22 Dekabr 2024, Bazar

Muxtar respublikamız əlverişli iqlim şəraitinə mənsub olduğu üçün bitki örtüyü də zəngindir. Belə ki, ana yurdumuzda min bir dərdə dərman olan minlərlə bitki  həm mədəni, həm də yabanı halda yetişir. Belə giləmeyvələrdən biri də qarağatdır. Bu barədə yazı hazırlamaq üçün ilk olaraq qarağatın faydaları ilə maraqlandıq. Öyrəndik ki, bu giləmeyvə insan orqanizmi üçün çox faydalıdır. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Leyla Bağırovadan aldığımız məlumata görə, bir çox növləri ilə tanınan bu giləmeyvənin qara rəngdə olanı daha çox zəngin kimyəvi tərkibə malikdir. Qara qarağat, xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, onu bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər və sərbəst radikallarla mübarizə aparır. Qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlılar, müxtəlif xəstəliklər nəticəsində immuniteti zəifləmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir.

Həkim onu da deyir ki, qara qarağatın tərkibində B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var və dəmirlə zəngindir. Bu, onun anemiyadan əziyyət çəkən insanların müalicəsi üçün qiymətli bitki olduğunu təsdiq edir. Bundan əlavə, bu giləmeyvə kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir. Qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.

Həkimin sözlərinə görə, qara qarağat iltihab və revmatizm əleyhinə antiseptik xüsusiyyətlərinə malikdir. Kapilyar damarlar üçün də çox xeyirlidir – onları təmizləyir, elastikliyini artırır. Bronxit zamanı qara qarağatın şirəsi çox yaxşı bəlğəmgətirici və iltihab əleyhinə təsir edir. Onun yarpaqları da çox xeyirlidir və bu səbəbdən həkim-fitoterapevtlər (bitkilərlə müalicə edən həkimlər) onları müxtəlif müalicəvi ot yığımlarına əlavə edirlər. Profilaktik məqsədlə qara qarağatın yarpaqlarını çay dəmlədikdə əlavə etmək olar. Qırmızı qarağatın tərkibində də xeyirli vitaminlər və mikroelementlər var. Bu qarağatın tərkibində C vitamini daha az, yod daha çoxdur.
Həkimin məsləhətini dinlədikdən sonra bu giləmeyvəni əkib-becərən Rəhim Ələkbərovla tanış olmaq üçün üz tuturuq Şahbuz rayonunun Nursu kəndinə. Yaşı altmışı haqlayan Rəhim dayı uzun illərdir ki, qarağat əkini ilə məşğul olur. O deyir ki, qarağat, adətən, mədəni halda insanlar tərəfindən həyətyanı sahələrdə yetişdirilsə də, onun heç bir qulluq tələb etmədən yabanı halda bitən növləri də var.
Qarağat kolunun hündürlüyü birdən beş metrə qədər ola bilir. Bağlarda mədəni şəkildə əkilən növləri, adətən, 1,5-2 metrdən çox olmur. Bitki uzun, düz tumurcuqlara, qəhvəyi, qırmızı və ya boz rəngə malikdir. Kök sistemi güclüdür, 1,5 metr dərinə gedə bilir. Qarağat, adətən, aprel və ya may aylarında, bəzi növləri isə iyun ayına qədər çiçək açır.
Əkin qaydasına gəldikdə isə payızın əvvəlində əkmək məsləhətdir. Payız aylarında əkilən kol bahara qədər yaxşıca kök ata bilir. Bu giləmeyvəni əkərkən əkinçilər hava şəraitinə də diqqət etməlidirlər. Əgər hava mülayim keçirsə, kolu sentyabr, hətta oktyabr aylarında əkmək olar. Yox, əgər hava soyuq keçirsə, yaza qədər gözləmək daha yaxşıdır. Qarağat, adətən, Günəş işığının daha çox düşdüyü və daim nəm alacağı yerdə əkilməlidir. Çünki bu bitki kölgəni sevmir və inkişafı üçün kifayət qədər rütubətli yerlərə meyil edir. Bitkinin digər növləri bir müddət az rütubətliliyə dözə bilsələr də, qara qarağat quraqlığa dözmür. Kolların kiçik bir tacı varsa, onları bir-birinə daha yaxın əkə bilərsiniz. Lakin fidan yaymaq və qarağat bağı salmaq istəyirsinizsə, kollar arasında orta hesabla 1,5-2 metr məsafə olmalıdır.

Əgər əkin qaydaları düzgün aparılarsa, yaxşı qayğı göstərilərsə, bitki, təxminən, 15 il bol məhsul verəcək. Söhbətimizin bu yerində evin xanımı Kamilə xala da bizə qoşulur. O deyir ki, ay qızım, qarağat çox faydalı bitkidir. Biz əldə etdiyimiz məhsulu təkcə bazarlara çıxarmırıq. Onun mürəbbəsini, kompotunu, şəkərləməsini də hazırlayırıq. Qarağatın yaxşı mürəbbəsi olur ki, bütün qışboyu can dərmanı kimi istifadə edilir, deyən Kamilə xala mürəbbənin hazırlanma qaydasını da bizimlə bölüşür: əvvəlcə qarağatı saplaqlardan təmizləyib yuyuram. Mən, adətən, giləmeyvəni süzgəcin içində yuyuram. Süzgəci tez-tez silkələyirəm. Qazana, ya da teştə giləmeyvənin yarısını töküb üstünə şəkər əlavə edir, sonra qalan giləmeyvəni tökürəm.
Vaxtaşırı qazanı silkələyirəm ki, şəkər bərabər paylansın. Bir neçə saat saxlayıram. Əgər hava istidirsə, onda soyuq yerdə (soyuducuda) saxlamaq lazımdır. Əks halda giləmeyvə turşuyar. Az su əlavə edib qazanı (teşti) zəif odun üstünə qoyuram ki, şəkər ərisin. 5-7 dəqiqə odun üstündə saxlayıram, qaynara düşəndə odu söndürüb, mürəbbəni soyuduram. Sonra yenidən 5 dəqiqə qaynadıram. Hazır olduqdan sonra şüşə balonlara yığıb qışa saxlayıram.
Onu da qeyd edim ki, bu ailə təkcə qarağat əkini ilə kifayətlənmir. Ömrünü-gününü torpağa bağlayan Rəhim kişi bağ-bostan əkini ilə yanaşı, arıçılıq və heyvandarlıqla da məşğuldur. Söhbətimiz zamanı tez-tez “Tək əldən səs çıxmaz”, – deyən bu zəhmətkeş ailə başçısına gördüyü işlərdə oğlu, gəlini və nəvələri də yaxından kömək edirlər. Biz də ailəyə işlərində uğurlar arzulayıb onlardan ayrılırıq.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR