvətlərimizdən də səmərəli istifadəyə imkan verəcəkdir”.
Dövlət proqramında xüsusi əhəmiyyət kəsb edən tədbirlərdən biri də kənd xidmət mərkəzlərinin müvafiq kadrlarla təmin olunmasıdır. Muxtar respublikanın kəndlərində aparılan kompleks quruculuq işləri insanların sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi istiqamətində də mühüm əhəmiyyətə malikdir. Mayın 18-də Ali Məclisin Sədri tərəfindən açılışı həyata keçirilən Muğancıq-Mehrab kənd xidmət mərkəzində 6 nəfər işlə təmin olunmuşdur.
İkinci rübdə, eyni zamanda nəqliyyat sektorunun inkişafı ilə bağlı görülən işlər də əhalinin məşğulluq səviyyəsinin yaxşılaşmasına şərait yaratmışdır. İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus təqdim edilmişdir. Yeni avtobusların xəttə buraxılması həm şəhərdaxili sərnişindaşıma xidmətinin müasir tələblər səviyyəsində qurulmasına, həm də 12 nəfərin işlə təmin olunması ilə məşğulluğun artırılmasına xidmət etməkdədir.
Qeyd olunanlarla yanaşı, ikinci rübdə Naxçıvan şəhərində “Naxçıvan – Təmiz Şəhər” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tullantıların yığılması, emalı, ləğv edilməsi və topdansatış sahəsinin, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən “Decoria” Alış-Veriş Mərkəzinin yenidən qurulması başa çatdırılmışdır. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan bölməsinin, Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsinin, “Gənclər Yaşayış Kompleksi”nin qurulması, odun kömürü istehsalı sahəsinin, böyük həcmli su taraları üçün plastik kapsul və qapaq istehsalı sahəsinin yaradılması, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin və unlu-qənnadı məmulatlarının istehsalı sahəsinin genişləndirilməsi davam etdirilmişdir.
Aprel-iyun aylarında proqramın icrası istiqamətində əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilmişdir. Vergi orqanlarında qeydiyyatdan keçən fiziki və hüquqi şəxslər haqqında məlumatlar təhlil olunaraq boş iş yerləri məşğulluq mərkəzlərində qeydiyyata alınmışdır. Ümumiyyətlə, ikinci rübdə məşğulluq xidməti orqanları tərəfindən 642 nəfər vakant iş yerlərinə göndərilmişdir ki, onların da 165-ni gənclər, 118-ni qadınlar, 5-ni isə sağlamlıq imkanları məhdud şəxslər təşkil edir.
Yeni iş yerlərinin yaradılmasında sahibkarlığın müxtəlif formalarının inkişafının rolu əvəzsizdir. Sahibkarlığın formalaşması iqtisadi inkişafın, məşğulluğun təmin olunmasının və həyat səviyyəsinin yüksəldilməsinin mühüm şərtlərindəndir. Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı məşğulluq sahəsində də səmərəliliyin artırılmasına səbəb olmuşdur. Həyata keçirilən tədbirlər bir tərəfdən sahibkarlıq fəaliyyətini stimullaşdırırsa, digər tərəfdən də yeni iş yerlərinin yaradılması ilə işaxtaranların səmərəli məşğulluğunun təmin olunmasına xidmət edir. Dövlət proqramında da müəyyən olunan aktiv məşğulluq tədbirləri içərisində kiçik və orta sahibkarlığın inkişafı, həmçinin iş yerlərinin açılması məqsədilə dövlət maliyyə dəstəyinin göstərilməsi xüsusi yer tutur. İkinci rübdə bu istiqamətdə müvəkkil kredit təşkilatları tərəfindən məqsədəmüvafiq hesab edilən layihələr Sahibkarlığın İnkişafı Fonduna göndərilmişdir. Muxtar respublikada istehsal və xidmət sahələrində dövlət maliyyə dəstəyi hesabına 59, özəl investisiya qoyuluşu hesabına 147 olmaqla, ümumilikdə, 206 yeni iş yeri yaradılmışdır. Həmçinin bu dövrdə dövlət maliyyə dəstəyi hesabına 472, özəl investisiya qoyuluşu hesabına 25 olmaqla, ümumilikdə, 497 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilmişdir. Dövlət proqramında müəyyən edilmiş mütərəqqi tədbirlərdən biri də kreditləşməsi zamanı, ilk növbədə, sahibkarların innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələrinə üstünlük verilməsidir. İkinci rübdə bu məqsədlə Naxçıvan şəhəri üzrə 1 hüquqi şəxsə 3 milyon manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Məşğulluğun təmin olunmasında əmək yarmarkalarının rolu xüsusilə qeyd edilməlidir. Məhz bu yarmarkalarda işaxtaranlara vakant iş yerləri təklif olunur, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun göndərişlər verilir, peşəsi olmayan və ya bacarığına uyğun iş tapmaqda çətinlik çəkən şəxslər peşə hazırlığına cəlb olunur. Dövlət proqramında da əmək yarmarkalarının mütəmadi olaraq keçirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. İkinci rübdə yarmarkalara 198 müəssisədən 1580 boş iş yeri çıxarılmış, 209 nəfər işlə təmin olunmuşdur. İşə göndərilənlərdən 105-i dövlət, 104-ü isə özəl sektorun payına düşür. Eyni zamanda ordu sıralarından tərxis olunan 4 nəfər peşə təhsilinə cəlb edilməsi üçün qeydiyyata götürülmüşdür.
Muxtar respublikada məşğulluq səviyyəsinin artırılmasına təsir edən mühüm faktorlardan biri də rayonların sosial-iqtisadi inkişaf perspektivləri, kənd yerlərində bu sahədə formalaşmış ənənələr nəzərə alınmaqla fərdi təsərrüfatların və kiçik müəssisələrin yaradılmasıdır. Aprel-iyun aylarında 2 hektarda kartof, 12 hektarda qarğıdalı və bostan bitkilərinin əkini, 8 heyvandarlıq, 1 bağçılıq, 2 arıçılıq təsərrüfatı, eləcə də 1 cücə istehsalı, 2 meyvə-tərəvəz məhsullarının qablaşdırılması sahəsi yaradılmışdır. Eyni zamanda 5 heyvandarlıq, 1 bağçılıq təsərrüfatının genişləndirilməsi və 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası başa çatdırılmışdır.
Muxtar respublikada son illərdə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Bu da dinamik iqtisadi inkişafı təmin etmişdir. Həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Əmək bazarının düzgün təhlili və buna uyğun peşə hazırlığının təşkili əhalinin səmərəli məşğulluğunun təmin edilməsi yolu ilə həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında böyük rol oynayır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın məqsədlərindən biri də muxtar respublikada peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. İkinci rübdə bu istiqamətdə müxtəlif ixtisaslar üzrə peşə kurslarının təşkili diqqət mərkəzində olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilmiş kurslara 28 nəfər cəlb edilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, xalçaçı, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər ixtisasartırma kurslarında, ümumilikdə, 80 müdavim təhsilini davam etdirmişdir. Mərkəzdə ilin əvvəlindən başlamış qazanxana maşinisti və bərbər kurslarını ikinci rübdə 37 müdavim bitirmişdir. Təhsil Nazirliyinə tabe olan müəssisələrdə isə gözətçi, bərbər, kompüter istifadəçisi və xalçaçı peşələri üzrə kurslarda 75 müdavim peşə təhsilini başa vurmuş, turizm agenti, dərzi və aşpaz peşələri üzrə 41 nəfər təhsilini davam etdirmişdir.
