Naxçıvan torpağı ta qədimdən dadlı-tamlı meyvələri ilə dünyada tanınır. Məhz buna görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Muxtar respublikamızda meyvəçilik əhalinin əsas məşğulluq sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Sağlam qidalanmada meyvə əsas şərtdir, çünki zəngin vitamini insanlar məhz bu nemətlərdən alır. Muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, meyvə bağlarına rast gəlirik. Bağlar diyarı kimi tanınan Ordubad rayonu isə öz meyvələri ilə xüsusilə seçilir.
Bu yerlərin torpağı, havası, suyu lap əzəldən meyvəçiliyin inkişafına əlverişli zəmin yaradıb. Bu aqrar sahə min illər boyu Ordubad sakinlərinin başlıca məşğuliyyət sahələrindən birinə çevrilib. Bol, keyfiyyətli, həm də rəngarəng çeşidli təzə meyvə, meyvə qurusu və meyvə şirələri istehsalçısı kimi Ordubadın şan-şöhrəti hər yana yayılıb.
Tarixi mənbələrdə qeyd olunur ki, Karteliya və İrəvan quberniyalarında keçirilən meyvəçilik sərgilərində Naxçıvan və Ordubaddan gətirilib nümayiş etdirilən meyvələrin şöhrəti hər yerə yayılıb. Ta qədimdən bu bölgə ərik bağları ilə daha çox məşhur olub. Bağlarda yetişdirilən müxtəlif növ əriklər dünyada mövcud olan ərik növləri içərisində birinci yerdə dayanıb.
Ordubadın xüsusi ləzzəti, şirinliyi, rəngi, qırmızı yanaqları və ətri ilə fərqlənən əriyi haqqında daha ətraflı məlumat almaq üçün bağban Əbdül Haşımovla həmsöhbət olduq. O qeyd etdi ki, güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi olan Ordubad rayonunda tarixən yetişdirilən, ölkəmizin müxtəlif bölgələrinə yayılan ərik sortlarının bərpası, yaşadılması bu gün əsas məqsədlərdən biridir. Ordubadın torpağı əzəldən münbit olduğundan meyvələri də dadlı-ləzzətli olur. Vaxtilə Ordubadda 40 növdə ərik yetişdirilib. Bu sahədə Dəstə, Vənənd və bir sıra kəndlər xüsusilə seçilib. Bu kəndlərdəki bağlarda öz dadı və ətri ilə seçilən əbutalibi, haqverdi, şalax, göycənabat, ağcanabat, badam-ərik, növrəstə, balyarım, kababı və digər ərik növləri yetişdirilib. Əbutalibi əriyi hələ 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb.