Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə Ərəzin kəndində “Payız əkinləri üçün yay şumunun aqrotexniki qaydalar əsasında aparılmasının əhəmiyyəti” mövzusunda tarla-seminar müşavirəsi keçirilib.
Ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərinin iştirak etdiyi tədbirdə payızlıq taxıl əkinlərinə hazırlıq, toxumluq materialın ayrılması və şumun düzgün həyata keçirilməsi məsələlərindən danışılıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Valeh Kəngərli çıxışında qeyd edib ki, cari ildə Culfa rayonunda 7 min 589 hektar sahənin taxılı yığılıb ki, bunun da 6 min 216 hektarını buğda, 1370 hektarını isə arpa təşkil edib. Taxıl sahələrinin hər hektarından 26,4 sentner məhsul əldə edilib. Çıxışda bölgədə payızlıq taxıl əkinlərinə hazırlıq məsələlərindən də bəhs olunub.
Diqqətə çatdırılıb ki, yay şumunun vaxtında həyata keçirilməsi və aqrotexniki qaydalar əsasında aparılması məqsədilə 50-dən artıq şum traktorunun qüvvəsindən istifadə olunur. Qısa müddətdə 300 hektardan artıq sahədə şum aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov payızlıq taxıl əkinlərinə hazırlıq və şumun aparılması qaydalarından danışıb.
Nazirliyin digər əməkdaşı Vüsal Mirzəyev yay şumunun aparılması məqsədilə görülən hazırlıq tədbirləri, xüsusən də texnika təminatı haqqında məlumat verib. Bildirib ki, muxtar respublikamızın bütün bölgələrində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni şum traktorları və digər texnoloji avadanlıqlar bu vacib kampaniyanın mütəşəkkil həyata keçirilməsinə yönəldilib.
Tarla-seminar müşavirəsində ailə təsərrüfatçıları adından çıxış edən Ərəzin kənd sakini Səfər Kazımov bu il taxılçılıqda əldə etdiyi uğurları, yaradılan şəraiti, taxılçılara göstərilən dövlət dəstəyini diqqətə çatdırıb.
Tədbirdə ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb. Torpaq mülkiyyətçilərinə yay şumunun qaldırılması və payızlıq taxıl əkinlərinə hazırlıq məsələlərindən bəhs edən maarifləndirici bukletlər paylanıb.
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti