22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə sosial-ekoloji siyasət ötən ay ərzində də uğurla həyata keçirilmişdir. Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə məqsədilə 8 yoxlama-reyd keçirilmiş, 3 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.
Ötən ay ekoloji monitorinqlər davam etdirilmişdir. Bu məqsədlə Şərur, Ordubad, Babək, Şahbuz, Sədərək və Culfa rayonlarının yaşayış məntəqələri ərazilərində monitorinqlər aparılmış, məişət, tibbi və bərk tullantıların idarəolunması kimi fəaliyyət sahələrində qiymətləndirmə işləri həyata keçirilmişdir. İyul ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən Şir arxından su nümunələri götürülərək Sədərək Rayon Su Monitorinq Laboratoriyasında analizlər aparılmış, nəticəyə görə sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi qeydə alınmamışdır.

Hesabat ayında da muxtar respublika ərazisində yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Sement Zavodunun ətrafında salınmış püstə bağına aqrotexniki qaydada qulluq göstərilmiş, dərmanlama işləri görülmüş, su arxı təmir olunmuş, damcı üsulu ilə suvarma aparılmışdır. Qoşadizə tingçilik sahəsindəki toxmacarlıqlarda 7,6 hektar sahədə suvarma aparılmış, 1,8 hektar sahə alaq otundan təmizlənmişdir. Həmçinin 818 kiloqram müxtəlif meyvə və meşə ağaclarının toxumları tədarük olunmuşdur. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir.
Ötən illərdə salınmış meyvə bağlarına aqrotexniki qaydada qulluq göstərilmiş, suvarma aparılmış, ərazilərə üzvi gübrələr verilmişdir. Uzunoba Su Anbarının yuxarı hissəsindəki meyvə bağlarında 365, Uzunoba Dövlət Meşəsi ətrafındakı ərazidə 100, Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı meyvə bağında isə 30 ədəd dibçəkdə yetişdirilmiş müxtəlif meyvə tingləri ilə bərpa aparılmışdır. Eyni zamanda yaşıllıq zolaqlarında ağacların ziyanverici həşəratlardan mühafizə olunması üçün dərmanlama işləri görülmüşdür.
Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir.
Ərəzin sahəsində aparılacaq mövsümi çöl işlərinə hazırlıq yekunlaşdırılaraq bu işə başlanılmışdır. Aparılan axtarış-qiymətləndirmə işləri zamanı səpinti qızılın yer səthində və dərinlikdə yayılma qanunauyğunluqlarını öyrənmək məqsədilə kəşfiyyat şəbəkəsinə uyğun olaraq yerüstü dağ qazma işləri, şurf keçilmiş, yerüstü dağ qazmalarından 25 ədəd şırım sınağı götürülmüşdür. Naxçıvan şəhəri, “48-ci” məhəllədə tikiləcək yeni binaların smeta sənədləri hazırlanmış, mühəndis-geoloji işlərinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasında yaradılacaq İlandağ Geoparkının ərazisinə aid Culfa, Ordubad, Babək sahələrindəki geosidlərin fotoları çəkilmiş və onlar haqqında qısa məlumat hazırlanmışdır.
2020-ci ilin yaylaq mövsümü dövründə Culfa rayonunun Dəmirli ərazisində, Şahbuz rayonunun Qanlıgöl yaylağı, Gömür dağı ərazilərində və Ordubad rayonundakı yaylaqlarda məskunlaşmış fermerlərlə maarifləndirici söhbətlər aparılmışdır. Belə maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR