İlin bütün fəsillərində muxtar respublikamıza turist axınının şahidi oluruq. 2019-cu ildə qədim diyarımıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlib. Həmçinin Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib. Bu statistik məlumatlar bir daha göstərir ki, Naxçıvan turistlərin ən çox müraciət etdiyi şəhərlər sırasında öz yerini qoruyub saxlayır. Keçən günlərdə Pakistan Respublikasından diyarımıza səyahətə gələn turistlər də Naxçıvanın qış fəslində gəzib-görməli yerlərində oldular.
Şəhərimizdə Pakistan vətəndaşı İmran Muhammedlə həmsöhbət olduq. O, qeyd etdi ki, hazırda ailəsi ilə birgə Bakı şəhərində yaşayır və orada ticarətlə məşğul olur: – Biz bir neçə ildir, Bakıya gəlmişik. Azərbaycan mənim ikinci Vətənimdir. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi dostluq əlaqələri uzaq keçmişə dayanır. Xatırladım ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlət sırasındadır. Hər iki dövlətin insanlarının bir-birinə qarşılıqlı hörmət və ehtiramı var. Azərbaycanın tanınmış diyarı olan Naxçıvana isə ilk dəfədir, gəlirəm. Bura çox xoşuma gəldi. Mən əvvəldən də məlumatlıyam ki, Pakistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı dostluq əlaqələri vardır. Buranın ali təhsil müəssisələrində Pakistandan olan tələbələr təhsil alır, universitetlərarası sıx əlaqələr mövcuddur. Həmçinin görkəmli Azərbaycan yazıçısı, əslən Naxçıvandan olan Cəlil Məmmədquluzadə haqqında kitablar Pakistanda urdu dilində nəşr olunub.