Sənaye məhəllələri və parkları davamlı inkişaf sahəsində iqtisadi artımın təmin olunması, sosial bərabərlik və ətraf mühitin qorunmasına nail olunmaqda ən təsirli vasitələr hesab edilir. Belə ərazilər sənayenin inkişafını təşviq etməklə yanaşı, müasir texnologiyaların cəlb olunması ilə innovativ imkanların genişləndirilməsi və yenilikçi konsepsiyaların tətbiqinə şərait yaradır.
Sənaye parkları strukturlaşdırılmış bir institusional çərçivə, inteqrasiya olunmuş xidmətlər və digər mövcud olmayan fiziki infrastrukturlar təklif edir. Bunlar istənilən ölkədə sənayeləşmə prosesləri üçün əsas çətinliklər yaradan texnoloji və maliyyə imkanlarının məhdudluğuna, eləcə də infrastrukturun zəif qurulması ilə əlaqədar əməliyyat xərclərinin yüksək olmasına və digər maneələrin aradan qaldırılmasına öz töhfəsini verə bilər.
Ölkəmizdə sənaye məhəllələri və parklarının yaradılması son illər ərzində həyata keçirilən iqtisadi islahatların və davamlı inkişaf strategiyasının bir hissəsi olmaqla, sürətli sənayeləşmə siyasətinin və innovativ istehsalın inkişaf etdirilməsi yönündə mühüm addımlar hesab edilir. Yaradılan bu ərazilər ixrac potensialının genişləndirilməsi, iqtisadiyyatın şaxəli inkişafı, qeyri-neft sektorunun daha da canlandırılması və sahibkarlığın genişləndirilməsinə əlavə stimul verməkdədir.
Hazırda ölkəmizdə, ümumilikdə, 15 sənaye parkı və məhəllələri fəaliyyət göstərir. Bu ərazilər yerləşdikləri regionun xammal bazası, işçi qüvvəsi, daxili potensialı, sosial-iqtisadi inkişaf xüsusiyyətlərinə uyğun olaraq fərqli istiqamətlər üzrə ixtisaslaşmışlar. Yerinə yetirilən layihələr həm də maraqlı və müştərək qrupların davamlı olaraq sənaye bölgələrinə səfər etmələrinə və yeni ideyaların həyata keçirilməsinə şərait yaratmaqdadır.
Məlum olduğu kimi, ölkəmizdə aparılan sosial-iqtisadi siyasət həm də regional xarakter daşıyır və bu istiqamətdə regionlara xüsusi diqqət ayrılır, onların inkişafı ilə əlaqədar xeyli sayda Dövlət proqramları qəbul edilir, müvafiq layihələr həyata keçirilir. Muxtar respublikada da aparılan iqtisadi islahatlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun davam etdirilir. Muxtar respublikada sənayenin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın canlandırılması, xidmət müəssisələrinin təşkili, xarici və daxili infrastrukturun qurulması istiqamətində Şərur rayonunda sənaye məhəlləsinin yaradılmasını xüsusi olaraq qeyd etmək lazımdır. Hazırda Şərurda sənaye məhəlləsinin yaradılması qloballaşan dünyada keyfiyyətli və innovativ sənaye mallarına olan tələbatın ödənilməsi, yeni investisiyaların cəlb olunması, kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Şərurda sənaye məhəlləsinin formalaşması üçün geniş imkanlar və gələcək perspektivlər mövcuddur. Bu bölgə muxtar respublikanın ərazicə ən böyük rayonlarından olduğu kimi, istehsal və xidmət infrastrukturunun inkişaf etməsi, eləcə də sosial-iqtisadi inkişafın mühüm göstəricilərinə görə də digər rayonları üstələyir. Kənd təsərrüfatı məhsulu istehsalı istiqamətində əhəmiyyətli dərəcədə fərqlənən rayon muxtar respublika bazarlarının yerli məhsullarla təmin edilməsi, ərzaq tələbatının keyfiyyətli mallar hesabına ödənilməsində xüsusi pay sahibidir. Həmçinin rayonda əməksevər və qətiyyətli insanlar hesabına geniş daxili işçi potensialı formalaşıb. Bəzən belə fikirlər səsləndirilir ki, bir bölgənin kənd təsərrüfatı üzrə ixtisaslaşması, sənaye sahələrinin zəif olması gələcəkdə orada sənaye meyillərinin zəif olacağına, əsasən, kənd təsərrüfatının ön planda dayanmasına təəssürat yaradır. Lakin dünya təcrübəsi də göstərir ki, hər hansı bir bölgədə aqrar sektorda təcrübənin olması gələcəkdə orada müəyyən sənaye sahələrinin təşəkkül tapmasını da zəruri edir. Qəbul olunmuş faktdır ki, kənd təsərrüfatı üçün tələb olunan texnika və texnologiya, xüsusi avadanlıqlar məhz sənaye sektorunun məhsuludur. Bu da o deməkdir ki, əgər aqrar təsərrüfat inkişaf etməsə, onda sənaye məhsullarına da ehtiyac olmayacaqdır. Digər tərəfdən sənaye sahələrinin inkişaf etməsi yüksək səviyyəli kadrlar və ixtisaslı işçi qüvvəsinin birgə səyi nəticəsində mümkündür. Bu gün muxtar respublikada kənd təsərrüfatı sahəsində kadr hazırlığı istiqamətində mütəşəkkil işlərin görülməsi, onların bilik və bacarıqlarının artırılması üçün kursların təşkil olunması, savadlı kadr seçimində müasir metodlardan istifadə, gənclərin düzgün istiqamətlərə yönləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi bu sahədə münbit bazanın olmasından xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bir neçə onilliklər öncədən fərqli olaraq bu gün Şərur rayonunda müasir maliyyə xidmətləri təklif edən banklar və kredit təşkilatları fəaliyyət göstərməkdədir ki, bu da bir rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün başlıca şərtlərdən hesab olunur. Şərur rayonunda sahibkarlığın inkişafına göstərilən qayğı da ildən-ilə artır, hər il yeni istehsal və emal müəssisələri yaradılır. Bölgə sahibkarları “İxrac ili”ndə daha da əzmkarlıq nümayiş etdirirlər. Cari ilin yanvar-may aylarında 44 milyon 793 min 100 manatlıq sənaye məhsulu istehsal olunub. Bəhs olunan dövrdə kənd təsərrüfatı məhsullarının istehsalında artım dinamikası müşahidə olunub. Belə ki, diri çəkidə 2314,3 ton ət, 14096 ton süd, 11800,2 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 1 faiz artıb. Bütün bunlara paralel olaraq həm də nəqliyyat, informasiya və rabitə xidmətlərinin həcmi, pərakəndə əmtəə dövriyyəsi, orta aylıq əməkhaqqında da yüksəliş qeydə alınmışdır.
Sənaye məhəlləsinin yaradılması sosial-iqtisadi inkişaf üçün təsirli bir vasitə olaraq önəmli imkanların ortaya çıxmasına mühüm töhfələr verəcəkdir. Belə ki, sənaye məhəlləsi istehsal sahəsini inkişaf etdirərək keyfiyyətli xidmətlər və strateji bazarlara yaxın olmaq prinsipi ilə investisiya və texnologiya cəlb etmək üçün vacib bir vasitədir. Belə ki, regional inkişafa töhfə verməklə yeni sərmayə mənbələri ortaya çıxara, iş yeri yarada, inkişafı təşviq etməklə istehsal xərclərini azalda, tullantıları və çirklənməni aradan qaldıra, iqtisadi imkanları artırmaqla şirkətlərin məhsuldarlığını yüksəldə bilər. İnnovativ imkanları dəstəkləməklə sənaye məhəllələri, hökumətin, özəl sektorun, universitetlərin və elmi-tədqiqat institutlarının əməkdaşlıq edə biləcəyi bir yerə çevrilə bilər. Bu isə yeni araşdırmalar aparmaq, ticarəti canlandırmaq və sahibkarlığı gücləndirmək yönündə əlverişli mühiti ortaya qoymaqla yerli məşğulluq mərkəzlərinin yaradılması, habelə nəqliyyat xidmətləri, təhsil və təlim, səhiyyə, poçt, rabitə xidmətləri kimi geniş yerli icma hədəflərinə çatmaq üçün platforma rolunu oynaya bilər. Məhəllədə həyata keçiriləcək pilot layihələr yeni iqtisadi reformların və yanaşmaların sınağı ola bilər. Bu layihələrin nəticəsi uğurlu olarsa, ən yaxşı təcrübələr ümummilli və regional miqyasda hər tərəfə yayıla bilər. Ekoloji təhlükəsizlik tədbirlərinin təşviq olunması ilə sənaye məhəlləsi istehsal xərclərini azaltmaq imkanı ilə yanaşı, materiallardan, su və enerjidən səmərəli istifadə olunması, çirklənmənin qarşısının alınması, tullantıların təkrar emalı üçün də əlavə imkanlar yaradacaqdır.
Yeni layihə Şəruru həm də yeni investisiyaların cəlb edilməsi baxımından cəlbedici edəcəkdir ki, bu da həm bölgə, həm muxtar respublika iqtisadiyyatının gələcəyi üçün çox əhəmiyyətlidir.
Eltun İBRAHİMOV
iqtisad üzrə fəlsəfə doktoru