15 May 2024, Çərşənbə

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-iyun aylarında da davam etdirilmişdir.
2020-ci ilin ilk yarımilində inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 310 milyon 168 min 700 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2847,6 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58 faiz təşkil etmişdir.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 3,4 faiz, informasiya və rabitə xidmətləri 3,1 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-may ayları göstəricisi


Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,3 faizi malların, 3,7 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

2020-ci ilin ilk yarımilində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 46 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2020-ci ilin yanvar-iyun aylarında 11 milyon 260 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,6 dəfə çoxdur.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin yanvar-iyun aylarında 152 milyon 23 min 700 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində istirahət parkının tikintisi, yataqxananın əsaslı təmiri başa çatdırılmış, iki qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, istirahət parkının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilmişdir.
Babək rayonunda beş avtomobil saxlancının əsaslı təmiri başa çatdırılmış, vertolyot meydançasının, avtomobil saxlancının və iki yeraltı saxlancın tikintisi davam etdirilir.
Culfa rayonunda retranslyasiya məntəqəsinin tikintisi, Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksinin yenidən qurulması başa çatdırılmışdır.
Şahbuz rayonunda üç anqarın tikintisi başa çatdırılmış, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
Şərur rayonunda 3-cü Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılmış, 8-ci Sərhəd Zastavası üçün və Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan hərbi şəhərciyində və Sədərək rayonunda zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilmişdir.
Cari ilin ötən dövründə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə 10 “Qazel” markalı yük, “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili təqdim olunmuşdur.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2020-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 562 milyon 359 min 200 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

Vəsait qoyuluşlarının 537 milyon 652 min 100 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 145 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 182 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsi məqsədilə “Elektron nəzarət portalı” yaradılmışdır.
Cari ilin ötən dövründə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 14 kommunal təyinatlı müxtəlif, o cümlədən 5-i bərk tullantıların, 6-sı məişət tullantılarının daşınması üçün, 3-ü isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsi gətirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2020-ci ilin yanvar-iyun aylarında 3 kənd mərkəzi istifadəyə verilmiş, 6 kənd mərkəzinin inşası davam etdirilir.
Muxtar respublikada 2 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 5 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 233 min 814 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Şərur rayonunun Dəmirçi kəndində içməli su xəttinin çəkilişi başa çatdırılmış, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun, Cəlilkənddə və Kəngərli rayonunun Qarabağlar kəndində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılmışdır ki, bu da 2019-cu ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılmış və 2020-ci ilin məhsulu üçün 36879 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 36099 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26293 hektarında buğda, 10586 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 3571 hektar artmışdır. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.
Cari ildə dən üçün qarğıdalı əkini sahəsi 1549 hektar olmuşdur ki, bu da 2019-cu illə müqayisədə 545 hektar çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2020-ci ildə 3241 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 13 hektar çoxdur.
2020-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 45,1 hektar sahədə tütün əkini aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və
tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.
Muxtar respublikada əkinçiliyin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən qurulması başa çatdırılmışdır.
Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 200 və 2500 ton olan 2 soyuducu anbar yaradılmış, 1 soyuducu anbar genişləndirilmişdir. 1 soyuducu anbarın yaradılması davam etdirilir. Bundan əlavə, 8 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının fəaliyyəti bərpa edilmişdir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177-si 2020-ci ilin yanvar-iyun aylarında olmaqla, ümumilikdə, 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2020-ci ilin ilk yarımilində 164 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 9 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 9008,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2020-ci ilin yanvar-iyun aylarında da diqqətdə saxlanılmış, 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksində yenidənqurma işləri davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-iyun aylarında 4 milyon 593 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 13,1 faiz çoxdur.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşı­laşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış, müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.
Cari ilin ilk yarımilində heyvandarlıq təsərrüfatlarında 7296 baş inək, düyə və camış süni yolla mayalandırılmış, ötən ildə mayalandırılmış inək, düyə və camışlardan 5666 baş sağlam bala alınmışdır.
1 iyul 2020-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 126 min 467 baş, qoyun və keçilərin sayı 799 min 878 baş olmuşdur ki, bu da 1 iyul 2019-cu il tarixə olan göstəriciləri 1,8 və 2,1 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatı yaradılmış, 2 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12669 ton ət, 50224,8 ton süd istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,5 və 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, cari ilin yanvar-iyun aylarında bu sahədə müvafiq tədbirlər görülmüş, 8 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir. Təsərrüfat subyektlərinə 2020-ci ilin yanvar-iyun aylarında 260 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 8,1 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı artırmışdır.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmiş, Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir. Bundan əlavə, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir və Ordubad rayonunun Vənənd kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmışdır.
Cari ilin ötən dövründə baytarlıq təbabəti sahəsində görülən işlərin davamlılığının təmin olunması məqsədilə yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olmuşdur.
2020-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 5 milyon 598 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 10,1 faiz çoxdur.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,4 faiz çox, yəni 139 milyon 886 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilmişdir.
Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının, Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində və Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respub­likasının Nazirlər Kabinetinə 1 milyon manat vəsait ayrılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2020-ci ilin yanvar-iyun aylarında 282 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 206 min 560 ağac və gül kolu əkilmişdir.

Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin yanvar-iyun aylarında Şərur rayonunda Qarxun-Muğancıq- Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının və Culfa şəhərində avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolunun, Şərur şəhərinə giriş, Qaraburc, Təzəkənd və Şəhriyar, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs və Culfa rayonunun Camaldın kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılmışdır. Hazırda Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 6 yeni avtobus marşruta buraxılmış, Naxçıvan-Babək şəhər marşrut xətti açılmışdır.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 562 min ton yük, 47 milyon 165 min 400 sərnişin daşınmışdır.
Muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilmişdir.
Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda Rabitə evinin yenidən qurulması başa çatdırılmış, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda rabitə evinin tikintisi davam etdirilir. Bu dövr ərzində 1 mərkəzi poçt və 3 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 1 avtomat telefon stansiyası ­quraşdırılmışdır.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyərək 27 milyon 615 min 800 manat olmuşdur. Ümumi xidmətlərin 79,8 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artmışdır.
Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması məqsədilə Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur şəhərində “Çomaxtur” yarımstansiyasının tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada 38,6 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 17 transformator quraşdırılmışdır.
Şərur və Culfa rayonlarının transformator təmiri sexlərində 49 transformator təmir olunmuş, Naxçıvan şəhərində iki transformator binasının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi davam etdirilir.
Şərur rayonu ərazisində maye qazdoldurma və Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi başa çatdırılmış, Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması davam etdirilir.
1 iyul 2020-ci il tarixə muxtar respublikada 87 min 739 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək və Şərur şəhərlərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 18 milyon 879 min 100 manat kredit verilmişdir. Verilmiş kreditin 11 milyon 336 min 100 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 7 milyon 543 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 22 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır.108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
2020-ci ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 520 manat təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 18,2 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 638 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş peşə hazırlığı və ixtisasartırma kurslarına 120 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 849 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə iştirak edərək uğur qazanmış 62, ehtiyat kadrlar siyahısından 2 nəfər olmaqla, ümumilikdə, 64 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.
Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 65, dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə isə 8 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 806 milyon 624 min 100 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 97 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.
Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində alış-veriş mərkəzinin yenidən qurulması, Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində xidmət mərkəzlərinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Qaraburc və Şəhriyar, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın kəndlərində xidmət mərkəzlərinin, Babək şəhərində bazarın, Culfa şəhərində xidmət sahəsinin tikintisi davam etdirilir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 192 milyon 653 min 500 ABŞ dollarını ixrac, 30 milyon 82 min ABŞ dollarını idxal təşkil etmiş və 162 milyon 571 min 500 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.
1 iyul 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 88316-ya çatmışdır ki, bunun da 77304-ü və ya 87,5 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-iyun aylarında açılmış 19544 bank hesabının 19528-i aktiv hesablar olmuşdur.
2020-ci ilin ilk yarımilində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 85 milyon 374 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 73,7 faiz çoxdur. Verilmiş kreditlərin 9 milyon 670 min manatı və yaxud 11,3 faizi qısamüddətli, 75 milyon 704 min 700 manatı və yaxud 88,7 faizi uzunmüddətli kreditlər olmuşdur.
Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.
1 iyul 2020-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1310-a çatdırılmışdır.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayonlarında inzibati binalarının tikintisi başa çatdırılmış, Kapital Bankın Ordubad filialının inzibati binasının tikintisi davam etdirilir.
Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etdirilmiş, aqrar sahənin potensial risklərdən zərər görmədən dayanıqlı inkişafının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 8 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında “Aqrar Sığorta Fondu” yaradılmışdır.
Muxtar respublikada sığorta işi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Bundan əlavə, “Naxçıvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti yeni bina ilə təmin olunmuşdur.
Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 2020-ci ilin yanvar-iyun aylarında 4 milyon 184 min 299 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 14 faiz çoxdur. Könüllü sığorta daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artmışdır.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Şərur rayonunun Muğancıq-Mehrab kəndində 224, Ordubad rayonunun Vənənd kəndində 432 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin binasının, Şərur rayonunun Şəhriyar, Culfa rayonunun Camaldın, Ordubad rayonunun Nüsnüs kəndlərində məktəb binalarının və Ordubad şəhərində 1 nömrəli tam orta məktəbin binasının yenidən qurulması, Şərur rayonunun Qara­burc, Babək rayonunun Nəcəfəlidizə kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Culfa Rayon Təhsil Şöbəsinin inzibati binasının yenidən qurulması işləri davam etdirilir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Ordubad rayonunun Vənənd, Şərur rayonunun Məmmədsabir kəndlərində həkim ambulatoriyası binalarının, Muğancıq-Mehrab kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilir. Bundan əlavə, Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilir.
Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə Ordubad Rayon Uşaq Xəstəxanası yaradılmış və səhiyyə müəssisəsi üçün binanın yenidən qurulması davam etdirilir.
Cari ilin ötən dövründə muxtar respublikanın səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar təqdim olunmuşdur.
Sosial layihələr çərçivəsində 2020-ci ilin ilk yarımilində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 19 cərrahi əməliyyat aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin yanvar ayından Naxçıvan şəhərində, “Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bundan əlavə, muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 5 fevral tarixdə Sərəncam imzalanmışdır.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 458 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 8 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 1 nəfərin nəqliyyat xərcinin ödənilməsinə köməklik olunmuşdur. Bundan əlavə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 22 nəfərə “NAZ-Lifan 330” markalı minik avtomobilləri təqdim edilmişdir.
Muxtar respublikada 100 aztəminatlı ailənin hər birinə yanında balası olan iribuynuzlu, 17 ailənin hər birinə yanında balası olan 20 baş xırdabuynuzlu, 10 ailəyə mini yerşumlayan aqreqat, 3 ailənin hər birinə 10 arı ailəsi, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə qaynaq aparatı və plastik boru ütüsü, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə, 2020-ci ilin altı ayı ərzində 624 nəfər ailə üzvü olan 133 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmiş, təsərrüfatlarını nümunəvi inkişaf etdirən 3 ailəyə süd sağımı, 3 ailəyə isə otdoğrayan aqreqatlar verilmişdir.
Hesabat dövründə 317 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 104 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 107 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 50 nəfər sanatoriya-kurortlara yollayışlarla, 156 nəfər texniki, 243 nəfər köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş, 162 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 8,8 milyon manat vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 19 fevral tarixdə Sərəncam imzalanmış və müvafiq mərkəzin tikintisi davam etdirilir.
Muxtar respublikada arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun artırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və icrasına başlanılmışdır.
Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 3,1 min nəfər artaraq 1 iyun 2020-ci il tarixə 460,4 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,7 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir. Bu dövr ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınmışdır.
“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2020-ci il 12 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilmiş, təqdimat keçirilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2020-ci ilin ilk yarımilində pensiya və müavinətlərin ödənilməsinə 90 milyon 382 min manata yaxın vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 25 faiz çoxdur.
Muxtar respublikada idmanın inkişafı cari ilin ötən dövründə də diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Müvafiq Dövlət proqramının icrasına başlanılmış, Naxçıvan şəhərində idman festivalı keçirilmişdir.
Ordubad Şəhər Stadionunun, Uzunoba Su Anbarı ərazisində çimərlik futbolu meydançasının tikintisi davam etdirilir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində buzxananın yenidən qurulması, Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası başa çatdırılmışdır.
Naxçıvan şəhərində Naxçıvançay sahilində “Sahil Parkı”nın, Şərur şəhərində musiqili fəvvarənin tikintisi, Təqaüdçülər Klubunun yenidən qurulması başa çatdırılmış, Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın tikintisi davam etdirilir. Bundan əlavə, Şərur, Ordubad və Sədərək rayonlarında bayraq meydanlarının tikintisi davam etdirilir.
Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqlarının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində və Culfa rayonunun Qazançı kəndində hər birində bir məscidin tikintisi, Ordubad şəhərində Cümə məscidinin yenidən qurulması davam etdirilir.
Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafında xüsusi xidmətləri olan bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 28 yanvar tarixdə Sərəncam imzalanmışdır.
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nəzdində Televiziya və Radio Verilişləri Redaksiyası yaradılmış və redaksiyanın fəaliyyəti təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasına və Naxçıvan Mətbuat Şurasına yeni səlahiyyətlər verilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni avadanlıqlar və avtomobillər təqdim edilmişdir.
Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi muxtar respublikanın turizm imkanlarının genişlənməsinə öz töhfəsini verəcəkdir.
Muxtar respublikanın tanıdılması məqsədilə hazırlanmış “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi Bolqarıstanda keçirilmiş turizm film festivalında “Turizm məkanı” kateqoriyası üzrə “Reportaj və ya sənədli film” alt kateqoriyasında qalib gəlmişdir.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi­-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunmuş, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi, Culfa rayonunda Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının yenidən qurulması işləri davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə qeydə alınmış dinamik inkişaf templəri muxtar respublikamızın uzunmüddətli inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin etməkdədir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR