Dərinməzmunlu, zəngin sənət növü kimi sevilən aşıq yaradıcılığı Azərbaycanın tarixi bölgələrindən olan Naxçıvanda da qədimdən inkişaf edib. Tarixboyu mədəniyyətin yüksək inkişafı, şəhər həyatının varlığı Naxçıvanda aşıqların geniş fəaliyyət göstərməsinə imkan verib. Zəmanəsinin məşhur aşıqları olan Ağ Aşıq Allahverdi Kosacanlı, Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Çobankərəli Aşıq Cəfər, Aşıq Mirzalı, Aşıq Hidayət, Aşıq Əbülfəz və başqaları Naxçıvan aşıq mühitinin yetirmələri olublar.
Aşıq sənətinin zəngin keçmişi və bugünkü inkişaf səviyyəsi barədə ətraflı məlumat almaq üçün folklorşünas, professor Yusif Səfərovla həmsöhbət olduq. O qeyd etdi ki, aşıqlar qədim dövrlərdə ozan, dədə, varsaq, yanşaq adları ilə də tanınıblar. Aşığın “varsaq” adlanması varsaq tayfalarının adı ilə bağlıdır. “Yanşaq” adı, əsasən, XIII-XIV əsrlərdə işlənib.
Folklor araşdırması göstərir ki, aşıq sənəti türk xalqlarının ibtidai dövrdən müasir dövrədək bədii təfəkkürünü heca vəzni şəklində yaşadan şifahi ədəbiyyatdır. Bu sənətin görkəmli nümayəndələri Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Dədə Turab, Aşıq Valeh və başqaları aşıq şeirini daha da zənginləşdiriblər. Aşıq Alının, Aşıq Ələsgərin, o cümlədən Aşıq Hüseyn Şəmkirlinin Naxçıvana səfərlər etməsi, yerli sənətkarlarla məclislər aparması bu tarixi bölgədə XVII-XX əsrlərdə aşıq sənətinin inkişaf etdiyini göstərir.