Bu, vətənpərvər ruhlu gənclərimizin formalaşmasında mühüm rol oynayır
Muxtar respublikamızda gənc nəslin vətənpərvər ruhda tərbiyəsi dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlanılır. Hər bir kəsə milli ruhun aşılanması prosesi körpə yaşlarından başlanılır, məktəblərdə davam etdirilir və təkmilləşdirilir. Gələcəyimiz olan gənc nəslin Vətəninə, xalqına, soy-kökünə, adət-ənənələrinə sədaqət və hörmət ruhunda formalaşması bu prosesə daha məsuliyyətlə yanaşmanı tələb edir. Bu işdə ölkəmizdə, eləcə də muxtar respublikamızda fəaliyyət göstərən təhsil müəssisələri mühüm rol oynayır. Müasir dövrdə təhsil sistemi qarşısında qoyulmuş başlıca vəzifələrdən biri də ümumtəhsil müəssisələrində həm bacarıqlı, bilikli, yenilikçi gənclər, həm də Vətəninə, xalqına, dövlətinə sadiq vətəndaşlar yetişdirməkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.
Bu gün muxtar respublikamızın ümumtəhsil məktəblərində təhsil alan uşaq, yeniyetmə və gənclərə dövlət rəmzlərimizə, müstəqilliyimizə, xalqımızın tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, vətənpərvər ruhlu, Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Son illər muxtar republikamızda tikilib istifadəyə verilən yeni məktəb binaları, laboratoriyalar, kitabxanalar, elektron lövhəli siniflərlə yanaşı, dünya standartlarına cavab verə biləcək hərbi kabinetlər, həmçinin orta məktəblərimizdə tədris edilən gənclərin çağırışaqədərki hazırlığı, ali təhsil müəssisələrində mülki müdafiə, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq fənləri də bu işdə mühüm rol oynayır. Adıçəkilən fənlərin tədrisi gənc nəsildə vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Muxtar respublikamızda hər il mütəmadi olaraq təşkil edilən “Vətənin müdafiəsinə hazıram”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları onların fiziki cəhətdən sağlam böyüməsinə, onlara Vətənə sevgi və məhəbbət hisslərinin aşılanmasına öz müsbət təsirini göstərir.