Muxtar respublikada аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlbinə, məşğulluğunun təmin оlunmаsınа хüsusi diqqət yеtirilir. Bu baxımdan sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhatə dairəsi genişləndirilmişdir. Dövlət proqramında bu istiqamətdə mühüm tədbirlər müəyyən edilmiş və ikinci rübdə icrası həyata keçirilmişdir. Sosial müdafiəyə xüsusi ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa rayonları üzrə dövlət və özəl müəssisələrdə kvota yerləri ayrılmış, bu kateqoriyadan olan 3 nəfər kvota yerlərinə işə göndərilmişdir. “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində 39 qadına 25 min 550 manat dəyərində sərmayə kapitalı verilmişdir ki, bu qadınlardan 3-ü sağlamlıq imkanları məhdud şəxsdir. Eyni zamanda 68 aztəminatlı ailənin özünüməşğulluğunun təmin olunmasına, fərdi təsərrüfatının yaradılmasına və inkişaf etdirilməsinə köməklik göstərilmişdir. Bu ailələrdə 4 müharibə veteranı, 46 əlilliyi olan, 10 ailə başçısını itirmiş, 7 nikahı pozulmuş, 3 cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxs vardır. Özünüməşğulluq proqramı çərçivəsində ailələrə 47 baş yanıbalalı iribuynuzlu, 70 baş yanıbalalı xırdabuynuzlu heyvan, 10 yerşumlayan aqreqat, 30 yeşik arı ailəsi, 1 dəst plastik boru avadanlıqları verilmişdir. Həmçinin əvvəlki dövrlərdə özünüməşğulluq proqramına cəlb edilmiş 6 nəfər təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyi üçün əlavə olaraq kənd təsərrüfatı avadanlığı ilə təmin olunmuşdur.
Qeyri-formal məşğulluq həm insanların sosial risklərə məruz qalmasına səbəb olan, həm də cəmiyyətin iqtisadi inkişafına ziyan vuran təhlükəli vasitədir. Naxçıvan Muxtar Respublikasında işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi və əmək münasibətləri iştirakçılarının hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər qeyri-formal məşğulluqla mübarizə sahəsində mühüm mərhələ təşkil edir. İkinci rübdə Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə 17 sahibkarlıq obyektində aparılan nəzarət zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən 24 işçi aşkar edilmiş və həmin işəgötürənlərə xəbərdarlıq olunmuşdur. Eyni zamanda yeni əmək fəaliyyətinə başlayan 479 sığortaolunan üçün elektron qaydada sosial sığorta şəhadətnaməsi sifariş edilmişdir. Nəzarət tədbirləri müəssisələrdə işçilərin əməyinin mühafizəsi səviyyəsinin müəyyənləşdirilməsini də əhatə etmişdir. Belə ki, muxtar respublika üzrə, ümumilikdə, 33 obyektdə nəzarət aparılarkən fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 36 işçi həmin vasitələrlə yerində təmin olunmuş, 28 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. 1851 nəfərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış, 70 əcnəbinin muxtar respublikada əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq rəy verilmişdir.
Proqramda məşğulluq sahəsində məlumatlandırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. İkinci rübdə muxtar respublikada fəaliyyət göstərən 26 müəssisəyə 59 iqtisadi yönümlü informasiyanın çatdırılması təmin edilmişdir. Sahibkarlıq subyektlərinin 63 müraciəti araşdırılmış, 45 halda şifahi konsaltinq xidməti göstərilmişdir. Məşğulluq sahəsində görülmüş işlərə dair Naxçıvan Dövlət Televiziyasında 4 veriliş, 17 süjet, Naxçıvan Dövlət Radiosunda 7 veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində 8, rayon qəzetlərində 9 yazı dərc olunmuşdur.
Dövlət proqramının icrasından əldə olunan nəticələr ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasına, kiçik sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Bunlarla yanaşı, proqramın icrası rayonlar üzrə ixtisaslaşmanın həyata keçirilməsinə, habelə hər bir bölgənin potensial imkanlarına uyğun olaraq kənd təsərrüfatının inkişafına, iqtisadi cəhətdən aktiv əhalinin işgüzar və yaradıcı təşəbbüskarlıqlarının artırılmasına da əsaslı zəmin yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, bu müddət ərzində muxtar respublikada məşğul əhalinin sayı artmış, əmək potensialının reallaşması prosesi geniş miqyas almış, insanların maddi rifah halı daha da yüksəlmişdir.
“Şərq qapısı”