04 May 2024, Şənbə

 Bu, vətənpərvər ruhlu gənclərimizin formalaşmasında mühüm rol oynayır

     Muxtar respublikamızda gənc nəslin vətənpərvər ruhda tərbiyəsi dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlanılır. Hər bir kəsə milli ruhun aşılanması prosesi körpə yaşlarından başlanılır, məktəblərdə davam etdirilir və təkmilləşdirilir. Gələcəyimiz olan gənc nəslin Vətəninə, xalqına, soy-kökünə, adət-ənənələrinə sədaqət və hörmət ruhunda formalaşması bu prosesə daha məsuliyyətlə yanaşmanı tələb edir. Bu işdə ölkəmizdə, eləcə də muxtar respublikamızda fəaliyyət göstərən təhsil müəssisələri mühüm rol oynayır. Müasir dövrdə təhsil sistemi qarşısında qoyulmuş başlıca vəzifələrdən biri də ümumtəhsil müəssisələrində həm bacarıqlı, bilikli, yenilikçi gənclər, həm də Vətəninə, xalqına, dövlətinə sadiq vətəndaşlar  yetişdirməkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”. 

Bu gün muxtar respublikamızın ümumtəhsil məktəblərində təhsil alan uşaq, yeniyetmə və gənclərə dövlət rəmzlərimizə, müstəqilliyimizə, xalqımızın tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, vətənpərvər ruhlu, Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Son illər muxtar republikamızda tikilib istifadəyə verilən yeni məktəb binaları, laboratoriyalar, kitabxanalar, elektron lövhəli siniflərlə yanaşı, dünya standartlarına cavab verə biləcək hərbi kabinetlər, həmçinin orta məktəblərimizdə tədris edilən gənclərin çağırışaqədərki hazırlığı, ali təhsil müəssisələrində mülki müdafiə, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq fənləri də bu işdə mühüm rol oynayır. Adıçəkilən fənlərin tədrisi gənc nəsildə vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Muxtar respublikamızda hər il mütəmadi olaraq təşkil edilən “Vətənin müdafiəsinə hazıram”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları onların fiziki cəhətdən sağlam böyüməsinə, onlara Vətənə sevgi və məhəbbət hisslərinin aşılanmasına öz müsbət təsirini göstərir.

Gənclərimizin vətənpərvər ruhda tərbiyəsində ölkəmizin seçilən ali təhsil müəssisələrindən biri sayılan Naxçıvan Dövlət Universitetində Pedaqoji fakültənin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tədrisi də mühüm rol oynayır. Bu ixtisasın vətənpərvərlik hisslərinin aşılanmasında, gənc nəslin ordu həyatına hazırlanmasında rolu barədə Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri, dosent, ehtiyatda olan zabit Oktay Rzayevlə həmsöhbət olduq. Müsahibim bildirdi ki, ümummilli liderimizin Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təhsil sisteminin qarşısında duran ən mühüm vəzifə hesab edirdi. Bu gün ulu öndərin yolunu layiqli şəkildə davam etdirən dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulayır, bu işin dövlətin təhsil, gənclər siyasətinin prioritet məsələlərindən biri olduğunu, böyüməkdə olan nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sevgi ruhunda tərbiyə edilməsinin xalqımızın inkişafının əsası olduğunu diqqətə çatdırır.

Bu gün torpaqlarımızın düşmən tapdağı altında olduğu bir vaxtda bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş əzmini qaldırmaqdır. Bu işdə Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tədrisi böyük önəm kəsb edir və bu ixtisası normal mənimsəmiş gənclər hərbi xidmətə daha asan uyğunlaşır və nümunəvi xidməti ilə digər yoldaşlarından seçilirlər. Öyrənirik ki, universitetdə 1994-cü ildən tədris edilən bu ixtisas gənclərin Silahlı Qüvvələrdə xidmətəqədərki hazırlığının tərkib hissəsidir. Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasında 2-si həkim, 5-i mülki müdafiə müəllimi olmaqla, 7 müəllim 100-ə yaxın tələbəyə hərbi-vətənpərvərlik hisslərini keyfiyyətli şəkildə aşılayır. Atıcılıq, taktiki hazırlıq, çağırışaqədərki hazırlığın tədrisi metodikası, sıra hazırlığı, hərbi idman oyunları, hərbi idman qurğuları, hərbi nizamnamə, hərbi qanunçuluğun əsasları, hərbi topoqrafiya, orduda fiziki hazırlığın təşkilinin nəzəri əsasları kimi fənlərin tədrisi zamanı tələbə-gənclərimiz nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiəolunma üsullarını, tibbi biliklərin əsaslarını öyrənir, fiziki cəhətdən orduda xidmətə hazırlanırlar. Çağırışaqədərki hazırlıq dərsləri tələbələrin Vətənə bağlılığını artırır, torpaqlarımızı müdafiə etmək borcunun nə olduğunu dərk etməyə yardımçı olur, gəncləri mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlamaq işində, eləcə də sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində vacib rol oynayır.
Müsahibim onu da qeyd edir ki, tələbələrin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin də mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı əsas götürülərək tələbələrimiz Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində təlimlər keçir, hərbi hissələrdə kurslarda iştirak edirlər. Hər il universitetdə 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı hami təşkilatlarla birgə geniş tədbir keçirilir. Bütün bunlar tələbələrimizin mülki müdafiə fənnini daha yaxşı mənimsəməsinə şərait yaradır, onları baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində, eləcə də səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkili barədə maarifləndirir, həmçinin tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində mühüm rol oynayır.
Müsahibim Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasında təhsil alan tələbələrin uğurlarından qürurla danışaraq bildirir ki, güclü maddi-texniki bazaya malik fakültədə Mülki müdafiə, Çağırışaqədərki hazırlığın tədrisi metodikası kabinələri, həmçinin açıq havada böyük və minifutbol, voleybol, basketbol, tullanma, qaçış və digər idman növləri üzrə meydançalar tələbələrin ixtiyarındadır. Gənclərimiz mütəmadi olaraq ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən hərbi idman oyunlarında, atıcılıq yarışlarında, həmçinin muxtar respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak edərək uğurlar qazanırlar.
Biz də fakültənin bilikli, bacarıqlı və vətənpərvər ruhlu bir qrup tələbəsi ilə həmsöhbət olduq. Müsahibim Məhəmməd Şahbazov universitetin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə II kurs tələbəsidir. O deyir ki, Naxçıvan Dövlət Texniki Kollecində Nəqliyyat daşımalarının təşkili ixtisası üzrə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. 2017-2018-ci illərdə hərbi xidmətdə öz yoldaşlarından seçilib, fərqləndiyinə görə ona kiçik çavuş hərbi rütbəsi verilib. Məhəmməddə uşaq yaşlarından formalaşan Vətənə dərin məhəbbət hissləri hərbi xidmətdə olduğu vaxtlarda hərbçi peşəsinə maraq oyadır və ali təhsil almaq qərarına gəlir. Arzusunda olduğu ixtisası seçir. Fakültənin intizamlı, çalışqan tələbələrindən olan müsahibim peyntbol, atıcılıq üzrə yarışlarda iştirak edərək uğurlar əldə edib. O deyir ki, Vətəni, torpağı müdafiə etmək müqəddəs vəzifəmizdir. Bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan ədalətli mübarizədə mən də qüdrətli ordumuzun sırasında döyüşməyə hazıram. Düşünürəm ki, hərbi xidmət zamanı, eləcə də ixtisasım üzrə əldə etdiyim biliklərlə bu məsuliyyətli vəzifənin öhdəsindən gələ bilərəm.

Həmsöhbət olduğumuz digər bir tələbə Məhərrəm İsmayılovdur. Hazırda IV kursda təhsilini davam etdirən Məhərrəm deyir ki, ixtisası üzrə əldə etdiyi bilik gələcəkdə hərbi xidmət keçərkən ona çox kömək olacaq. Burada öyrəndiklərimi hərbi xidmət keçərkən də məsuliyyətlə yerinə yetirəcək, üzərimə düşən tapşırıqları, vəzifələri vaxtında və düzgün icra edəcək, xidmətimlə digər yoldaşlarıma da nümunə olacağam.
Məhərrəm də muxtar respublikamızda ali və orta ixtisas təhsili müəssisələri üzrə keçirilən atıcılıq yarışlarında iştirak edərək qalib adını qazanan gənclərimizdəndir.
Digər bir müsahibim Rauf Orucov isə qeyd edir ki, ailələrində hərbçi olması onun da uşaq vaxtlarından bu sahəyə marağını artırıb. IV kursda təhsil alan Rauf fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı məqsədilə keçirilən bir çox təlimlərdə iştirak edib və ixtisası üzrə əldə etdiyi biliklər burada köməyinə çatıb. O deyir ki, sıra hazırlığı fənninin tədrisi zamanı keçirilən təlimlər ona və digər yoldaşlarına intizamlı olmağı, tapşırıqları tez və dəqiq yerinə yetirməyi, fiziki cəhətdən daha sağlam, güclü, dözümlü və çevik olmağı öyrədir. Həmçinin bu fənnin tədrisi gələcəkdə ordu həyatına uyğunlaşmanı və hərb işinin öyrənilməsini asanlaşdırır, biz gənclərə nümunəvi xidmət üçün əlavə motivasiya verir. Taktiki hazırlıq fənnində isə müəllimlərimiz tərəfindən hücum və müdafiə taktikası praktik, əyani vəsaitlərlə izah edilir, yeni təlim metod və üsullarından istifadə etməklə göstərilir, əvvəlcə tək-tək, sonra isə manqalar və yaxud taqım şəklində elementlərlə yerinə yetirilir.
Müsahibim güləşlə də müntəzəm məşğul olur. O bu idman növünün gələcəkdə hərbiyə mənəvi və psixoloji cəhətdən hazır olmasında mühüm rol oynayacağını qeyd edir və muxtar respublikamızda güləş üzrə təşkil olunan yarışlarda iştirak edərək müvəffəqiyyət qazandığını vurğulayır.
Günümüzdə orduya ancaq oğlanlar çağırılsa da, dünyada gedən proseslər qızların da hərbi işləri öyrənməsini zəruri edir. Zöhrə Abbasova belə gənclərimizdən biridir. Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının II kurs tələbəsi olan Zöhrənin hərbi sahəyə marağı elə ailəsindən irəli gəlir. O deyir ki, Vətənin keşiyində dayanmaq, ona qulluq etmək hər bir vətəndaşımızın vəzifə borcudur. Mənim də hərbçi olmaq istəyim Vətənimə olan sevgimdən qaynaqlanır. Müsahibim bildirir ki, ixtisası üzrə artıq bir çox bilikləri mənimsəyib, gənc əsgər səviyyəsində bacarığa yiyələnib. Gələcəkdə ixtisası üzrə peşəkar kadr hazırlamaq onun əsas məqsədidir.
Müsahiblərimizlə də söhbətdən göründüyü kimi, müharibə şəraitində yaşadığımız bir dövrdə Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tədrisi aktualdır. Sevindiricidir ki, muxtar respublikamızda bu fənnin tədrisi, eləcə də gənclərimizin vətənpərvər ruhda tərbiyəsi istiqamətində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri nəticəsində Vətənimizə, doğma torpağımıza bağlı, dövlətimizə, milli-mənəvi dəyərlərimizə sadiq nəsil yetişir. Məhz həmin gənclərdir ki, bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qorxmadan, cəsarətlə düşmənlə döyüşür və bu yolda vətənpərvərliyin ən ali zirvəsinə – şəhidlik adlı zirvəyə ucalmağı böyük şərəf və qürur bilirlər. Məhz gələcəyimizi Vətəninə, torpağına, bayrağına, xalqına bağlı gənclərə etibar ediriksə, demək, sabahımız daha parlaqdır, qələbəyə gedən yolumuz isə açıq və uğurludur.

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR