Yolumuzu Azərbaycanın dilbər guşələrindən biri olan Ordubaddan salırıq. Lakin səfərimiz digərlərindən tamamilə fərqlənir. Çünki bu dəfə Ordubadın limonu, əriyi və tarixi abidələri haqqında yazı hazırlamaq üçün yox, dağların döşündə qurulan kiçik obalara yaylaq həyatı ilə tanış olmağa gedirik. Həmişə eşidərdim, kəndimizdə də heyvandarlıqla məşğul olan şəxslər yayda öz sürülərini yaylaqlara aparardılar. Yaylaq haqqında çox da məlumatlı olmadığım üçün bu səfər mənə daha maraqlı gəlirdi.
Mənzilimiz uzaq olduğu üçün Ordubad Rayon Baytarlıq İdarəsinin əməkdaşları ilə səhər saat 7-də yola düşürük. Söhbət zamanı onlardan biri deyir: “Muxtar respublikamızın digər bölgələri kimi, Ordubad rayonunda da kənd təsərrüfatının ayrılmaz hissələrindən birini heyvandarlıq təşkil edir. Yayda iri və xırdabuynuzlu heyvandarlıqla məşğul olan sahibkarlar üz tuturlar yaylaqlara. Ordubad təmiz havası, rəngarəng mənzərələri ilə fərqlənən yaylaqlarla əhatələnib. Rayonun Kotam, Babək rayonunun Naxışnərgiz, Kəngərli rayonunun Çalxanqala və Xok, Culfa rayonunun Bənəniyar kəndlərindən insanlar uca və əzəmətli dağların əhatəsində yerləşən füsunkar təbiətli “Gen yurdu”, “Xan çeşməsi”, “Tüklü çəmən”, “Əyriçay”, “Çadırdaş” və digər yaylaqlarda illərdir ki, obalar qururlar. Burada məskən salan ailələr heyvandarlıqla yanaşı, əkinçiliklə də məşğul olurlar. Təsərrüfatlarda saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan ekoloji cəhətdən təmiz süd məhsulları istehsal edilir və satışa çıxarılır. Burada hər şey təbiidir. Yaylağın da gözəlliyi elə bundadır”.
Yolboyu təbiətin müxtəlif çalarlı mənzərələri ilə dərin düşüncələrə dalıram. Bir tərəfdən gedəcəyim məkan, yaşıllıqlarla əhatəli gül-çiçək ətirli çəmənliklər, buz bulaqlar, dağlar qoynunda otlayan qoyun-quzu xəyalıma gəlir, digər tərəfdən də keçdiyimiz yollarda tez-tez rastlaşdığımız dağların mənzərəsi məni cəlb edir. Bir vaxtlar igidlərə qalxan, yağıya sipər olan bu dağların hərəsinin öz tarixçəsi var, – deyə düşünürəm. Maşınımız Aza-Sabirkənd-Baş Dizə-Gilançay-Biləv kəndləri istiqamətində hərəkət edir. Bu ucqar dağ kəndlərində diqqəti cəlb edən əsas məsələlərdən biri də müasir kənd mərkəzlərinin qurulmasıdır. Kəndlərdə tikilən müasirtipli məktəb, xidmət mərkəzi, digər binalar burada yaşayan əhalinin rahatlığına hesablanıb. Çox sevindiricidir ki, uzaq-yaxınlığından, böyük-kiçikliyindən asılı olmayaraq, heç bir kənd inkişafdan geri qalmayıb.
Biləv kəndinə çatmamış ilan kimi qıvrılan yollarla yuxarı qalxdıqca uzaqdan Babək qalası görünür. İnşa edilmə tarixi Xürrəmilər hərəkatı ilə bağlı olan, xalq arasında “Babək qalası” adlanan qala Gilançayın sağ sahilində, Ordubad rayonunun Biləv kəndindən cənub-qərbdə yerləşir. Hər tərəfdən sıldırım qayalarla əhatə olunan qalanı ta uzaqdan görmək mümkündür. Dağlar və yaşıllıqlar qoynunda yerləşən Biləv kəndi isə qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilir. Burada Əhməd dərəsi deyilən yerdə Biləv mineral su bulağı axır. Kənd camaatının “yel suyu”, “qotur suyu” kimi adlandırdığı bu bulaq şəfalı xüsusiyyətləri ilə seçilir. Digər abadlaşdırılan kənd yolları kimi, Biləv-Tivi-Bist istiqamətindəki yolda da təmir-bərpa işləri aparılır. Maşınımız dağ boyunca yuxarı qalxdıqca düzən və dağlıq ərazilərdə arı pətəkləri, dağ döşündə otlayan iribuynuzlu mal-qara gözə dəyir. Bist kəndindəki yeni müasir məktəb dağ başında universiteti xatırladır sanki. Ələhi kəndinə isə yaşıllıqlar qoynunda yerləşən müasir kənd deyərdim. Dərələrin arasında salınmış kəndin gözəl mənzərəsi insanı heyran edir. Bu kənd ərazilərindən keçən Çalğarsu, Gilançay, Əyriçay və Parağaçay buz kimi sərin olmaqla yanaşı, həm də müxtəlif növ balıqların məskənidir.
Maşınımız Xurs kəndindən yaylaq istiqamətinə doğru sürətlə irəliləyir. Günəş dağların arxasından boy göstərir, səma əlvan rəngə boyanır. Dağlar boyunca yuxarıya doğru qalxdıqca təmiz dağ havasını ciyərlərimizə çəkir, birsaatlıq enişli-yoxuşlu yolları keçib yaylağa yetişirik. Artıq ilk gedəcəyimiz obanın mənzərəsi uzaqdan görünür. Dağ başında kiçik bir evi xatırladan bu obaya yaxınlaşdıqca fərqli bir aləmə daxil olursan. Dağlar qoynunda otlayan mal-qara, qoyun-quzu, onları qoruyan çoban itləri, obanın ətrafında səs-səsə verən toyuq-cücə, ən əsası isə bütün bunları tamamlayan hər şeydən saf uşaqların gülüşləri…
Ordubadın Kotam kəndindən olan Əmir Məmmədova məxsus iribuynuzlu heyvanlara “Xan çeşməsi” obasında məskən salan Kəngərli rayonunun Çalxanqala kənd sakini Xaliq Əhmədov baxır. 600 baş iribuynuzlu mal-qaranı aparır ta Nürgüt kəndinin səfalı yaylaqlarına, kənddən bir neçə kilometr aralıda, dəniz səviyyəsindən, təqribən, 3000-3500 metr yüksəklikdə, dağların zirvəsində yerləşən Göygöl tərəflərə. Dağda hər nəfəs aldıqda havanın təmizliyini, oksigen ilə zənginliyini hiss etmək olur. Yaşıllıqların əhatəsində qərar tutan yaylaq ətrafındakı gözəlliklərə baxdıqca doğma diyarın təbiətinin füsunkarlığı adamı valeh edir. Müsahibim deyir ki, iyun ayı heyvanları yaylağa gətirir, qar yerə düşənəcən burada saxlayırıq. Darıxmırsınız ki burada? – deyə soruşuram: – Yaylaqda darıxmaq olar? Çox insan bu təmiz havanın həsrətini çəkir. Burada vaxtımız xoş keçir. Xaliq Əhmədovun qardaşı da onunla birgə çobanlıq edir. Növbə ilə yaylağa qalxırlar. O qeyd edir ki, iki qardaş ailəmizlə birgə yaşayırıq. Səhər tezdən heyvanları o aparır, axşamçağı da mən. Ta qaranlıq düşənəcən. İnəkləri köməkli sağıb, özümüz üçün süd, qatıq, pendir hazırlayırıq. Yaşayışımız üçün heç bir çətinliyimiz yoxdur. Suyu da yaxınlıqdakı bulaqdan gətiririk.
Xaliq Əhmədov deyir ki, yaylaqlardan istifadə etmək üçün hərtərəfli şərait yaradılıb. Öz təsərrüfatımızı artıraraq bol məhsul əldə edirik. Bizimlə mütəmadi olaraq əlaqə saxlanılır, qarşılaşdığımız bütün çətinliklər həll olunur, istehsal etdiyimiz məhsulları rahatlıqla sata bilirik. Bundan sonra da çalışacağıq ki, yaradılan şəraitdən səmərəli istifadə edək, təsərrüfatımızı daha da genişləndirək.
