06 May 2024, Bazar ertəsi

Kəndimizin kənarından axan kiçik çayın kənarında çoxlu sayda böyürtkən kolları var. May ayının sonu çiçəkləyən, avqust ayında isə yetişən qapqara, şirin giləmeyvəni yığmaq kənd uşaqlarının əsas məşğuliyyətinə çevrilib. Kolun tikanları əllərinə batsa da, elə onu koldan dərib yemək uşaqları hədsiz ­sevindirir.
İnsanların bu giləmeyvəni, xüsusilə səhər tezdən toplamalarının da səbəbi odur ki, həm sərin havada müxtəlif həşəratlardan qoruna, həm də lap təzəcə yetişmişlərini yığa bilirlər. Onu da deyim ki, böyürtkən toplamağa gedən balaca vedrəsini doldurmamış qayıtmaz. Qara rəngli böyürtkəndən dadlı mürəbbə, kompot, cem, qırmızısından isə mövsümündə ağız ləzzəti ilə yeyilən turşu hazırlayarlar. Beləcə, həm özləri istifadə edər, həm də qalanını satar, digərlərinin bu giləmeyvəyə olan tələbatını ödəyərlər. Böyürtkənin təzəsini, eləcə də mürəbbəsini uzaqda olan qohuma pay göndərmək ən əziz sovqat hesab edilir kəndimizdə. Amma yuxarıda da qeyd etdiyim kimi, onu toplamaq hər adamın işi deyil. C vitamini ilə zəngin olan meyvənin təzəsini xüsusi qablarda dondurucuda, hətta qışa da saxlamaq olar.

Muxtar respublikamızın, demək olar ki, hər bölgəsində rast gəlinən bu tikanlı, zərif kol bitkisinin insan sağlamlığına faydaları da çoxdur. Hətta böyürtkən kolları kənd yerlərində bir çox həyətyanı sahələrdə çəpər rolunu da oynayır. Təbiətin ayrılmaz hissəsi olan arılar isə yaz-yay aylarında onun çiçəklərindən çəkdikləri nektarla təmiz bal hasil edə bilir. Böyürtkənin yazda açan ağ çiçəkləri, yarpaqları, meyvəsi təbabətdə, eləcə də kulinariyada istifadə olunur. Giləmeyvənin tərkibi isə şəkər, üzvi turşular, müxtəlif vitaminlərlə zəngindir. Deyilənə görə, hələ çox qədimdə təbiblər böyürtkənin təzə yarpaqlarını əzərək onun ekstraktını dəri zədələnməsi, irinli yaralarda tətbiq ediblər. Yarpaqlarının və cavan zoğlarının həlimini və çayını angina və somatitdə məlhəm kimi, təzə və quru meyvələrinin həlim və yaxud dəmləməsini susuzluğa qarşı, eləcə də kəskin sətəlcəm xəstəliklərində məsləhət görürlər. Meyvələri, həmçinin mədə-bağırsağın fəaliyyətini tənzimləyir, həzmi yaxşılaşdırır, böyrək, qaraciyər xəstəlikləri zamanı müalicəvi təsir edir, onun tərkibindəki aktiv maddələr xərçəng hüceyrələrinin artmasının qarşısını alır. Bundan başqa, böyürtkənin yarpaqlarını və kal meyvələrini açıq, günəşli havada qurudub, çay kimi dəmləyərək uşaqlarda tez-tez baş verən qarın ağrılarına (ishala) qarşı antiseptik maddə kimi, qurudulmuş köklərini isə suda bişirib vərəm xəstəliyi əleyhinə dərman kimi istifadə edirlər.

Bu gün böyürtkəni toplayıb, qışa tədarük görən təsərrüfatçılarımız az deyil. Onlardan biri də Ordubad rayon sakini Natiqə Əliyevadır. Təsərrüfatçı deyir ki, böyürtkən çiçək açdıqdan, təxminən, bir ay sonra meyvəsi yetişir. Onu toplamaq səbir və səriştə tələb edir. Tikanları insanı incitsə də, toplamağına dəyər. Çünki, həqiqətən də, bu meyvə min bir dərdin dərmanıdır. Xüsusi qulluq tələb etməyən, Allahın insanlara bəxş etdiyi şəfalı nemətdir, bizə ancaq onun qədrini bilmək qalır, – deyir Natiqə xala. Zəhmətkeş müsahibim onu da əlavə edir ki, müxtəlif kəndlərə gedib, yol və çay kənarlarından böyürtkən yığıb gətirir, mürəbbəsini, kompotunu, cemini hazırlayır. Bu meyvənin mürəbbəsinin alıcısı, xüsusilə çox olur. Çünki böyürtkən, xüsusilə də qışda soyuqdəyməyə qarşı ən təsirli vasitədir, immuniteti möhkəmləndirir.
Bu gün barlı-bərəkətli, hər neməti min bir dərdin dərmanı olan doğma diyarımızda yetişən daha bir giləmeyvə haqqında məlumat verdik. Füsunkar təbiətə malik diyarımızın hər bir qarışı belə müalicəvi meyvə və giləmeyvələrlə, bitkilərlə zəngindir. Natiqə xalanın da dediyi kimi, bircə qalır onları görmək və bizə qarşılıqsız verilən, sağlamlığımız üçün də faydalı olan bu nemətlərin qədrini bilmək..

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR