Sarısaç dünya gözəli Günəş dağların arxasından yenicə boylanır, hələ yuxudan tam oyanmamış şəhərin abad, geniş küçələrində şütüyən bir neçə avtomobil, eləcə də iş-güc dalınca tələsən iki-bir, üç-bir insanlar gözə dəyir. Budəfəki yolçuluğum şəhər mərkəzindən cəmi bir neçə kilometr aralıya – Qaraxanbəy, Qaraçuq kəndləri istiqamətinədir. Avtomobilə əyləşməyimdən, təxminən, 10 dəqiqə sonra ünvana yetişirəm. İlk baxışdan görünən odur ki, səhərin erkən çağından kombaynlar tarlada işləyir, Qaraçuq, Qaraxanbəy, Bulqan kəndlərinə məxsus torpaq sahələrində göz işlədikcə uzanan zəmilər biçilir, sarı kəhrəba tədarük olunur, saman layları bir-birinə pərçim edilərək tayalar halına salınır. Zəhmətkeş adamların alın təri ilə bərabər, çöhrələrində görünən təbəssüm isə məhsul bolluğunun müjdəsini verir. Sərin səhər mehinin əl gəzdirdiyi şehli otların arası ilə əkin-biçin ərazilərinə doğru addımlayıram...
Sözləşdiyimiz kimi bir qədər aralıda dayanıb yolumu gözləyən Kazım kişi – 50-dən artıq yaşının çoxunu təsərrüfat işlərinə həsr edən, Naxçıvan şəhərinin Qaraçuq kəndində yaşayan Kazım Qurbanov irəli yeriyərək xoşgəldin edir. İşiniz irəli, məhsulunuz bərəkətli olsun, – deyib, həm də kənd bələdiyyəsinin sədri vəzifəsində çalışan torpaq adamının dəyərli vaxtını çox almamaq üçün elə ayaqüstü qısa söhbət edirik. Deyir ki, ölkəmizdə aparılan torpaq islahatı əvvəllər yalnız həyətyanı sahəsində əkinçiliklə məşğul olan hər kəs kimi mənim də imkanlarımı xeyli genişləndirdi. Özümə pay torpağı götürdüm və başladım əkib-biçməyə, məhsul yetişdirib bazara çıxararaq qazandığım məvaciblə özümə, övladlarıma gözəl şərait qurmağa. Əli ilə rüzgar vurduqca gah dəniz ləpələri kimi dalğalanan, gah da barverən ağac budaqlarıtək başını torpağa dikən sünbülləri göstərərək bax bu geniş ərazini bir neçə ildir, icarəyə götürüb taxılçılıqla da məşğul oluram, – deyir. Məhsuldarlıq da ürəkaçandır, ötən il əkin apardığım 55 hektara yaxın ərazidən 120 ton məhsul tədarük etmişdim. Növbəti əkin zamanı ərazini daha da genişləndirərək 70 hektara çatdırmışam. Artıq yığılan məhsulları vim aqreqatından keçirərək növbəti əkin üçün toxum və mal-heyvan, toyuq-cücənin tələbatını ödəyəcək yem istehsalına da başlamışam.
Ailə təsərrüfatçısı bugünkü firavanlığın, bolluğun qədir-qiymətini bilməyin vacibliyinə diqqət çəkərək qeyd edir ki, günün istənilən saatında marketlərdə səliqə ilə yığılmış tər çörəklərdən istədiyimiz qədər ala bilirik, necə deyərlər, evə əlimiz dolu, üzümüz ağ gedirik. Daha nə 90-cı illərdəki kimi saatlarla çörək növbəsi gözləyən var, nə də ki “marketdə çörək qurtarıb, bir-iki saatdan sonra gedim görüm olsa, alaram”, – deyən naəlac taparsan. Elə süfrə başında da “İlahi bizi bir daha çörəklə imtahana çəkmə”, – deyərək övladlarıma bu firavan günlərin qədrini bilməyin vacibliyini aşılamağa çalışıram. Çörəyin hasilə gəlməsi heç də asan deyil. Taxılın əkilməsi, becərilməsi, yığılması, dəyirmanda üyüdülərək un halına salınması, bişirilərək marketə gətirilməsinə qədərki prosesi incələsək, bu işin necə böyük zəhmət tələb etdiyini görərik. Odur ki, gərək yediyimiz naz-nemətin, xüsusilə də çörəyin qədrini bilək, torpağımıza isə nəvazişlə, qayğı ilə yanaşaq ki, daim əlimiz dolu, ocağımız nurlu, bərəkətli olsun.
Kazım kişi bildirir ki, muxtar respublikamızda aqrar yönümdə aparılan məqsədyönlü tədbirlər nəticəsində ilbəil əkin-biçin işlərinə həvəs artır. Bu gün insanlara rahat işləməsi, məhsul bolluğu yaratması üçün hərtərəfli şərait yaradılıb. Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və müasir suvarma sistemləri ilə təmin olunması, sahibkarlıq fəaliyyəti göstərənlərə güzəştli kreditlərin verilməsi, eyni zamanda dövlətimiz tərəfindən ayrılmış yardımlar bizə böyük stimul verir. Mən də ötən illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə otbiçən, kipvuran, gübrə, toxum, dərmansəpən texnikalar əldə etmişəm, suyumuz da şükürlər olsun ki, boldur. Qalır zəhmət çəkib, daim işləyərək davamlı faydasını görməyim...
Ailə təsərrüfatçısının işi tək taxılçılıqla bitmir, o, 30 baş xırdabuynuzlu, 22 baş iribuynuzlu heyvan saxlayır, həmçinin həyətyanı sahələrində də mövsümi tərəvəzlər yetişdirərək həm özlərinin tələbatını ödəyir, həm də bazara çıxararaq yaxşı məvacib əldə edir. Bundan başqa, tədarük etdikləri məhsulları konservləşdirir, zövqlə qablaşdırdıqları meyvə quruları, turşular, süd, şor, kərə, qatıq ilin soyuq dövrlərində də yarmarkalarda piştaxtaları bəzəməklə alıcıların zövqünü oxşayır, ağız dadına çevrilir.
Kazım Qurbanovla söhbətim zamanı öyrəndim ki, o, mövsüm vaxtı ailə üzvləri ilə yanaşı, 10-15 aztəminatlı həmkəndlisini də işlə təmin edən təsərrüfatçı olmaqla yanaşı, birinin işinin qulpundan yapışmağı, darda olana əl uzatmağı da çox sevir.
Deyirlər, haram malın bərəkəti olmaz, hansı sahəni seçməyindən asılı olmayaraq, gərək işə halallıqla yanaşasan. Torpağı sevib yurduna könüldən bağlanaraq halallığı gözləyib zəhmətə qatlandınsa, həm el arasında hörmətin olar, həm də yaxşı gün-güzəranın. Elə qaraçuqlu ailə təsərrüfatçısı Kazım Qurbanov kimi...
Nail ƏSGƏROV