Bu kənd tarixi yaddaşımız və sabaha inamımızın ən gözəl nümunəsidir
Orada bir kənd var. Dağlar əhatəsində adi bir kənddir. Amma hər nişanəsində bir qeyri-adilik vardır. Bu hansı kənddir və qeyri-adiliyi nədədir? – bu suala cavab axtarırsınız. Elə isə yazını oxumağa davam edin…
Cəsur, yenilməz Azərbaycan əsgəri keşik çəkir bu kəndə
Əzəmətli, vüqarlı dağlar əhatəsinə sığınan qalanı xatırladır bu yurd yerimiz. Qartalların qıy vurduğu dağlarının zirvəsində yayın ortasınadək qar ərimir. Yamyaşıl çəmənləri, bəhərli bağları çaylarının, bulaqlarının həzin səsi ilə cana gəlir. Zəmzəm suyuna bənzər kəhrizləri, qədim qalaları, hamamı, dəyirmanı, məscidləri, bir sözlə, hər daşı, qayası bir tarix danışır bu kəndin. Füsunkar, mülayim təbiətinin bəxş etdiyi nanəsi, kəklikotusu, çaşırı, baldırğanı min bir dərdin dərmanıdır. “Əldən tutmaq Əlidən qalmışdır” zərb-məsəlini əməldə yerinə yetirən mehriban, səmimi insanların kəndidir bu yaşayış məntəqəsi. Toya, yasa, iməciliyə, bütün xeyir-şər işlərinə elliklə yanaşılır. İnsanların məişətində, adət-ənənələrində, mədəniyyətində öz əksini tapan birlik, bərabərlik isə könüllülüyün ən gözəl nümunəsidir bu kənddə. Bu yurd yeri həm də gözəl adətlərin, qəlbaçan, incə və xoşməramlı əlamətləri ilə inamın, saf əqidənin, qonaqpərvərliyin ünvanıdır.