Bu vaxt bizi görən obadakı uşaqlar yanımıza gəlirlər. Obada iki ailənin birgə 7 uşağı yaşayır. Qadınlardan Rəqsanə Əhmədova deyir ki, görürsünüz, bu uşaqlarla burada darıxmaq mümkün deyil. Bütün bu dağlar, cığırlar onlarındı sanki. Səhərdən axşamacan istədikləri kimi oynayır, təbiət qoynunda olmaqdan həzz alırlar. Yaxın vaxtlarda yenə öz evimizə qayıdacağıq, ona qədər tətillərini belə maraqlı keçirirlər. Uşaqlardan soruşanda ki, bura yaxşıdı, yoxsa eviniz? – heç tərəddüd etmədən özlərinə məxsus dünyalarında xoşbəxt ola bildikləri obalarını seçirlər.
Uşaqların gülərüzlə qarşılayıb yola saldığı maşınımız digər bir yaylağa doğru irəliləyir. Gəldiyimiz yer “Şahbulağı” yaylağı adlanır. Bu yaylağa çatmamış uzaqdan qoyun-quzunu dağ yamaclarında otlayan görürük. Oba sakini Yolçu Kərimov bizi qarşılayır, yoldaşı Leyla Kərimova qonaqpərvərliklə obanın içərisinə dəvət edir. 800 baş xırdabuynuzlu heyvanı yaylağa gətirdiyini deyən Yolçu Kərimov əldə etdikləri ağartı məhsullarını bura tez-tez gəlib-gedən maşınlarla satışa çıxardıqlarını dedi: – Səhər saat 5-də qoyun-quzunu dağa aparır, isti düşəndə, 12-nin yarısı qaytarırıq yaylağa. Saat 1 və 4 arası sağım olur. Sonra yenidən aparırıq otlamağa. 10 ildən artıqdır ki, bu yaylaqlara gəlib gedirik. Burada 270 hektar ərazimiz var. Keçən il kartof əkmişdik, bu il gec gəldiyimizə görə əkə bilmədik. Sentyabrda qayıdacağıq. Ara-sıra yağan narın yağışlar bolluq və bərəkət gətirir. Bizim əsas qazancımız yaylaq dönəmində olur.
Ailənin 3 övladı var. Onlar da hər il valideynləri ilə birgə yaylağa gəlib-gedirlər. Ailə başçısı Yolçu Kərimov dövlətimizə minnətdarlıq hissi ilə deyir:
– Muxtar respublikamızda heyvandarlıqla məşğul olan insanlar üçün lazımi şərait yaradılıb. Uca dağların əhatəsində yerləşən Ordubad yaylaqlarında məskən salır, obamızı qururuq. Burada günümüz-güzəranımız çox yaxşı keçir. Əsgərlərimiz postlarımızı qoruyur, təhlükəsizliyimizi təmin edir, biz də gecə rahat yata bilirik. Əvvəllər yollar kələ-kötür idi, gəlib-getmək rahat deyildi. İndi şükür Allaha ki, yollar da düzəldilib, buraya gəlmək istəyən qonaqlar da rahat şəkildə gəlib çıxırlar. Digər tərəfdən Ali Məclisin Sədri yaylaqdakı şəraitlə həmişə maraqlanır. Bura mütəmadi olaraq xəstəxanadan həkimlər gələrək sağlamlığımızın qeydinə qalırlar. Baytarlıq xidmətinin əməkdaşları isə təsərrüfatımızda olan iribuynuzlu, xırdabuynuzlu heyvanların xəstəliklərə yoluxmamaları üçün lazımi tədbirlər görür, dərman, iynələrlə təmin edirlər. Həmçinin burada təşkil edilən səyyar satış xidməti zamanı lazımi ərzaqları ala bilirik. Ailənin xanımı Leyla Kərimova deyir ki, yaylaqda yaşamağa öyrəşib. Burada xırdabuynuzlu heyvanlarla yanaşı, toyuq-cücə, qaz, hinduşka saxlayırıq. Bu yaylaqların dağları səfalı və bərəkətlidir. Heyvanlar yaxşı qidalanır, məhsuldarlıq yüksək olur. Təmizlik işlərindən heyvanların sağımına qədər bütün işi görən Leyla Kərimova sonra dağ döşündə, çəmənlərdə bitən hər biri dərdə dərman olan kəklikotu, solmazçiçək, yarpız və digər faydalı dərman bitkilərindən toplayır, qışa tədarük görür.
Mehriban və qonaqpərvər oba sakinləri ilə şəkil çəkdirib yola düşürük digər bir yaylağa, “Xələşli yurdu” adlanan məkana. Bu yurdda Ələsgər və Qəzənfər Qurbanov qardaşları 1100 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu heyvan saxlayırlar. 2 aydır, burada olan ailə Babək rayonunun Naxışnərgiz kəndindəndir.
Qəzənfər Qurbanov deyir ki, bütün mal-qaranı yığıb iyun ayından yaylağa gəlmişik, burada özümüz üçün əlverişli yerdə yurd salmışıq. Dağlıq ərazilərə, yaylaqlara gəlməkdə məqsədimiz heyvanların sağlam qidalanmasıdır. Bu həyat tərzi əsrlərdir, nəsillərdən-nəsillərə ötürülür. Səhər dan yeri söküləndən günortaya kimi iribuynuzlu və xırdabuynuzlu heyvanları sahələrdə otarır, saat 4-dən axşam hava qaralanadək heyvanları yenidən otarmaq üçün sahələrə çıxarırıq. Hər təminatımız təbiət hesabına başa gəlir. Elektrik enerjisini generatorlar vasitəsilə təmin edib, ocaq qalayaraq yemək bişiririk. Bəzən çöllərdə də gecələməli oluruq. Bu zaman bizi və sürünü ən etibarlı dostumuz olan itlər qoruyur. Sıx meşələrlə örtülü yüksəkliklərdə, ayı, canavar, qaban və bir sıra başqa yırtıcı heyvanlarla rastlaşmaq mümkündür. Bu vəfalı dostlar sürünü gecə-gündüz yırtıcılardan qoruyur. Hər həftə məhsulumuzu bazara göndərir, Bakı şəhərində də sata bilirik. Dolanışığımız yaxşıdır. Yaylaq fəsli bitəndə, havaların soyumağa başladığı sentyabr-oktyabr aylarında arana enirik. Yaxşıca bəslənən qoyunları satışa çıxarırıq.
Mədinə Qurbanova deyir ki, burada günün necə gəlib keçdiyini hiss etmirik. Ailənin yeməyi, içməyi, heyvanların sağımı, bir də görürük qaranlıq düşüb. Zəhmətlə bir-birindən ləziz, dadlı və ən əsası yüksəkkeyfiyyətli məhsullar ərsəyə gətiririk. Alıcı sarıdan heç bir problemimiz yoxdur. Burada iki ailənin bir yerdə yaşaması işimizi bir az yüngülləşdirir. Hər bir işdə bir-birimizə kömək əli uzadırıq. Bu yaylaqlarda mehriban, yardımsevər və zəhmətkeş olmaq kimi insani xüsusiyyətləri övladlarımız da mənimsəyir.
Yaylaqçılıq çox qədimdən günümüzə qədər davam edən bir ənənədir. Həm heyvanlar yaxşı bəslənir, həm də daha sağlam heyvandarlıq məhsulları – yağ, pendir və süd əldə edilir. Bununla bazarın tələbatı ödənilir və əhalinin yerli ərzaq məhsullarına olan ehtiyacı təmin olunur. Tərtəmiz havası, saf suları, sərin yayı, gözəl mənzərələri, bitki və heyvan müxtəlifliyi ilə seçilən yaylaqlar insanı təbiət qoynuna dəvət edir.
Muxtar respublikamızda bu sahə üçün yaradılan mövcud şərait yaylaq turizminin də inkişafına geniş imkanlar açır. İnanırıq ki, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda keçirilən, böyük maraqla qarşılanan Milli Yaylaq Festivalı kimi festivalların gələcəkdə muxtar respublikamızda da təşkili reallaşdırılacaq.
Güntac ŞAHMƏMMƏDLİ