22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda yaxın keçmişdə yaşanan çətin və məşəqqətli günlər artıq arxada qalıb. İnsanlar daha çörək növbəsinə dayanmır, qışda soyuqda qalmır, çörəkpulu qazanmaq üçün xaricə getmir. Çünki bu qədim diyarda hər gün bir yeniliyə imza atılır. İnsanların firavan həyatına yönəlmiş Dövlət proqramları, infrastruktur layihələr həyata keçirilir. Bunun nəticəsində muxtar respublikamızın hər bir bölgəsində insanların səmərəli məşğulluğu təmin olunur, onların rifah halını yüksəltmək üçün işgüzar mühit yaradılır, torpaq zəhmət adamlarının əsas iş yerinə çevrilir. Bütün bunları Culfa rayonunun yaşayış məntəqələrində də görmək olar. Boyəhməd kəndi də həmin yaşayış məntəqələrindən biridir. 

 

Rayon mərkəzindən 60 kilometrdən artıq məsafədə yerləşən bu dağ kəndinin sakinləri də dağ kimi vüqarlı, əyilməz və zəhmətkeşdirlər. Ulu Yaradan bu ucqar dağ kəndindən səxavətini əsirgəməyib. Ona nadir rəssam fırçası ilə təbiətin bütün möcüzəsini bəxş edib. Bura gələn hər bir qonaq bu yurdun gözəlliyinə, sakinlərin qonaqpərvərliyinə, səmimiyyətinə və mehribanlığına valeh olmaya bilmir. Sıralanmış boz təpələrin, səngərtək düzülmüş sərt qayaların gözəlliyi insanı məftun edir. Bu yurdun torpaqları bərəkət rəmzidir. İlin bu fəslində Boyəhməd kəndi bağın-bağçanın içində görünməz olub. Həyətlərdəki ərik, alma, armud, gavalı, heyva, qoz ağacları yurd yerinin gözəlliyini daha da artırır. Boyəhməddə heyvandarlıq, arıçılıq və meyvəçiliyin inkişafı üçün gözəl şərait var. Kənd sakini, uzun illər pedaqoji fəaliyyət göstərməklə hörmət və ehtiram qazanan Ədalət Həsənov, nəinki Boyəhməd kəndində, hətta muxtar respublikamızda tanınmış bağbanlardan biridir. Bağçılığa uşaqlıqdan maraq göstərdiyini söyləyən Ədalət müəllimlə söhbətimiz zamanı bildirdi ki, Boyəhmədin təmiz havası, saf suyu bu yerlərdə meyvə ağaclarının daha yaxşı inkişafına şərait yaradır. Kəndimizdə meyvələr içərisində alma ağacları üstünlük təşkil edir. Həyətyanı sahəmdə saldığım meyvə bağında ağ və qırmızı meyvəli alma ağacları daha məhsuldardır. Bu meyvələr bazarda yüksək alıcılıq qabiliyyətinə malikdir. Onlardan hazırlanmış müxtəlif şirələrdən, kompotlardan süfrələrimizdə geniş şəkildə istifadə olunur. Yaşımın ahıl çağı olmasına baxmayaraq, ağaclara qulluq etməkdən zövq alıram. Təsərrüfat adamlarına dövlətimizin hərtərəfli qayğısı bizi torpağa daha möhkəm və qırılmaz tellərlə bağlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsində yeni mərhələnin başlanmasına şərait yaradıb. Artıq torpaq hər bir yurd sakininin çörək ağacına çevrilib. Zəhmətsevərliyin nəticəsidir ki, burada məskunlaşan insanların güzəranı gündən-günə yaxşılaşır...
Bu gün ən ucqar kəndlərimiz belə, son illərdə xeyli gözəlləşib, insanların rahatlığı üçün bütün işlər görülüb. Kənd adamına bir o qalır ki, qolunu çırmayıb təsərrüfatla məşğul olsun, muxtar respublikamızda məhsul bolluğu yaradılmasına öz töhfəsini versin.


Boyəhməd kəndində yaradılan şəraitdən bəhrələnərək zəhmətə qatlaşan təsərrüfatçılardan biri də arıçı Müseyib Quliyevdir. Bu zəhmət adamı ilə də görüşüb söhbət edirik:
– Boyəhməddə arıçılığın inkişafı üçün geniş imkanlar var. Bu sahə qədim zamanlardan kəndin təsərrüfat adamlarının həyat və məişətində mühüm yer tutub. Dövlətimiz tərəfindən göstərilən qayğı isə bizim hər birimizin arıçılığa marağını artırıb. Uzun müddət arı saxladığımıza, bu sahə ilə yaxından maraqlandığımıza görə arının “dilini” yaxşı bilirik. Məhsuldarlığı artırmaq üçün arıları tez-tez yeni, kifayət qədər gül-çiçəkli sahələrə köçürürük. Bu da, təbii ki, zəhmətimizin hədər getməməsi ilə nəticələnir. Bal da çörək kimidir. Zəhmət bahasına başa gəlir. El arasında belə bir məsəl var: “Bir dolu sağlam pətək, yüz yarımçıq pətəkdən yaxşıdır”. Bir də, şükür ki, istər arıçılıq, istərsə də meyvəçilik olsun, bu sahələrin inkişaf etdirilməsi üçün kəndimizin zəngin təbiəti var.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı”nın qəbul edilməsi Müseyib Quliyevin timsalında arıçılıqla məşğul olan bütün təsərrüfat adamlarını daha yaxşı işləməyə ruhlandırıb. Boyəhməd kəndinin ailə təsərrüfatçıları gün-güzəranlarının yaxşılaşmasını dövlətimizin onlar üçün yaratdığı işgüzar mühitdə görürlər.
Alim Ağayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR