Müdriklik xəzinəsinin əvəzsiz incilərindən olan el sənəti nümunələri xalqımızın istək və arzularını özündə birləşdirir, yurdumuzun tarixindən, milli kimliyimizdən soraq verir, dünənimizdən bu günümüzə söz açır. Belə sənət nümunələrindən biri olan zərgərlik də zəngin ənənəyə malikdir.
Metalişləmə sənətinin başlıca sahələrindən olan zərgərliyin inkişafı yerli xammalın – qızıl, gümüş və digər əlvan metalların geniş istehsalı ilə bağlı olub. Tədqiqatçılar Azərbaycan zərgərlik sənətinin ilk mərhələsi kimi Naxçıvan Muxtar Respublikasının Kültəpə yaşayış məntəqəsindən və Gəncəçay vadisindən tapılmış bəzək nümunələrini göstərirlər.
Qədim diyarımızda zərgərliklə bağlı ilkin arxeoloji materiallardan aydın olur ki, bu sahə Eneolit dövründə (eramızdan əvvəl VI-V minillik) yaranmağa başlayıb. Belə ki, həmin dövrdən başlayaraq cəmiyyət həyatında əkinçiliyin, maldarlığın intensiv inkişaf etməsi nəticəsində Naxçıvanda da ilkin sənətkarlıq vərdişləri formalaşıb. Erkən Tunc dövründə metalişləmənin inkişafı zərgərliyə də təsir edib, sənətkarlar tuncdan üzük, bilərzik və digər bəzək əşyaları düzəldiblər. Sonralar sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində zərgərlik daha da inkişaf edib, belə əşyaların çeşid və keyfiyyəti artıb. Qızılburun, Şahtaxtı, Çalxanqala, II Kültəpə abidələrindən tapılan Orta Tunc dövrünə aid müxtəlifformalı bilərziklər, halqalar, sırğalar, muncuqlar və digər bəzək əşyaları da bunu sübut edir.
Arxeoloji materiallardan məlum olur ki, Naxçıvanın zərgərlik məhsulları içərisində bəzək əşyaları: baş bəzəkləri – alınlıq, saç boruları, sırğalar, sinə və ya boyun bəzəkləri – asmalar, boyunbağılar və digərləri, geyim bəzəkləri – düymələr, sancaqlar, piləklər, qol bəzəkləri – üzük, bilərzik və başqaları, ayaq bəzəkləri – halqalar olmaqla bir neçə qrupa bölünür. Onlar dentalium, sprea, konustipli dəniz heyvanlarının qabığından, tuncdan və dəmirdən silindrik, diskşəkilli, şarbiçimli, xırda doğranmış formalarda düzəldilib. O dövrün bəzək əşyalarında həndəsi ornamentlərlə yanaşı, zoomorf ornamentlərdən, müəyyən süjetli rəsmlərdən də istifadə edilib.
Tarixi mənbələrə əsasən Naxçıvanda zərgərlik orta əsrlərdən məktəb kimi formalaşıb. Zərgərlik məhsullarının düzəldilməsində kəsmə, xatəmkarlıq, fleqran, basma, qravüra, tökmə, döymə üsullarından istifadə olunub. Bu dövrdə Naxçıvan zərgərlik məktəbində minasazlıq üsulunun ən çətin və maraqlı sahələrindən biri olan pərdəli mina geniş yayılıb. Xüsusilə həmin dövrdə xəncər, qılınc və müxtəlif bədii sənət nümunələrinin üzərləri bəzək əşyaları ilə bəzədilib. Naxçıvan zərgərləri tərəfindən düzəldilmiş yerli zərgərlik məktəbinə məxsus bəzək əşyalarından bir qrupunun (qarabatdaq, çəçik, silsilə, sərmə, gərdənbağı, sinəbənd, gərdənbənd) şöhrəti dillər əzbəri olub, öz gözəlliyi ilə dünyada tanınıb.
Maraqlı cəhətlərdən biri əcdadlarımız tərəfindən düzəldilən zərgərlik nümunələri üzərində bəzək ünsürlərindən beş, altı, səkkiz və onguşəli, ortasında yaqut və ya firuzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilməsidir.
Naxçıvanlı zərgərlər kəmər, düymə, qolbaq və sair kimi nümunələrin hazırlanmasında basma üsulundan da istifadə ediblər. Bu üsulla zinət əşyaları, ev avadanlıqları və silahlar bəzədilib.
Zərgərlik məmulatlarının hazırlanmasında istifadə edilən üsullardan biri şəbəkə üsuludur. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Bu üsuldan qızıl və gümüş tellərlə zərgərlik əşyasının özünü hazırlamaq və qızıl və gümüş tellərlə zərgərlik əşyasının üzərini bəzəmək məqsədilə istifadə edilib.
Daha bir üsul isə xatəmkarlıqdır. Xəncər, qılınc və müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəyən Naxçıvan zərgərləri istənilən cismi üzdən yüngülcə deşib, sonra bu deşikləri qızıl, gümüş və başqa rəngli metal ərintisi ilə doldurublar. Bununla da cismin üstü hamarlanmış və müvafiq rəsmin əsasında düzülmüş rəngli, qiymətli metallar gözəl bir mozaika təsiri bağışlayıb.
Naxçıvanda zaman-zaman yaşadılan zərgərlik sənəti nümunələri texniki cəhətləri, bədii xüsusiyyətləri və məzmunu ilə də diqqət çəkib. Zərgərlik məmulatlarının bədii xüsusiyyətləri və məzmunu onun ornamentindən asılı olub. Ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər, həm də onun məzmununun üzə çıxarılmasına xidmət edir. Məsələn, dekorativ-tətbiqi sənətin müxtəlif sahələri üzrə hazırlanan bəzi nümunələr üzərindəki aypara rəsmi qədim insanların dini təsəvvürləri ilə əlaqədar olduğu üçün xalq sənəti nümunələrində, o cümlədən qadın bəzək əşyası olan boğazaltıda daha çox istifadə edilib.
Zərgərlik məmulatlarına bəzək verən həmin ornament sonralar İslamın rəmzinə çevrilib. Zərgərlik məmulatları üzərində həkk edilən emblem mahiyyətli təsvirlərdən biri quş təsvirləridir. Dekorativ-tətbiqi sənətdə istifadə edilən belə təsvirlər içərisində əsas yeri məhəbbəti təmsil edən bülbüllə yanaşı, tovuzquşu da tutur. Bir çox yazılı mənbələrdə tovuzquşu ilə bəzədilmiş və dövrümüzə qədər gəlib çatmış toxuculuq sənətinin hələ lap keçmişdə tətbiq olunduğu qeyd edilir. Sonralar məlum olub ki, tovuzquşu həm də türk xalqları arasında Günəş və od tanrısı kimi emblem və rəmzi məna daşıyır.
Zərgərlik sənəti sonrakı dövrlərdə də öz inkişafını davam etdirib, tarixin bütün mərhələlərində müəyyən dəyişikliyə uğrayıb və zənginləşib. Bu, özünü daha çox zinət əşyalarının formalarında və bəzəklərin müxtəlifliyində büruzə verib.
Bir sözlə, zərgərlik Azərbaycan xalqının ən qədim el sənətlərindəndir. Bu gün muxtar respublikada dekorativ-tətbiqi sənətin əsas növlərindən biri olan zərgərliyi, eləcə də digər xalq sənəti nümunələrini qoruyub yaşatmaq, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onları təbliğ etmək hər birimizin borcudur.
Güntac ŞAHMƏMMƏDLİ