Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iyun ayında məhsul nümunələrinin 81 halda, o cümlədən qida məhsullarının 78 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin edilmişdir.
Muxtar respublikaya idxal edilən uşaq qidalarının laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanmış, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 91 qida istehsalı müəssisəsinə baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Eyni zamanda meyvə-tərəvəzlərdən hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə məhsulların 23 halda standartlara uyğunluğu yoxlanılmış və nöqsan aşkar olunmamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-cü il fevralın 21-də “Tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada istehsal olunan tikinti materiallarının 3 halda keyfiyyət göstəriciləri yoxlanılmış, nəticələrin standartların tələblərinə uyğunluğu müəyyən edilmiş və müvafiq məhsullar sertifikatlaşdırılmışdır. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 1 halda laboratoriya analizləri aparılmış, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmişdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində iyun ayında, ümumilikdə, 3 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməkliklər göstərilmişdir. Ötən ay ev şəraitində araq istehsalı ilə məşğul olan 1 yeni ailə təsərrüfatında minifiltr qurğusu quraşdırılmış və müvafiq ailə təsərrüfatlarının sayı 32-yə çatdırılmışdır.
Alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 2 halda və pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilmişdir.
59 bərbərxanaya, 39 ət satışı mağazasına, 98 ictimai iaşə və xidmət sahəsinə, 148 ərzaq mağazasına və 10 topdansatış obyektinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. Ümumilikdə, 30 təsərrüfat subyektində, o cümlədən 16 istehsal müəssisəsi, 6 ictimai iaşə və xidmət sahəsi, 1 ət satışı mağazası, 3 topdansatış obyekti və 4 bərbərxanada təmir işləri aparılmışdır. İyun ayında meteoroloji norma və qaydalara uyğun olaraq 318 ölçmə vasitəsi yoxlanılmışdır.
Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 6 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 4 müəssisədə istehsal olunan məhsulların etiketlərində orfoqrafik səhvlərin olduğu və standartların tələblərinin pozulduğu aşkarlanmış, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektləri məlumatlandırılmışdır. “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası istiqamətində təsərrüfat subyektləri ilə 18 halda abonent müqaviləsi bağlanaraq istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün informativ xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmışdır. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilir. “Naxçıvan məhsulları” mağazalar şəbəkəsi vasitəsilə satılan məhsulların aylar üzrə uçotu aparılmaqdadır.
Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 7 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 6 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir. Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti